YAP İsmayıllı rayon təşkilatı Qalınçaq kəndində Xocalı soyqırımının 24-cü ili ilə əlaqədar anım mərasimi keçirib. Mərasimdə soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova qeyd edib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub: "XX əsrin amansız, xüsusi qəddarlıqla həyata keçirilmiş faciəsi olan Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır".
Rayon təşkilatının sədri bildirib ki, ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən, ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv ediliməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.
Cinayətin cəzasız qalmamalıdır, - deyən rayon təşkilatının sədri bildirib ki, Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. İndiyədək Azərbaycana münasibətdə hökm sürən ikili standartların nəticəsidir ki, beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməyiblər. Lakin insanlıq naminə bu həqiqəti etiraf etməyə borclu olduqlarını unutmamalıdırlar.
Tədbirdə YAP fəalları Ərəstun Tarverdiyev, Vəzirxan Fətəliyev, Xalid Seyidov, Qabil Hüseynov və başqaları çıxış edərək qeyd ediblər ki, Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Bildirilib ki, Möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində erməni terrorçularının xalqımızın başına gətirdiyi məkrli əməllər dünya ictimaiyyətinin diqqətinə çatdırılır, bu faciənin layiqli hüquqi qiymətini tapması məqsədilə böyük işlər görülür. Bu sahədə Heydər Əliyev Fondunun vitse - prezidenti Leyla xanım Əliyevanın "Xocalıya ədalət" kampaniyası dünya ictimaiyyətinin faciəylə bağlı məlumatlandırılmasında böyük işlər görür.
Çıxış edənlər Azərbaycanın haqq işinin qalib gələcəyinə, faciə qurbanlarının qanı yerdə qalmayacağına, düşmən əsirliyində olan Xocalının azadlığa qovuşağına, işğaldan azad olunacağına əminliklərini bildiriblər.
ZÜMRÜD