PDF Oxu

Sosial

  • 35

Nazirlərin regionlara səfərləri davam edir

Nazirlərin regionlara səfərləri davam edir

Ekologiya və təbii sərvətlər naziri Daşkəsən rayon ictimaiyyətinin nümayəndələri və fəalları ilə görüşüb

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq nazirlərin regionlara səfərlər edərək, əhali ilə görüşləri davam etməkdədir. Dünən belə görüşlərdən biri də Daşkəsən rayonunda - ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun ictimaiyyətlə görüşü olub. Görüşdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, ictimaiyyətin nümayəndələri, sahibkarlar və Daşkəsən rayonundan seçilmiş millət vəkili Rövşən Rzayev iştirak edib. İlk öncə qonaqlar və ictimaiyyət nümayəndələri Daşkəsən şəhərinin mərkəzində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidə-kompleksini ziyarət ediblər.

Rayon icra hakimiyyətinin inzibati binasında keçirilən tədbiri giriş sözü ilə açan Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev rayonda görülən işlər və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib: "Ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda əhali ilə görüşləri davam edir. Bu görüşlərin keçirilməsində məqsəd əhalinin aidiyyəti üzrə mövcud problemləri ilə yerindəcə tanış olmaq və onların həlli yollarının müzakirəsini biz daşkəsənlilərlə birlikdə aparmaqdır. Biz bugünkü görüşün yüksək səviyyədə keçməsini arzulayır və inanırıq ki, ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində bundan sonra da Daşkəsən rayonunda bu sahədə müəyyən mövcud problemlər öz müsbət həllini tapacaqdır". Ə.Abıyev onu da vurğulayıb ki, Prezident İlham Əliyevin göstəriş və tapşırıqları əsasında, respublikamızın bütün bölgələrində olduğu kimi, Daşkəsən rayonunda da geniş tikinti- quruculuq və abadlıq işləri aparılır, ucqar dağ kəndlərinə yollar çəkilir, körpülər inşa olunur, su və elektrik təchizatı yaxşılaşdırılır: "Dövlətimizin başçısı Cənab İlham Əliyev çox hörmətli xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ilə birlikdə 2014-cü ilin oktyabr ayının 17-də Daşkəsən rayonuna unudulmaz tarixi səfəri bütün daşkəsənlilərin qürurla yaşamaq, yaradıb-qurmaq əzmini misilsiz dərəcədə artırmışdır. Cənab Prezidentimiz səfəri zamanı Daşkəsən rayonunda bir sıra obyektlərin açılışında iştirak etmiş, görülən işlərdən razı qalmışdır. Bu yaxınlarda, möhtərəm Prezidentimizin ad günündə daşkəsənlilərin iştirakı ilə Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun Qabaqtəpə kəndi ərazisində rayonun 8247 nəfər əhali yaşayan, 11 yaşayış məntəqəsini birləşdirən, bizimlə sərhəd bölgəsində, işğal altında olan ərazilərimizə gedən yolda yeni tikilmiş iki ədəd möhtəşəm körpünün təntənəli açılış mərasimi keçirildi və istifadəyə verildi.

Açıq dialoq şəraitində keçən görüşdə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov çıxışında bildirib ki, müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən, ölkənin inkişafına və modernləşdirilməsinə hədəflənmiş səmərəli dövlətçilik siyasəti nəticəsində ciddi uğurlar qazanılıb. Bu uğurların təməlində düşünülmüş siyasət, sabitlik və iqtisadi islahatlar dayanır. H.Bağırov yeni iş yerlərinin açılması məqsədilə Daşkəsən rayonunda yerli şəraitə uyğun ağac cinslərinin yetişdirilməsi üçün tinglik təsərrüfatlarının yaradılması ilə bağlı nazirliyin aidiyyəti qurumlarına tapşırığını verib.

Görüşdə iştirak edən millət vəkili Rövşən Rzayev xarici dövlətlərin ölkəmizdə təxribatyönümlü hərəkətlərinin xalqımız tərəfindən hamılıqla pisləndiyini qeyd etdi və özünün də üzv olduğu Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı uğurlarından söz açdı.

"Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası" İctimai Birliyinin sədri Səbuhi Abbasov ötən ilin 16 noyabr - 1 dekabr tarixlərində "İLİN BAŞÇISI" sorğusunun qalibi olmuş Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevə fəxri diplomu təqdim etdi.

Sonda rayon sakinlərinin təklif və müracətləri də dinlənildi. Tədbir iştirakçıları, xüsusən də sahibkarlar regionlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.

R.KAMALQIZI

Digər xəbərlər