İlham Əliyev: "Bizim ordumuz böyük nailiyyətlərə çatıb"
Ordusuz bir dövlətin, ölkənin mövcudluğu mümkün deyil. Ordu hər bir ölkənin ərazi bütövlüyünün, suverenliyinin və müstəqilliyinin təminatçısıdır. "Hər bir dövlətin ordusu onun əsas sütunlarından biridir. Deyə bilərəm ki, bəlkə də, onurğa sütunudur. Ordu tarixən həmişə dövlət üçün, xalq, millət üçün ən əziz anlayış olmuşdur. Bu, indi müstəqil Azərbaycan dövlətində də belədir". Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 83 illiyinə həsr olunmuş mərasimdə 2001-ci ilin 25 iyununda söylədiyi fikirlər bu gün artıq bir şüara çevrilib.
Son illərdə ordu quruculuğu istiqamətində görülən işlər Azərbaycanda mütəşəkkil, güclü, qüdrətli ordu, silahlı qüvvələr yaratmağa imkan verib. Azərbaycan Prezidenti İlham Əliyev ötən il də ordu quruculuğu istiqamətində böyük işlərin, ordumuzun gücləndirilməsi üçün böyük tədbirlərin görüldüyünü, böyük sayda texnika, silah-sursat alındığını, infrastrukturun yaradıldığını bildirib.
Azərbaycanın ötənilki hərbi xərcləri Ermənistanın hərbi xərcləri ilə müqayisədə 10 dəfədən də artıqdır
Azərbaycan ötən 11 il ərzində hərbi xərclərini sürətlə artırıb və Prezident İlham Əliyevin müəyyən etdiyi hədəfə - Ermənistanın bütün dövlət büdcəsinin həcmini aşıb keçməyə çoxdan çatıb. Belə ki, Azərbaycanın ötən il hərbi xərcləri dollar ekvivalentində təqribən 5 milyard dollar təşkil edib ki, bu da hərbi xərclərin növbəti dəfə rekord həcmdə artımı deməkdir. Hazırda Ermənistanın dövlət büdcəsinin bütün xərcləri cəmi 3 milyard 73 milyon dollar (2014-cü il üçün) təşkil edir ki, bu da Azərbaycanın gələnilki hərbi büdcəsindən təxminən 2 milyard dollar azdır. Ermənistanın hərbi xərcləri isə, ümumiyyətlə Azərbaycanın hərbi xərcləri ilə müqayisədə olduqca cüzi görünür - cəmi 472 milyon dollar.
Başqa sözlə, Azərbaycanın ötənilki hərbi xərcləri Ermənistanın hərbi xərcləri ilə müqayisədə 10 dəfədən də artıqdır.
Digər mühüm məqam budur ki, dünya bazarlarında neftin qiymətinin kəskin surətdə aşağı düşməsi də Azərbaycan dövlətini hərbi xərclərini kəskin surətdə artırmaqdan çəkindirməyib. Bu da əraziləri işğal altında olan ölkənin rəhbərliyi üçün silahlı qüvvələrin daha da gücləndirilməsinin əsas prioritet kimi qaldığını göstərir. Azərbaycan sonuncu dəfə hərbi xərclərdə bu cür kəskin artımı iki il əvvəl edib və həmin il müdafiə xərclərində birdən-birə 30 faizə qədər artım olmuşdu.
Bu baxımdan, Azərbaycanın hərbi xərclərinin cari ildə artması Ermənistanda ciddi narahatlıq doğurmaya bilməz.
"Azərbaycan maraqları üzərində qurulan siyasət uğurludur, güclüdür və heç bir qüvvə bu siyasətə təsir edə bilməz"
Prezident İlham Əliyev çıxışlarında xarici siyasətimizin əsas prioriteti olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli olduğunu dəfələrlə vurğulamışdır. Ötən ildə də bu istiqamətdə heç bir irəliləyişin olmadığını qeyd edən dövlət başçısı bunun səbəbini də açıqlamışdır: "Əfsuslar olsun ki, 2015-ci ildə bu istiqamətdə heç bir irəliləyiş olmamışdır. Bunun da səbəbi xalq üçün aydındır. Ermənistan sülh istəmir. Münaqişəni uzatmaq istəyirlər, vaxt udmaq istəyirlər. Danışıqlarda özlərini qeyri-səmimi aparırlar və müxtəlif bəhanələrlə çalışırlar ki, bu danışıqlar prosesi daim davam etsin. Bizim siyasətimiz bundan ibarətdir ki, bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. İşğalçılar işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır və Azərbaycan vətəndaşları doğma torpaqlara qayıtmalıdırlar. Münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə göstərilir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılmalıdır. Bu qətnamələr münaqişənin həlli üçün əsas sənəddir və bu məsələ məhz bu çərçivədə öz həllini tapmalıdır. Azərbaycan heç vaxt imkan verməyəcək ki, bizim torpağımızda ikinci süni erməni dövləti yaransın. Dağlıq Qarabağın müstəqilliyini heç vaxt heç kim qəbul etməyəcək. Biz çalışacağıq ki, həm siyasi, diplomatik, həm iqtisadi və digər vasitələrlə ərazi bütövlüyümüzü bərpa edək. Haqq-ədalət bizim tərəfimizdədir, siyasi və iqtisadi güc bizim mövqeyimizi dəstəkləyir, gücləndirir. Əminəm ki, biz istədiyimizə nail olacağıq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir. Buna nail olmaq üçün, əlbəttə ki, diplomatik səylərlə yanaşı, güclü hərbi potensial olmalıdır və biz bunu yaradırıq. Artıq Azərbaycan xalqı da görür ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır".
"Hazırda biz öz gücümüzü artırırıq və eyni zamanda, danışıqlar prosesində iştirak edirik. Mən tam əminəm ki, ordumuz nə qədər güclü olsa, danışıqlar prosesində mövqeyimiz o qədər güclənər" söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu amillər nəticəsində biz istəyimizə nail olacağıq, ədaləti, Azərbaycanın suverenliyini bərpa edəcəyik.
A.SƏMƏDOVA