Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2015-ci il ərzində əmək hüquqlarının təminatı, aktiv məşğulluq tədbirlərinin təşkili, sosial təminat sisteminin gücləndirilməsi, tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində görülən işlərin, fəaliyyət sahələrinin müasir və şəffaf mexanizmlər əsasında qurulması üçün həyata keçirilən islahat tədbirlərinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
İclası giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dünyada iqtisadi böhranın kəskinləşdiyi 2015-ci ildə Azərbaycanda makroiqtisadi sabitliyin qorunub saxlandığını vurğulayıb: "Azərbaycan Prezidenti Cənab İlham Əliyevin uğurlu islahatlar kursu dünyada və regionda yaşanan iqtisadi tənəzzülün milli iqtisadiyyata mənfi təsirlərinin minimallaşdırılmasına, hətta ölkədə ümumdaxili məhsulun həcminin 1,1 faiz artmasına, o cümlədən qeyri-neft sənayesində 8,4 faiz artıma şərait yaradıb. Bu dövrdə mühüm uğurlar kimi, 84 mini daimi olan 100 mindən çox yeni iş yerinin açılmasına, əhalinin gəlirlərinin 5,7 faiz, adambaşına gəlirlərin 4,5 faiz, orta aylıq əmək haqqının 4,5 faiz çoxalmasına, bütün sosial proqramların uğurla davam etdirilməsinə nail olunub. Neftin qiymətinin kəskin şəkildə ucuzlaşması səbəbindən dövlət büdcəsi gəlirlərinin azalmasına baxmayaraq, büdcədən sosialyönümlü xərclər üçün ayrılan vəsait əvvəlki illə müqayisədə 5 faiz artıb".
Nazir bildirib ki, ötən il, həmçinin 463932 nəfərə aylıq və birdəfəlik sosial müavinət, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3005 nəfər və ya 5,8 faiz çox, yəni 54 623 nəfərə Prezident təqaüdü ödənilib. Dövlət başçısının cari ilin yanvar ayında imzaladığı fərman və sərəncamlarla sosial müavinət və təqaüdlərin məbləği cari il fevralın 1-dən 10 faiz artırılıb ki, bu da sosial cəhətdən həssas qruplara dövlət qayğısının daim artmaqda olduğunu, mövcud iqtisadi şəraitdə də onların sosial müdafiəsinin diqqətdə saxlandığını göstərir.
Hesabat dövründə 29 min nəfər işsiz və işaxtaran vətəndaşın münasib iş yerləri, 4117 nəfər şəxsin müvəqqəti xarakterli işlərlə təmin olunduğunu qeyd edən S.Müslümov 1626 nəfərin haqqı ödənilən ictimai işlərə, 2014-cü illə müqayisədə 9,5 faiz çox, yəni 4147 nəfərin peşə hazırlığına cəlb olunduğunu, 114,5 mindən çox gəncə peşəyönümlü məsləhətlərin verildiyini bildirib: "Azərbaycan Prezidenti Cənab İlham Əliyevin tapşırığına əsasən, hazırda nazirlik tərəfindən işsiz və işaxtaran şəxslərin iş yerləri ilə təminatı məqsədilə dövlət və qeyri-dövlət şirkətləri ilə birgə mühüm işlər aparılır. Müsbət haldır ki, bu məsələ ilə bağlı işəgötürənlərdə sosial məsuliyyət hissi xeyli artıb və son günlərdə işəgötürənlər tərəfindən nazirliyə çoxsaylı boş (vakant) iş yerləri barədə məlumatlar daxil olur. Bu iş yerlərində iş üçün müraciət edən vətəndaşların məşğulluğu təmin edilir. Biz artıq əmək yarmarkalarına da başlamışıq və bu tədbirlər bütün rayon və şəhərlərdə təşkil olunacaq. Ümumilikdə il ərzində işəgötürənlərlə fəal əməkdaşlıq şəraitində aktiv məşğulluq tədbirləri xeyli gücləndiriləcək".
Kollegiya iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev, Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi İlqar Qurbanov, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə hesabat məruzəsi ilə çıxış ediblər.
Sonda görülən işlərin yekunları və qarşıda duran vəzifələr ətraflı müzakirə olunub.
Ü.ƏSGƏROV