PDF Oxu

Sosial

  • 20

"Arxalı köpək qurd basar"

"Arxalı köpək qurd basar"

Sarkisyan öz xalqını düçar etdiyi əsassız müharibənin bədəlini hələ çox ödəməli olacaq

Sosial problemlərin məngənəsində boğulan Ermənistanda etiraz aksiyaları səngimir. Fevralın 6-dan Sarkisyanın istefası tələbi ilə oturaq aksiya keçirən insanlar "Talana, yalana son qoy, Sarkisyan!" şüarı ilə çıxış edirlər. Etirazçılar bildirirlər ki, uzun zamandan bəri Ermənistanda davam edən aclıq, səfalət, insanlara qarşı təzyiq ölkədə vəziyyətin son həddə çatmasına səbəb olub.

Ölkədə yaranmış ağır durumla bağlı erməni ekspertləri bildirirlər ki, hər şeyin bir sonu olduğu kimi, Sarkisyanın da oyunbazlığının sonunun zamanı gəlir: "Sarkisyan min bir hiylə ilə hördüyü corabın toruna özü düşüb. Ölkə fəlakət durumundadır. Repressiv şərait, ağır sosial-iqtisadi durum üzündən ölkəni tərk edənlərin sayı sürətlə artır".

Ermənistanda yoxsulluq həddi 52 faizi keçib

Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə ölkə əhalisinin yarıdan çoxu kasıblıq həddində yaşayır: "2008-ci ildə yoxsulluq həddi 27,6 faiz olub, bu gün isə bu göstərici artıq 52 faizi keçib. 2014-cü ildə Ermənistanın 5 min 242 vətəndaşı 44 ölkədən siyasi sığınacaq istəyib. Son iki ildə isə Ermənistandan siyasi sığınacaq üçün 10 min vətəndaş xarici ölkələrə müraciət edib. Siyasi miqrasiya ilə yanaşı, Ermənistandan iqtisadi mühacirət də artıb. Son dönəmlərdə Ermənistandan mühacirət 4 min nəfər artaraq 47 minə çatıb. Bunun nəticəsidir ki, Ermənistanda bölgələrdə yaşayan əhalinin sayı sürətlə azalan istiqamətdə inkişaf edir. Dramın qiymətdən düşməsi ölkədə bahalaşma prosesini sürətləndirib. Bu gün işğalçı Ermənistanda vəziyyət çox acınacaqlıdır. İqtisadiyyat böhran içərisindədir. Xaricdən axan külli miqdarda yardımlar isə əvvəlki səviyyədə olmadığından əhalinin sosial durumu daha da ağırlaşıb. İstehsalat dayanıb, sənaye müəssisələri işləmir. Əmək haqları verilmir. Ermənistan əhalisi yoxsulluqdan kütləvi şəkildə ölkəni tərk edir. İşğalçı ölkədə ticarət dövriyəsinin azalması problemləri daha da dərinləşdirir. Ermənistan artıq hər ayı iqtisadi geriləmə ilə başa vurur. Son dövrlərdə ölkədə xarici ticarət dövriyyəsi 222,5 milyon dollara bərabər olub. Bu isə 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 51 faiz azdır".

Borc bataqlığı...

Serj Sarkisyanın iqtidarda olduğu dövr ərzində Ermənistanın xaricdən iqtisadi asılılığı birə-on qat artıb. Xarici borc isə həddən artıq çoxalıb və onu qaytarmaq üçün ölkə lazımi resurslara malik deyil. Ümumiyyətlə, Ermənistan formal müstəqilliyini əldə etdikdən indiyə qədər iqtisadi problemlərini həll edə bilməyib. Əvvəllər Rusiya və digər ölkələrin hesabına yaşayan Ermənistan indinin özündə də xaricdən asılı vəziyyətdədir. Xarici ianə və yardımların kəsiləcəyi təqdirdə, Ermənistanın daha böyük səfalətə sürüklənəcəyi şəksizdir. Əhalinin getdikcə dərinləşən sosial problemləri, işsizlik, xarici sərmayənin az olması, istehsalın yoxluğu vəziyyəti daha da ağırlaşdırır. Ölkənin istehsalı əsasən dağ-mədən və kimya sənayesi çərçivəsində olub ki, hazırda burada da ciddi tənəzzül hökm sürür. Bu sahələr əsasən Rusiya, İran şirkətlərinin nəzarətindədir və böyük əksəriyyətinin fəaliyyəti dayanıb. Real vəziyyət də nümayiş etdirir ki, ölkə iqtisadiyyatını böhrana sürükləyən Serj Sarkisyan iqtidarı vəziyyətdən çıxış üçün daha çox xarici ölkələrdən borc almağa üstünlük verir. Bunun üçün beynəlxalq təşkilatlardan, maliyyə qurumlarından böyük miqdarda borclar alınır. Amma maraqlısı odur ki, həmin borcların faiz ödənişlərini vermək üçün digər təşkilatlardan kreditlər götürülür və bu minvalla alınan borcla başqa borcun faizləri ödənilir. Amma ilkin və sonrakı borcların əsas məbləğləri ilə bağlı heç bir ödəniş olmadığından borclar daha da artır, faizlər böyüyür.

Təkcə son iki ayda hökumət müxtəlif maliyyə qurumlarından üst-üstə 450 milyon dollardan çox kredit alıb. Bununla da Ermənistanın ümumi xarici kredit borcu 5 milyard dollara çatıb. "Aykakan Jamanak" qəzeti yazır ki, hökumət alınan borclarla elektrik enerjisi, su təminatı, həmçinin xidmət sahələrində vəziyyətin yaxşılaşacağını desə də, reallıqda bunun əksi müşahidə olunur. Kommunal xidmətlər də durmadan bahalaşır. Elə bu da hökumətin sadəcə xalqı aldatdığını aydın göstərir. O da qeyd olunur ki, hökumət köhnə borcları ödəmək üçün yeni kreditlər götürür və bu da özü-özlüyündə Ermənistanın xaricdən asılılığını daha da artırır. Belə bir vaxtda dünyanı bürüməkdə olan yeni iqtisadi böhran Ermənistan iqtisadiyyatını daha sürətlə çökdürür. İlin sonunadək Ermənistan iqtisadiyyatında tənəzzülün 20 faizə qədər olması isə istisna olunmur. Ağır iqtisadi vəziyyət isə əhalinin əksəriyyətini yoxsulluğun son həddində yaşamağa gətirib çıxarmaqda, yaşayış səviyyəsi həddindən artıq ağırlaşmaqdadır. Enerji qiymətlərinin artması fonunda qarşıdan gələn qış ayları əhalinin həyat tərzinə ciddi təsir göstərəcək, yaşayış səviyyəsi daha da ağırlaşacaq.

Sosial-iqtisadi durum əhalinin köç etməsini sürətləndirir

Sosial-iqtisadi durumun ağırlığı, insanların sabaha olan ümidlərinin qırılması əhalinin kütləvi şəkildə ölkədən köç etməsini stimullaşdırır. Özü də gedənlər əsasən iş qabiliyyətli insanlardır. Əvvəlki kimi, Ermənistanı orta və cavan nəslin nümayəndələri tərk edir. Yerdə qalanlar isə yaşlı nəslin təmsilçiləridir və onlar dövlət büdcəsi üçün yük sayılır. Bütün bunların fonunda, təsadüfi deyil ki, Ermənistanın real əhalisi ilbəil azalmaqdadır. Çoxsaylı problemlər, ölkənin dünya standartları səviyyəsində istehsal imkanlarının olmaması, regional layihələrdən kənarda qalması Ermənistanın iqtisadi çöküşünü daha da sürətləndirir. Ermənistan əhalisinin sayı son 40 ildə əsaslı surətdə azalıb. Həmin ölkənin Milli Statistika Xidmətinin məlumatına görə, 2016-cı il yanvarın 1-nə ölkə əhalisinin sayı 2 milyon 998 min 600 nəfər olub. Qurumun hesabatında deyilir ki, 1977-ci ildə Ermənistan əhalisinin sayı 2,9 milyon nəfər olub. Sonrakı illərdə bu rəqəm bir qədər artsa da, 2015-ci ildə yenidən 40 il əvvəlki səviyyəyə enib. Əhalinin sayında son bir ildə 12 min, beş ildə 35 min, 1991-ci ildən bu günədək isə 634,7 min nəfər azalma qeydə alınıb. Ötən il bu ölkədə 41 min 815 uşaq dünyaya gəlib. Bu da 2014-cü illə müqayisədə 2,8 faiz azdır. Ölüm sayı isə 2015-ci ildə 27 min 835 nəfər və ya 0,4 faiz çox olub. Məlumatda, həmçinin bildirilir ki, 2015-ci ildə 17 min 603 ailə qurulub. Bu, 2014-cü illə müqayisədə 6,9 faiz azdır. Ötən il ərzində 3669 boşanma faktı qeydə alınıb.

Ekspertlərin fikrincə, əhalinin sayının azalmasına, əsasən, Ermənistanın başladığı müharibə, ölkədəki iqtisadi tənəzzül və əmək miqrasiyası səbəb olub.

Orduda böhran və demoqrafiya problemi böyüyür

Ölkənin müdafiə sahəsində də vəziyyəti getdikcə ağırlaşır. Yaşanan böhran silahlı qüvvələrə də öz təsirini göstərib. Ümumiyyətlə, buradakı durum erməni ordusunda qanunsuzluqların hökm sürdüyünü, korrupsiya və rüşvətxorluğun getdikcə daha geniş miqyas aldığını göstərir. Orduda ayrı-seçkilik və "dedovşina" hallarının mövcudluğu ölkə ictimaiyyəti tərəfindən narazılıqla qarşılansa da, bunun qarşısını almaq hələ də mümkün deyil. Demoqrafik durumun ağırlığı isə orduya çağırışla bağlı problem yaradır. Demoqraf Ruben Ovesyan bildirir ki, doğum səviyyəsi azalmaqda davam edir və bütün ehtimallarda bu tendensiya yaxın illərdə də davam edəcək: "Səbəb ondadır ki, reproduktiv yaş indi 1990-cı illərin nəsli hesab olunur. Bu nəsildə olanlar isə öz sələflərinə görə azdırlar. Artıq ölüm tempi də sürətlənib. Bu isə onunla əlaqədardır ki, bizim nəslin arasında yaşlı insanların sayı daima artır. İqtisadi problemlər üzündən vəziyyət daha da pisləşəcək".

Bütün bu problemləri həll etmək əvəzinə isə, Serj Sarkisyan iqtidarı konstitusiya islahatları vasitəsilə daha çox hakimiyyətdə qalmaq istəyir. Belə vəziyyət, öz növbəsində, bütün sahələr üzrə Ermənistanda vəziyyəti gərginləşdirir və qarşıdakı ildə də qarşıdurmanı dərinləşdirir.

Ermənistanda korrupsiya halları çoxalıb

Ermənistanda korrupsiya halları çoxalıb. Hökümət isə bu sahədə problemin aradan qaldırılması istiqamətində heç bir addım atmır. "Lragir" qəzetinin məlumatına görə Ermənistanda insan haqları sahəsində ən ciddi problemlər korrupsiya, hökumətin fəaliyyətində şəffaflığın olmaması, vətəndaşların hüquqlarının qorunmaması və məhkəmə hakimiyyəti müstəqilliyinin məhdud olmasıdır. Qlobal Korrupsiya Barometri sorğusu iştirakçılarının təxminən yarısı son iki ildə Ermənistanda korrupsiya səviyyəsinin artdığını bildirib. Ermənistan əhalisi korrupsiyanın daha çox məhkəmə sistemində, səhiyyə sahəsində və dövlət məmurları arasında yayıldığını hesab edir. Sorğuda iştirak edənlərin 69 faizi korrupsiya səviyyəsinin məhkəmə sistemində son dərəcə yüksək olduğu fikrindədir, 66 faizi isə bu göstərici üzrə liderliyi polisə verib. Eyni zamanda, sorğuya cəlb olunanların 82 faizi Ermənistanda korrupsiyanı olduqca ciddi problem hesab edir. Korrupsiya hallarının Ermənistan ordusunda da yüksək səviyyədə olduğu bildirilir. Hökümət isə bu halların aradan qaldırılması istiqamətində heç bir addım atmır.

Göründüyü kimi, Serj Sarkisyanın odla oynaması, təbii ki, ilk növbədə özü üçün təhlükəlidir. Çünki artıq erməni artıq aydın şəkildə bir daha görür ki, xalqınını düşməni elə Ermənistan iqtidarıdır. Bu hakimiyyət cəmiyyətin rifahı üçün çalışmırsa və özünü qorumaq üçün risklərə gedirsə, bundan əziyyət çəkən sadə insanlar olur. Ona görə də nə qədər gec deyil, Ermənistan cəmiyyəti Sarkisyandan xilas yolunu özü tapmalıdır.

A.SƏMƏDOVA

Digər xəbərlər