PDF Oxu

Sosial

  • 22

Gənclər Azərbaycanı ağır duruma salanları tanımalıdırlar

Gənclər Azərbaycanı ağır duruma salanları tanımalıdırlar

İlham Əliyev: "AXC-Müsavat hakimiyyəti böyük biabırçılıq idi"

XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan xalqı ağır sınaqlar qarşısında idi. O qədər ağır və çətin bir dövr başlamışdı ki, yenicə müstəqil elan olunmuş dövlət (1991-ci il 18 oktyabr) yenidən öz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə dayanmışdı. Xarici düşmənlərin ardı-arası kəsilməyən müdaxilələri, düşmənərimiz tərəfindən torpaqlarımıza olan silahlı hücumlar, Ermənistanın işğalçılıq siyasəti ilə yanaşı, daxili düşmənlərimiz, daha dəqiq desək, sapı özümüzdən olan baltalar da düşmən dəyirmanına su tökməklə məşğul idilər. Təsadüfi deyil ki, 1992-1993-cü illərdə tarixi Azərbaycan torpaqları məhz AXC-Müsavat hakimiyyəti dövründə ermənilər tərəfindən işğal olundu. Azərbaycan dövlət büdcəsi talan edildi, "Cəvahir" Fondu Türkiyəyə, digər xarici dövlətlərə daşındı. Həmin "Cəvahir" Fondu ki, Azərbaycanın nişanlı qızları, qadınları öz üzüklərini, qızıllarını Qarabağa kömək məqsədilə bu fonda bağışlamışdılar. Necə deyərlər, nişanlı qızların üzüklərini də oğurlayıb Azərbaycandan xaricə daşıdılar. Bu qızıllar hesabına bu gün də xoş, firəvan həyat sürən, şirkətlər yaradıb milyardlar qazanan insanlar var. Ölkədə silah gəzdirmək adi hala çevrilmişdi. Biz 1992-ci ildə iki qonşu arasında baş verən silahlı insidenti xatırlatsaq, bəs edər. Belə ki, iki qonşu arasında baş verən insident zamanı günahkarların bir qismi həbs olundu, bir qismi qaçıb gizləndi. Məsələ Azərbaycanın daxili işlər naziri İsgəndər Həmidova məruzə olunur və o, hadisə yerinə gedir. Silahını belindən çıxarıb göyə atəş açır, hər iki ailəni təhqir edərək gedir. Təkcə bu hadisə ölkədəki daxili sabitliyin hansı səviyyədə olduğunu əyani surətdə sübut edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı il yanvarın 30-da Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə 90-cı illərin əvvəllərində AXC-Müsavat hakimiyyəti dövründə Azərbaycandakı vəziyyəti belə dəyərləndirmişdir: "Müstəqilliyimizin ilk illərində problemlərimizdən biri də hakimiyyətdə olan adamların təcrübəsizliyi, bəzi hallarda xəyanəti olmuşdur. Azərbaycan Xalq Cəbhəsi-Müsavat hakimiyyəti xalqımız üçün böyük bəla, böyük biabırçılıq idi. Birincisi, 1992-ci ildə onlar hakimiyyəti qanunsuz yollarla zəbt etmişdilər. O vaxt Dağlıq Qarabağda qanlı döyüşlər gedirdi. Ancaq onların əsas məqsədi, nəyin bahasına olursa-olsun, hakimiyyətə gəlmək idi. Hətta bəziləri sevinirdilər ki, Şuşa, Laçın işğal altına düşüb və bu, tezliklə əvvəlki hakimiyyətin yıxılmasına gətirib çıxaracaqdır. O vaxtkı tarix çox acınacaqlıdır, çox ağırdır, o, tariximizin qara səhifələridir. Hakimiyyəti zəbt edəndən sonra onlar Azərbaycanı, faktiki olaraq uçurum kənarına qoymuşdular".

AXC-Müsavat hakimiyyəti dövründə dövlət idarəçiliyində heç bir təcrübəsi olmayan, ali təhsilsiz adamların strateji vəzifələrə təyin olunması adi hala çevrilmişdi. 23 yaşlı heç bir iş təcrübəsi olmayan orta məktəb müəllimi icra başçısı postuna təyin olunurdu. Dövlət büdcəsinə nəzarət etməli olan şəxslər bazarlarda xırda ticarətlə məşğul olan adamlar idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı il yanvarın 30-da Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə Azərbaycan Xalq Cəbhəsi-Müsavat hakimiyyəti dövründə hökumətə başçılıq edən nazirləri də sərt tənqid edib: "Birincisi, əgər o vaxt Azərbaycana rəhbərlik edənlərin şəxsiyyətlərinə nəzər salsaq, heç bir şərhsiz görərik ki, bu adamlar nəinki ölkəni, bir kolxozu da idarə edə bilməzlər. İndi gənclər təbii ki, bu tarixi, əlbəttə bilə bilməzlər. Amma baxın, kimlər Azərbaycanı idarə etmişlər. Parlamentin sədri kiçik elmi işçi idi, 11 il ərzində kiçik bir dissertasiyanı müdafiə edə bilməmişdir. Baş nazir, yumşaq desək, ticarətlə məşğul idi, kiçik ticarətlə, özü də o ticarət mövsümi xarakter daşıyır. Dövlət katibi komsomolçu idi - sonradan flyuger kimi əqidəsini dəyişmiş və xalq hərəkatına qoşulmuş birisi. Ondan sonrakı dövrdə də bir neçə dəfə əqidəsini dəyişmişdi. Hətta 1990-cı illərin ortalarında hakimiyyətlə sıx əlaqədə olaraq parlamentdə də təmsil olunurdu. Ancaq silahdaşları, yoldaşları onu yaxşı tanıyırlar. Ağır vaxtda öz liderinə xəyanət etmiş insan, əlbəttə ki, yüksək keyfiyyətlərə malik ola bilməz. Müdafiə nazirinin Şuşanın ermənilərə verilməsində, bilavasitə əli və günahı var. Daxili işlər naziri canlı efirdə bir müxalifət nümayəndəsini döymüşdü. Görün, hüquq-mühafizə orqanının yüksək vəzifəli şəxsi veriliş gedə-gedə nə isə onun xoşuna gəlməyib, gedib studiyaya onu xalq qarşısında döymüşdü və buna görə heç bir məsuliyyət daşımamışdı. Xarici işlər naziri Fizika İnstitutunun kiçik elmi işçisi idi və belə önəmli vəzifəyə irəli sürülmüşdü. Heç bir xarici dil bilməyən, hətta rus dilində düz-əməlli danışa bilməyən, yəni yumşaq desək, statusuna adekvat olmayan bir adam idi. Yəni budur, Azərbaycan Xalq Cəbhəsi-Müsavat hakimiyyətinin öndə gedənləri. Bu adamlar ölkəni necə idarə edə bilərdilər?! Hakimiyyətə gələndən sonra dərhal onlar bir-biri ilə mübarizəyə başlamışlar. Bu mübarizə və eyni zamanda, xalq tərəfindən onlara olan inamsızlıq, mənfi münasibət nəticəsində cəmi 1 il hakimiyyətdə qala bilmişlər. Ondan sonra onlar üçün vəziyyət gərginləşəndə - 1993-cü ilin yaz-yay aylarında onlar bütün vəzifələrdən gedərək bəziləri ölkəni tərk etmiş, qaçıb gizlənmiş və onların dırnaqarası cəsarəti artıq aradan getmişdir".

Prezident İlham Əliyev gənclərlə görüşündə Ulu Öndər Heydər Əliyevin belə bir ağır şəraitdə Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etməsindən danışıb: "Bax, bu ağır vəziyyətdə - 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlmişdi və xalqın dəstəyi, inamı hesabına vəziyyət sabitliyə doğru getməyə başlamışdı. Amma vəziyyət 1996-cı ilə qədər yenə də çox gərgin idi. 1994-cü il sentyabrın 20-də "Əsrin kontraktı" imzalanmışdı və bu gün də bizim inkişafımızın uğurlu olmasında çox mühüm rol oynayır. Bu, çox ciddi bir siyasi və iqtisadi addım idi. Bu, bəzi xarici ölkələri çox narahat etmişdir və iki həftə keçmədən Azərbaycanda dövlət çevrilişinə cəhd göstərilmişdi. Əlbəttə, Azərbaycan xalqı imkan vermədi ki, bu, baş tutsun. Amma bu, xalqımıza, dövlətimizə qarşı çox ciddi bir hərbi əməliyyat idi. 1995-ci ildə artıq digər qruplaşma - xarici oriyentasiyadan olan qruplaşma yenə də dövlət çevrilişinə cəhd göstərmişdi. O cəhd də yatırıldı. Yenə də xalq küçələrə, meydanlara çıxıb hakimiyyəti, Heydər Əliyevi müdafiə etmişdir. 1996-cı il artıq sabitləşmə ili kimi tarixdə qalır. Təsadüfi deyil ki, 1996-cı ilin əvvəlində Gənclər Forumu keçirilmişdir. Mən bu tarixə nəyə görə qayıdıram? Çünki birincisi, bu, həqiqətdir. Dediyim sözlər və xüsusilə verdiyim qiymətlər ən diplomatik və yumşaq qiymətlərdir. Gənclər bunu bilməlidirlər ki, biz hansı vəziyyətdən çıxıb, hansı vəziyyətə gəlib çıxmışıq. Digər tərəfdən, əgər bu tarixi yaddan çıxarsaq, onda biz öz gələcək planlarımızı düzgün qura bilməyəcəyik".

Samir

Digər xəbərlər