PDF Oxu

Sosial

  • 15

Bakıda "Məşğulluq siyasəti" mövzusunda təlim-seminar keçirilib

Bakıda "Məşğulluq siyasəti" mövzusunda təlim-seminar keçirilib

Dünən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə Bakıda "Azərbaycan Respublikasının Məşğulluq Konsepsiyası (2016-2025-ci illər)" layihəsinin hazırlanması işləri çərçivəsində "Məşğulluq siyasəti" mövzusunda təlim-seminarı keçirilib. Dörd gün davam edəcək təlim-seminarın açılışında aidiyyəti hökumət və qeyri-hökumət qurumlarının, Milli Məclisin, sosial tərəfdaşların, BƏT-in, BMT-nin Əhali Fondunun, Dünya Bankının və digər bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin islahatlar kursu nəticəsində ötən dövrdə ölkəmizdə dayanıqlı və çoxsaylı iş yerlərinin açılmasını nəzərdə tutan dinamik iqtisadi inkişafın təmin edildiyini, iqtisadiyyatın şaxələndirilməsi prosesinin, qeyri-neft sektorunun və regionların, davamlı dövlət dəstəyi şəraitində sahibkarlığın inkişafının sürətləndiyini vurğulayıb: "Ötən dövrdə həyata keçirilən dövlət məşğulluq siyasəti, 1,5 milyondan çox yeni iş yerinin açılması nəticəsində işsizlik səviyyəsinin 2006-cı ildə 7,4%-dən 2015-ci ilin yekunlarına görə 4,9%-dək azaldılmasına, işsizlərin, sosial həssas əhali təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsinə nail olunub. Həmçinin, əmək bazarının təkmilləşdirilməsi, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması və rəqabət qabiliyyətinin artırılması, iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şəraitin yaradılması üçün müvafiq tədbirlər həyata keçirilib".

Nazir Prezident İlham Əliyev tərəfindən ölkəmizdə əhalinin artımı və respublikanın inkişaf perspektivləri, iqtisadi prioritetlər nəzərə alınmaqla uzunmüddətli dövlət məşğulluq siyasətinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikasının Məşğulluq Konsepsiyasının hazırlanması barədə müvafiq tapşırıq verildiyini də vurğulayıb: "Dövlət başçısının tapşırığının icrası olaraq, Konsepsiya layihəsinin hazırlanması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq dövlət orqanlarının, sosial tərəfdaşların, qeyri-hökumət təşkilatlarının, ümumilikdə 21 qurumun nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb. Konsepsiya layihəsinin 3 ay müddətində hazırlanması nəzərdə tutulur".

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli ölkədə aparılan sosialyönümlü siyasətin mühüm bir komponentinin əhalinin məşğulluq səviyyəsinin artırılması olduğunu, yeni Konsepsiyanın Azərbaycanda bu vacib məqsədin uğurla gerçəkləşdirilməsi sahəsində yeni imkanların yaradılması üçün güclü əsas yaradacağını bildirib. Komitə sədri bu təlim-seminarın yeni layihənin beynəlxalq ekspertlərlə birgə daha təkmil şəkildə işlənməsində mühüm rol oynayacağını diqqətə çatdırıb.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, ölkə sahibkarlarının iqtisadi inkişaf proseslərində olduğu kimi, əmək bazarında da fəallığının getdikcə artdığını vurğulayıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini Cavanşir Alxasov dövlət məşğulluq siyasətinin hazırlanması və təkmilləşdirilməsi işlərində AHİK-in sosial tərəfədaş kimi daim fəal iştirak etdiyini, yeni Konsepsiya layihəsinin də mükəmməl şəkildə hazırlanması üçün səylər göstərəcəklərini qeyd edib.

BƏT-in Məşğulluq siyasəti şöbəsinin sektor müdiri Aurelio Parisotto Azərbaycanın məşğulluq sahəsində fəal siyasətə və uğurlu iş təcrübəsinə malik bir ölkə olduğunu vurğulayıb.

Daha sonra təlim-seminarın ilk sessiyasına başlanılıb.

R.HÜSEYNOVA

Digər xəbərlər