PDF Oxu

Sosial

  • 14

Qarın gətirdiyi fəsadlar

Qarın gətirdiyi fəsadlar

Şaxtalı-qarlı hava paytaxt Bakını öz ağ örpəyi altına alıb. Bir yanda uşaqların sevincini eşidirik, digər bir yanda şaxtanın özü ilə gətirdiyi problemləri dilə gətirən insanların fikirlərini. Təbii ki, qarın öz gözəllikləri var. Ancaq müəyyən çətinlikləri də istisna deyil. Belə ki, qış aylarında, xüsusilə qarlı havalarda əhalinin ən çox istifadə etdiyi enerji resursları mavi yanacaq və elektrikdir. Ona görə də bunların hər hansı birində problem yaranarsa, heç də xoşagəlməyən hallarla qarşı-qarşıya qalmalı oluruq. Düzdür, ölkədə aidiyyatı qurumlar qışa hazırlıq prosesinə bir neçə ay öncədən hazırlaşıblar və lazımi tədbirlər görüblər. Lakin hazırlıqlara rəğmən, bir sıra problemlər yaşanr ki, bu da haqlı olaraq insanların narazılığna səbəb olur. Şaxtalı, yağışlı və qarlı qış aylarında ölkədə yaranacaq hər hansı problemin qarşısının öncədən necə alınması, o cümlədən də hazırda aidiyyatı qurumların hansı tədbirləri həyata keçirdikləri ilə əlaqədar dövlət orqanları ilə əlaqə saxladıq. SİA həmin açıqlamaları oxucularına təqdim edir.

"Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev bildirib ki, hava şəraiti ilə əlaqədar əhali mavi yanacağın təminatı ilə bağlı heç bir problem yaşamır: "Azəriqaz" İstehsalat Birliyi istehlakçıları mavi yanacaqla etibarlı, təhlükəsiz təsis etmək üçün abonentlərin mavi yanacaqdan istifadə qaydalarına dair təlimatlandırılmasına xüsusi diqqət yetirir. Görülən işlərin nəticəsidir ki, bu gün havaların soyuq və şaxtalı keçməsinə baxmayaraq qaz təsərrüfatında hər hansı məhdudiyyət yoxdur".

Qurum sözçüsü onu da bildirib ki, hər hansı bir ərazidə qəza baş verdiyi an birliyin təmir-tikinti idarəsinin işçi heyəti lazımi tədbirlər görərək, qısa müddətdə qəzanı aradan qaldırmağa çalışırlar: "Bu gün Nərimanov rayonu ərazisində minik avtomobili diametri 159 millimetrlik qaz xəttini sındırmışdı ki, hadisənin aradan qaldırılmasına əməkdaşlarımız cəlb olunublar. Qəzanın baş verməsinə baxmayaraq, həmin ərazidə qazın verlişində heç bir məhdudiyyət olmayıb. Alternativ xəttdən istifadə edilərək əhali təbii qazla təmin edilib. Tez bir zamanda qəza aradan qaldırılacaq. Bilirsiniz ki, havaların şaxtalı keçdiyi dönəmdə təbii qaza olan tələbat artır. Bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusi diqqətli olmağa və təhlükəsizlik qaydalarına əməl etmələrini xahiş edirik".

"Ölkə ərazisində mövcud olan qeyri-sabit hava şəraiti ilə əlaqədar "Azəryolservis" ASC gücləndirilmiş iş rejiminə keçib". Bu fikirləri "Azəryolservis"in mətbuat katibliyinin rəisi Anar Nəcəfli deyib.

O, qeyd edib ki, respublika avtomobil yollarının qar və buzdan təmizlənməsi üçün 689 ədəd, Bakı şəhərinin yollarına xidmət göstərmək üçün isə 382 ədəd texnika və maşın-mexanizm cəlb olunub: "Gecə boyu və səhər saatlarında yolların qardan təmizlənməsi, buzlaşmış ərazilərə duz və qumun səpilməsi istiqamətində işlər dayanmadan aparılıb. Aparılmış işlər nəticəsində nəqliyyatın hərəkətində hər hansı bir fasilə baş verməyib. Hazırda da Bakı şəhərinin küçə və prospektlərində, kənd və qəsəbələrə gedən avtomobil yollarında nəqliyyatın hərəkətində heç bir problem yaşanmır. Nəqliyyatın hərəkətinin fasiləsiz təmin olunması üçün işlər davam etdirilir. Bunun üçün kifayət qədər duz və qum ehtiyyatı var".

A.Nəcəfli bildirib ki, respublikanın avtomobil yollarında da nəqliyyatın hərəkətində hər hansı ciddi bir problem yaşanmır. Vurğulayıb ki, respublika əhəmiyyətli bütün avtomobil yollarında nəqliyyatın fasiləsiz hərəkəti təmin olunub: "Qarın dayanmadan yağması və güclü şaxtanın olması ucqar dağ kəndlərinə gedən yollarda nəqliyyatın hərəkətində müəyyən qədər problemlər yaradıb. Qeyd edib ki, həmin yolların da qardan və buzdan təmizlənməsi istiqamətində fasiləsiz olaraq işlər aparılır."

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev qeyd edib ki, şaxtalı hava şəraiti ilə əlaqədar Bakı Metropoliteni yanvar ayının 25-dən etibarən gücləndirilmiş iş rejiminə keçib: "Stansiyaların giriş-çıxışları tam nəzarətdədir və bütün lazımi avadanlıqlar, ləvazimatlar var. Eyni zamanda insanların sürüşüb yıxılmaması üçün stansiyaların giriş-çıxışlarında yerlərin buzlardan təmizlənməsi prosesi gedir. Metropolitenin yeganə yerüstü stansiyası olan "Depo"-"Bakmil" yolunda da qardan təmizləmə işləri davamlı həyata keçirilir. Qatarların depoya girişi və ordan çıxışında problem yaranmaması üçün yollar təmizlənir".

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin kollektivləri qış mövsümü ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçiblər". Bu barədə SİA-ya qurumun mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

Nadir Əzməmmədov bildirib ki, sərnişinlərin və hərəkət tərkiblərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər reallaşdırılır: "İnfrastruktur Departamentinin kollektivi tərəfindən dəmir yolunun üç quruluşu elementlərinə - yəni rels bərkidicilərinə, relslər arasındakı məsamələrə, siqnal və enerji təchizatı sistemlərinə gün ərzində bir neçə dəfə baxış keçirilir. Sərnişin Daşımaları Departamenti də bir sıra vacib məqamlara diqqəti artırıb. Belə ki, reysə çıxmazdan əvvəl sərnişin vaqonlarının, eləcə də sərnişin vağzallarında istilik sisteminin normal işləməsi diqqətdə saxlanılır. Şaxtalı hava şəraitinə baxmayaraq, qrafikə əsasən, beynəlxalq və yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarının mənzil başına vaxtında çatması təmin olunur".

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, havanın qarlı-şaxtalı və qeyri-sabit olması yollarda sürüşmə və qəzaların başvermə ehtimalını artırır: "Yol polisi bunu nəzərə alaraq, sürücüləri ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyə çağırır. Şəxsi avtomobillərdən istifadə edən sürücülər mövsümi şinlərdən, zəncirlə təchiz olunmuş təkərlərdən və texniki cəhətdən tam saz olan avtomobillərdən istifadə etməlidirlər. Onlar sürət həddini seçərkən hava şəraitini və yolun vəziyyətini nəzərə almalı, xüsusilə enişli-yoxuşlu yollarda diqqətli olmalı, əyləc sistemindən mümkün qədər az istifadə etsələr məqsədəuyğun olar. Avtomobili hərəkətə gətirərkən, sürəti artırıb-azaldarkən sürət qutusunun köməyindən, eləcə də yaxın vuran işıqlardan istifadə edilməli, hava şəraitindən asılı olmayaraq, dövlət nömrə nişanlarının təmiz saxlanması və onların aydın şəkildə görünməsi təmin olunmalı, işıq cihazlarının görünməsi təmin edilməlidir. Yollarda sürüşmə ehtimalı nəzərə alınaraq piyadalardan xahiş edirik ki, yolların hərəkət hissəsinə çıxmasınlar, onlar üçün nəzərdə tutulmuş yerlərdən keçsinlər, səkilərlə, yeraltı və yerüstü keçidlərlə hərəkət etsinlər, valideynlər azyaşlı uşaqların qapalı şəraitdə olmasına diqqət yetirsinlər".

Təhsil Nazirliyinin mətbuat xidməti şaxtalı hava şəraiti ilə əlaqədar məktəblərdə tədris prosesinin pozulması hallarına yol verilməməsi üçün görülən tədbirlər barədə SİA-ya verdiyi açıqlamasında bildirilib ki, məktəblərdə tədris prosesinin pozulması hallarına yol verilməməsi yerli təhsili idarəetmə orqanlarının, eləcə də yerli icra nümayəndəliklərinin diqqətindədir: "Lakin dağlıq ərazilərdə yerləşən rayonların bir sıra kəndlərində qarın normadan artıq yağması ilə əlaqədar yollarda maneələrin yaranması, yolların buz bağlaması, güclü külək, eləcə də elektrik təminatında yaranmış fasilələr məktəblərdə davamiyyətə mənfi təsir edir. Əksər dağlıq ərazilərdə qarın hündürlüyünün 50-60 sm-ə çatması, hava şəraitinin pisləşməsi nəticəsində, bəzi dağlıq və dağətəyi rayonların yüksək dağ kəndlərində şagirdlərin dərsə davamiyyəti nisbətən aşağı düşüb".

Göründüyü kimi, problemlər az deyil və dövlətin bu istiqamətdə fəaliyyət göstərən strukturları da bu kimi halların qarşısını almaqdan ötrü tədbirlərini gücləndirib. Necə deyərlər, insanların bu qışdan da rahatlıqla çıxması üçün hər nə lazımdırsa edirlər. Biz də inanmaq istərdik ki, bəzi problemlərin yaranması müvəqqətidir və onların dərhal həll edilməsi üçün vacib olan bütün addımlar atılacaq.

İntizarə Məmmədova

Digər xəbərlər