Elşad Mirbəşiroğlu: "Roma Papası ilə Rusiya Pravoslav kiləsinin rəhbəri arasında görüşün baş tutması Rusiya ilə Qərb arasında müəyyən dialoqun baş tutacağına bir işarədir"
11-ci əsrdən sonra ilk dəfə olaraq Havanada Roma Papası ilə Rusiya Pravoslav kiləsinin rəhbəri arasında görüş keçirildi. Bu görüşü daha çox Rusiya-Qərb gərginliyini aradan qaldırmaq üçün din fokturundan istifadə olunması kimi də qiymətləndirmək olar. Politoloq Elşad Mirbəşiroğlu da bizimlə söhbətində bu versiyanın istisna olunmadığını bildirdi: "Rusiya ilə Qərb arasında gərginlik pik həddinə çatıb. İndiki məqamda nə siyasi, nə də iqtisadi müstəvidə Rusiya ilə Qərb dövlətləri arasında dialoqun baş tutacağına ümid verən məqamlar yoxdur. Təbii ki, bu tərəflərə ciddi zərər vurmaqdadır. Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, Rusiya ilə siyasi və iqtisadi əlaqələrin məhdudlaşdırılması, Qərb dövlətlərinin maraqlarına cavab vermirdi. Həqiqətən də, bu gərginlikdən ən çox zərər görən də məhz Avropa dövlətləri oldu. Çünki bu ABŞ-ın bir siyasəti idi. Qərb ölkələri bu siyasətdə bu və ya digər amillərin təsiri altında bir iştirakçı olmaq məcburiyyətində qaldılar".
Palitoloqun sözlərinə görə, ABŞ-ın əsas strategiyası Rusiyanın təsir dairəsini imkan daxilində daraltmaqdan ibarətdir: "Ukrayna ətrafında baş verən proseslərdə elə bu siyasətin elementini təşkil edirdi. Bu baxımdan, artıq Qərb ABŞ-ın siyasətinin yanında olmağın ağır bədəlini hiss etməkdədir. Yəni bu Qərbə həm siyasi, həm də iqtisadi cəhətdən ciddi zərər yetirir. Bu da dərk olunmaqdadır. Bildiyiniz kimi, Qərbdə və müəyyən ölkələrdə, xüsusilə də Rusiya ilə iqtisadi-ticari əlaqələri çox olan ölkələrdə ayrı-ayrı təbəqələrin nümayəndələrinin kəskin etirazları intensiv hal almaqdadır. Məsələn, Fransada və Polşada kənd təsərrüfatı məhsullarının istesalı ilə məşğul olan şəxslər münasibətlərin normalaşdırılmasını tələb edirdilər. Bütün bu qeyd etdiklərim ona dəlalət edir ki, Qərblə Rusiya arasında münasibətlərin normalaşdırılması bir zərurətə çevrilmişdir. Din amili isə bu istiqamətdə təsirli bir alət rolunda nəzərdən keçirilib. Havanada Roma Papası ilə Rusiya Pravoslav kilsəsinin rəhbəri arasında görüşünün baş tutması Rusiya ilə Qərb arasında müəyyən dialoqun baş tutacağına bir işarədir".
"Bu görüş xiristian dini daxilində yaranan qarşıdurmasının aradan qaldırılmasında hansısa bir formada kömək edə biləcəkmi" sualını cavablandıran E.Mirbəşiroğlu bildirdi ki, sözügedən görüş xiristan dini daxilində yaranan qarşıdurmanın aradan qaldırılmasında kömək edəcəkdir: "Çünki həqiqətən də, belə bir görüş gözlənilməz görüş idi. Yəni çox nadir hallarda baş tutan bir görüşdür. Bu baxımdan, bu görüş məqsədli bir görüşdür. Sözün həqiqi mənasında, Avropa ölkələri ilə Rusiya arasında münasibətlərin yaxınlaşmasına töhfə verəcəkdir".
GÜLYANƏ