Kaş səni yazan əllərdə qələmdə mürəkkəb quruyaydı sənin faciəni yazan yerdə. Bu faciəni görən göz yaşları da quruyaydı sənin faciəni görən yerdə.
Əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı xalqımızın genetik yaddaşında tarixi yer tutur. Düz 24 il bundan öncə şaxtalı bir qış axşamında 9 milyondan artıq əhalisi olan Azərbaycanın bir parçası olan Xocalı torpağı minlərlə insanın qanı ilə suvarıldı. Rus hərbi birləşmələrinin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının köməkliyi ilə erməni yaraqlıları Xocalıda amansız vəhşiliklər törətdilər. Bu vəhşiliklirdən 4 gün sonra hadisə yerində olan fransız jurnalisti Jan İv Yunest yazırdı: "Biz Xocalı müdafiəçilərinin, yuzlərlə dinc sakinin-qadınların, qocaların eybəcər hala salınmış cəsədlərini öz gözlərimizlə gördük. Hamı kimi mən də dünyada baş vermiş müharibələr, alman faşistlərinin qəddarlığı barədə çox eşitmiş, kitablar oxumuş, filimlər görmüşəm. Lakin 5-6 yaşlı uşaqları, qundaqdakı körpələri vəhşiliklə öldürən ermənilər cəlladlıqda heç kəslə müqayisəyə gəlməzlər."
Xocalı soyqırımını dünya eşitdi, dünya ağladı, dünya yas tutdu. Amma bizimkilər susdu. Bu faciə öz tarixi qiymətlərini vaxtında almadı. Günahkarlar, qatillər məlum ola-ola dar ağacından asılmadı. Qətlə yetirilmiş 613 nəfərin cəsədini ucu-bucağı görünməyən ana torpaq qucağında gizlədə bilmədi. Nəyi gizlədək faciədə 8 ailənin tamamilə məhv edildiyinimi, 150 ailənin taleyinin məlum olmadığınımı, 230 ailənin öz başçısını itirdiyinimi, 577 nəfərin şikəst edildiyinimi, 1275 nəfərin əsir düşdüyünümü, 27 ailənin hərəsindən cəmi bir nəfərin sağ qaldığınımı? 56 nəfər 1 yaşından-18 yaşına kimi, 106 nəfər qadının, 70 nəfər ahıl qocanın, 59 nəfərin xüsusi qəddarlıqla qətlə yetirildiyinimi? 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideyninin birinin itirmişdir.
Xocalı Qarabağın, həm də Azərbaycanın döyünən ürəyi, yurdun qeyrət qapısı idi. Neçə əsrin dizini qatlamış qədim yaşayış məskəni Xocalını ermənilər işğal edərək tarixdə misli görünməmiş kütləvi insan qırğını törətdilər. Qocalara, qadınlara, körpələrə və xəstələrə aman veriliməmişdir.
Həmin gecə əhalinin bir hissəsi qarlı-çovğunlu və dumanlı havada səmtlərini itirmiş, erməni kəndlərinin ərazilərinə girmişdi. Bu zaman əvvəlcədən yolları, dərələri kəsən ermənilər yenə də adamları qanlarına qəltan etmişdilər.
Şahidlər deyirdilər ki, Harov tərəfdə 300 nəfər, Ağbulaqda 500 nəfər, Əsgəranda 50 nəfər, Dəhrəzda 65 nəfər, Naxçıvanikdə 400 nəfər əsir düşüb. Meşələr qadın, uşaq meyitləri ilə dolmuşdu. Ermənilər sayseçmə cavanlarımızı hamının gözləri qarşısında güllələdilər. Xocalı qana çalxalandı. Mənfur düşmən güllələri ilə susdurulan, süngülərlə tikə-tikə edilən körpələrin, mərd igidlərin ruhu qərib-qərib Azərbaycan torpağı üzərində gəzir. Biz kədər içindəyik, qəm içindəyik. 24 ildir ki, biz bu qəmi-dərdi çəkirik. Bu gün biz Xocalı faciəsinin nə qədər dəhşətli olduğunu və Azərbaycan xalqına nə qədər böyük zərbə vurduğunu bir daha dərk edirik.
Xalqımız çoxəsirlik tarixində belə bəlalardan çox keçib. İnanırıq ki, qaranlıq günlərin işıqlı sabahı olur. Bu gün biz hamımız şəhidlərin ruhu qarşısında bir daha baş əyirik. Allah onlara rəhmət eləsin , qəbirləri nurla dolsun.
Xocalım, Kosalarım, Cəmillim,
Onlarsız ötüşür hər ayım, ilim,
Soyuldum, doğrandım mən dilim-dilim,
Demə çaylaqlarda qara bir daşam,
Doğma yerlər üçün çox darıxmışam.
Kərkicahan, Daşbulağım, Meşəlim,
Bağlanıbdı həm ayağım, həm əlim.
Matəm içindədir ilahi, elim,
Ay qardaş, alovsuz-odsuz yanmışam,
Doğma yerlər üçün çox darıxmışam.
Ulu Tanrıdan diləyim budur ki, elə bir gün gəlsin ki, Qarabağlı günlərimizə qayıdaq.
Rəhman Əhmədov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Şuşa şəhər 17 nömrəli ümumi orta məktəbin müəllimi