PDF Oxu

Sosial

  • 25

Bu, "Sabah"ın ilk təxribatı deyil!

Bu, "Sabah"ın ilk təxribatı deyil!

Qardaş ölkədə dərc edilən nüfuzlu qəzetin və saytın arxasında erməni lobbisinin dayanması şübhəsi artır

Bu günlərdə qardaş Türkiyənin "Sabah" qəzetinin saytı Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik edib. Belə ki, "SƏS"ə daxil olan məlumata görə, adıçəkilən sayt Dünya Turizm Forumundan "Türkiyənin turizm təcrübəsindən faydalanırıq" xəbərini yayımlayıb və xəbərin fotosunda Türkiyə, Qana, Azərbaycan və Makedoniya mədəniyyət nazirlərinin, onların arxa fonlarında isə təmsil etdikləri ölkələrinin xəritələri təsvir edilib. Lakin Azərbaycanın xəritəsində Ermənistanın təcavüzkar siyasəti nəticəsində işğal olunmuş Dağlıq Qarabağ bölgəsi əks olunmayıb. Nəticədə, "Sabah" qəzeti və saytının bu vasitə ilə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik etməsi müəyyən olunub.

Əgər bənzər hal qondarma erməni soyqırımını tanıyan ölkələrin mətbuatında baş versəydi, bunu müəyyən məsələlərlə əlaqələndirmək olardı

Əlbəttə ki, bu cür olayın yenidən və təkrarən (!!!-R.N.) baş verməsi təəssüfedici bir haldır. Çünki süzügedən vəziyyət digər hər hansı digər ölkənin, məsələn Fransanın, Rusiyanın, Norveçin, Hollandiyanın, yaxud da Kanadanın saytlarında baş versəydi, bunu müəyyən məsələlərlə əlaqələndirmək olardı. Məsələn, Türkiyənin Azərbaycanla "İki dövlət-bir millət" şüarını əsas gətirən bu kimi ölkələr xristian klublu faktorundan çlxış edərək, bilavasitə qondarma erməni soyqırımını ya tanıdıqlarını, ya da bu hadisədə ermənilərə dəstək olduqlarını dəfələrlə sübuta yetiriblər.

Lakin Azərbaycan hər zaman bu məsələdə bütün gücü və iradəsi ilə qardaş Türkiyənin yanında olduğunu, bu cür həssas məqamlarda qardaşlıq timsalını göstərib və göstərməkdə davam edir!

Ancaq belə bir məqamda, xüsusilə beynəlxalq çərçivəli forumda bu cür sayğısızlığın göstərilməsi anlaşılan deyil.

"CNN Türk" kanalının reportajında Dağlıq Qarabağ müstəqil dövlət kimi təqdim edilmişdi. Bunun ardınca isə "Sabah" qəzetində eyni siyasi savadsızlıq, yaxud da qəsd və ya təxribat törədilmişdi

Bir daha onu qeyd etmək yerinə düşərdi ki, bu cür aşkar təxribat "Sabah" qəzeti tərəfindən ilk dəfədir ki, göstərilmir. Məsələn, 2014-cü ildə adıçəkilən mətbu orqan Dağlıq Qarabağı müstəqil dövlət kimi təqdim etmişdi. Xatırladaq ki, ermənilərə məxsus helokopter işğal olunmuş ərazilərimiz üzərində havaya qalxaraq, mövqelərimizə qarşı hücum aktı törətmək istərkən, ordumuz tərəfindən vurulmuşdu. Həmin vaxt qardaş Türkiyədə yayımlanan "CNN Türk" kanalının reportajında Dağlıq Qarabağ müstəqil dövlət kimi təqdim edilmişdi. Bunun ardınca isə "Sabah" qəzetində eyni siyasi savadsızlıq, yaxud qəsd və ya təxribat törədilmişdi.

Bütün hallarda, "Sabah" qəzeti bu yazıya görə təcili təkzib verməli və Azərbaycan xalqından üzr istəməlidir!

Əlbəttə ki, Azərbaycan və Türkiyənin qardaş münasibətlərinin baza prinsiplərinə zidd olan bu cür addımların yenidən ortaya atılması özü-özülüyündə bəzi fikirləri ehtiva edir. Hətta deyə bilərik ki, "Sabah" qəzeti kimi nüfuzlu bir qəzetin bu cür səhv buraxması bağışlanmazdır. Bu yazıya görə "Sabah" qəzeti mütləq şəkildə məsuliyyət daşımalıdır. Bu, istər Azərbaycan ictimai rəyinin, istərsə də Türkiyə ictimai rəyinin fikridir. Azərbaycan və Türkiyənin ictimai rəyi də çox yəqin ki, bu kimi düşmən təxribatının qarşısının dərhal alınmasının tərəfdarlarıdırlar. İctimai rəy inanır ki, Türkiyənin hüquq-mühafizə orqanları, o cümlədən, mətbuatı ilə çalışan müvafiq qurumları bu məsələni təcili və ciddi şəkildə araşdırmalı, qəzetin rəhbərliyini, bu yazını yazanları qanun qarşısında cəzalandırmalıdır!

Belə ki, bu cür arzuolunmaz hadisələrin təkrarlanması kifayət qədər qənaətə gəlməyə zəmin yaradır ki, qardaş ölkədə dərc edilən və erməni dəyirmanına su tökən "Sabah" qəzetinin arxasında məhz erməni lobbisinin dayanır. Bütün hallarda, "Sabah" qəzeti bu yazıya görə təcili təkzib verməli və Azərbaycan xalqından üzr istəməlidir!

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər