Qəzet baş redaktorları fərqli fikirdədir
Son zamanlar "Diffomasiya haqqında" qanun layihəsinin qəbulu məsələsi yenidən gündəmə gəlib. Hətta Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun Milli Məclisdə layihənin qəbulu ilə bağlı çıxışı geniş müzakirələrə səbəb oldu. Əflatun Amaşov qanun layihəsinin qəbuluna ciddi ehtiyac olduğunu bildirərək qeyd etdi ki, layihədə jurnalistin yazdığı yazıya görə həbs edilməmə məsələsi yer alıb. Bəzi ekspertlər düşünür ki, qanunun qəbul edilməsi jurnalistin yazdığı yazıya görə, məsuliyyətdən azad edilməsinə imkan verəcək. Məsələ ilə bağlı münasibətlərini öyrəndiyimiz qəzet baş redaktorları və Mətbuat Şurasının nümayəndəsi qanun qəbul edilməsinin mətbuatda problem yaratmayacağını bildirdilər.
Hikmət Babaoğlu: "Diffomasiya haqqında" qanun Azərbaycanda qəbul olunmuş kimidir"
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu:
-"Diffomasiya haqqında" qanun yaydığı informasiyaya görə, jurnalisti və yaxud informasiya mənbəyini cinayət məsuliyyətindən azad edən qanundur. "Diffomasiya haqqında" qanun Azərbaycanda qəbul olunmuş kimidir. Çünki heç bir media nümayəndəsi və ya jurnalist deyə bilməz ki, mən hansısa sözümə görə, məsuliyyətə cəlb olunmuşam. Prezident İlham Əliyevin təşəbbüsü əsasında uzun illərdir ki, Azərbaycanda heç bir jurnalist məhz informasiya yaydığına görə məsuliyyətə cəlb olunmur. Müxtəlif tərbiyələndirici, ictimai qınaq vasitələrindən istifadə olunur. Xatırladım ki, 2014-cü ilin avqust ayında təmas xəttində baş verən hadisələr zamanı dezinformasiya xarakterli məlumatlar yayılırdı. Bununla bağlı Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin yanında media nümayəndələrinin iştirakı ilə geniş iclas keçirildi. Amma bu informasiyaları yayanların heç biri məsuliyyətə cəlb olunmadı. Sizcə, bu diffomasiya deyil? Ona görə də hesab edirəm ki, "Diffomasiya haqqında" qanun qəbul olunsa, heç nə dəyişməyəcək. Çünki ölkəmizdə heç kim informasiya yaydığına görə, təqib olunmur".
Müşfiq Ələsgərli: "Diffomasiya haqqında" qanuna görə, söz hüququndan istifadə edən jurnalistlərə maliyyə sanksiyası tətbiq ediləcək"
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli:
- "Diffomasiya haqqında" qanun jurnalistlərin üzərinə cinayət məsuliyyətindən də ağır məsuliyyət qoyur. Burada fərq ondan ibarətdir ki, jurnalistlər yol verdiyi qanun pozuntuları Cinayət Məcəlləsi ilə tənzimlənəndə, onlar etdiklərinə görə həbs olunurlar, lakin bu qanunun qəbulu onları həbsdən azad edir. Amma bu, o demək deyil ki, jurnalistlər məsuliyyətdən azad olunurlar, əksinə onlara söz hüququndan istifadə etdiklərinə görə maliyyə sanksiyası tətbiq edilir. Onlar bir neçə aylıq əmək haqları və ya bir redaksiyanın ümumi dövriyyəsi qədər cərimə oluna bilərlər. Bu cəriməni ödəmək heç də asan başa gəlmir. Bu baxımdan "Diffomasiya haqqında" qanun, sadəcə cəzanın növünü dəyişir ki, bu da ümumi praktikada qəbul olunandır. Düşünürəm ki, qanun layihəsi qəbul olunarsa, daha yaxşı olar. Onu da qeyd edim ki, sözügedən layihə yalnız jurnalistlər üçün deyil, ümumiyyətlə, söz hüququndan sui-istifadə edənlər üçün nəzərdə tutulub.
Elçin Mirzəbəyli: "Diffomasiya haqqında" qanun təkcə mətbuata deyil, bütövlükdə cəmiyyətə aiddir"
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli:
- Vaxtilə Azərbaycan mətbuatında yeni media ilə yaranmış problemlərin aradan qaldırılması üçün çevik mexanizm yox idi. Lakin son dövrlərdə bir sıra qanunvericilik aktlarına, o cümlədən "KİV haqqında" qanuna edilən dəyişikliklər yaranan problemlərin daha çevik və qısa zamanda aradan qaldırmasına imkan verir. Bu baxımdan "Diffomasiya haqqında" qanunun qəbulu heç bir problem yaratmır. Lakin "Diffomasiya haqqında" qanun jurnalisti məsuliyyətdən azad etmir. Hər zaman olduğu kimi, qanun qəbul olunduqdan sonra da məhkəmə perspektivləri olduğu kimi qalacaq. Bu layihə, sadəcə tənzimləyici missiyanı yerinə yetirəcək. O ki qaldı bu layihənin yalnız jurnalistlərə aid edilməsinə, bu, tamamilə yanlış fikirdir. Ümumiyyətlə, istənilən qanun layihəsi konkret şəxslərə və ya sahəyə aid olmur. Hətta sahə qanunu olsa belə, orada istənilən vətəndaşın hüquqları ilə bağlı müddəanı tapmaq mümkündür. Baxmayaraq ki, "KİV haqqında" qanun mətbuatı tənzimləyir, orada vətəndaşların hüquqlarının, vətəndaş-KİV münasibətlərinin tənzimlənməsi ilə bağlı müvafiq müddəalar da var. İKT-nin inkişafını, istənilən vətəndaşın sosial şəbəkədə öz fikirlərini sərbəst şəkildə ifadə etmək imkanını nəzərə alsaq, bu layihə təkcə mətbuata deyil, bütövlükdə cəmiyyətə aiddir".
Akif Aşırlı: "Beynəlxalq təşkilatlar bu qanunun qəbul olunmamasından ölkəmizə qarşı sui-istifadə edirlər"
"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı:
- "Diffomasiya haqqında" qanun jurnalisti yalnız cinayət məsuliyyətindən azad edir, mənəvi və maddi məsuliyyətdən deyil. Layihədə Cinayət-Prosessual Məcəlləsinin 147 və 148-ci maddələrinin qüvvədən düşməsi nəzərdə tutulub. Beynəlxalq təşkilatlar bu qanunun qəbul olunmamasından ölkəmizə qarşı sui-istifadə edirlər. Azərbaycanda yazdığı yazıya, etdiyi fikirlərə görə, cinayət məsuliyyəti daşıyan jurnalistlər yoxdur. Belə olan halda, qanunun qəbul olunmaması ilə nə qazana bilərik? Bu baxımdan düşünürəm ki, "Diffomasiya haqqında" qanunun qəbulu çox əhəmiyyətlidir".
Nailə Məhərrəmova