Azərbaycanda insan hüquqları və sosial ədalət fundamental əsaslara söykənir
Qloballaşan dünyamızda demokratikləşmə prosesi iqtisadi inkişafla yanaşı, həm də cəmiyyətdə ictimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarına etibarlı təminat mexanizmlərinin formalaşdırılması ilə şərtlənir. Birmənalı şəkildə demək olar ki, hüquqi və demokratik dövlət quruculuğunda inamla irəliləyən Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra həyata keçirilən çoxşaxəli siyasi-hüquqi islahatların insan və şəxsiyyət amilinə, hər bir fərdin qanuni mənafeyinin etibarlı təminatı məqsədinə hesablanması ölkəmizdə demokratik dəyərlərin sürətlənməsinə təkan olub. Ölkəmiz insan hüquq və əsas azadlıqlarının qorunmasına təminat kimi demokratik idarəetmə və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsini alternativsiz yol kimi seçmişdir. İnsan hüquqları sahəsində tədbirlərin məqsədyönlü şəkildə həyata keçirilməsi üçün Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə respublikamız dünya birliyinin tamhüquqlu subyekti kimi 200-ə qədər, o cümlədən insan hüquq və azadlıqlarının qorunması sahəsində 40-dan çox mühüm beynəlxalq konvensiyaya qoşulmuşdur. Ulu Öndər azadlıq və istiqlaliyyətin hər bir xalqın milli sərvəti olduğunu bildirmişdir: "Biz öz daxili siyasətimizlə çalışırıq ki, Azərbaycanın dövlət quruculuğu, cəmiyyətin təşkil edilməsi və iqtisadiyyatın inkişafı dünya dövlətlərinin təcrübəsi əsasında olsun və beləliklə də Azərbaycan Respublikası dünya miqyasında öz layiqli yerini tuta bilsin".
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında demokratik, hüquqi dövlət quruculuğu və insan haqlarının qorunması dövlətimizin ali, strateji məqsədi kimi önə çıxarılıb. 2002-ci və 2009-cu illərdə referendum yolu ilə konstitusiyaya bir sıra mühüm əlavə və dəyişikliklərin edilməsi tam mütərəqqi xarakter daşımaqla insan və vətəndaş hüquqlarının və azadlıqlarının daha səmərəli qorunmasına, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsinə, demokratiyanın genişlənməsinə və inkişafına yönəlmişdir konstitusiyanın maddələrinin üçdə bir hissəsi məhz insan hüquq və azadlıqlarını özündə ehtiva edir. Konstitusiyanın 71-ci maddəsində təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu hesab edilir. Həmin maddədə daha sonra göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəlmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquq və azadlıqları birbaşa qüvvədədir.
Humanizm prinsiplərinə əsaslanan siyasət
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkədə azad medianın inkişafına, kütləvi informasiya vasitələrinin azadlığının təminatına xüsusi diqqət göstərirdi. Ümummilli Lider Heydər Əliyev mətbuatda demokratik prinsiplərə əməl olunması ilə bağlı demişdir: "Müstəqil, demokratik və hüquqi dövlət quruculuğu prosesini yaşayan Azərbaycan dövlətinin ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, mətbuat və informasiya sahəsində də demokratiya prinsiplərinə dönmədən əməl olunur. Müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyasında tətbiq olunmuş fikir və söz azadlığı, siyasi plüralizm mətbuat və informasiya sahəsində Azərbaycan dövlətinin yeritdiyi siyasətin əsasını təşkil edir".
Dahi Öndəri böyük şəxsiyyət kimi xarakterizə edən mühüm keyfiyyətlərdən biri də günahkarı cəzalandırmağı da, şans verərək bağışlamağı, islah etməyi də bacarması ilə bağlı atdığı hümanist addımlar, verdiyi qərarlar olumuşdur. Azərbaycanda Əfvetmə İnstitutunun bərpası və Prezident yanında Əfv Məsələləri Komissiyasının yaradılması da bu istiqamətdə atılan mühüm addımlardan olmuşdur. 1998-ci il fevralın 22-də "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində" Fərman imzalanmış və 1998-ci il iyunun 18-də "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq edilmişdir. Bununla da Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv olunmuşdur. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət insan hüquq və azadlıqlarına hörmət kimi sülhsevər prinsiplərə əsaslanır. Demokratik, hüquqi dövlətin qanunun aliliyi, insan hüquqları və sosial ədalət kimi fundamental əsaslarının möhkəmləndirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində olub. Prezident İlham Əliyevin 28 dekabr 2006-cı il tarixdə imzaladığı "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" bu sahədə Dövlət Proqramının fəlsəfəsini inkişaf etdirmişdir. Milli Fəaliyyət Planı insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmişdir. Dövlətimizin başçısı 2003-2015-ci illərdə 4 amnistiya aktına imza atıb. 2007-ci ildə 9877 məhkum barəsində, 2009-cu ildə 9564 , 2013-cü ildə 10 040 məhkum barəsində amnistiya tətbiq edilib. Bundan əlavə, Heydər Əliyev Fondunun, şəxsən fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə iki dəfə amnistiya aktı qəbul olunub. Bu mərhəmət sayəsində on minlərlə məhkum azadlığa qovuşmuşdur. Azərbaycan Prezidentinin 18 iyun 2007-ci il tarixili Sərəncamı ilə respublikamızda hər il 18 iyun İnsan Hüquqları Günü kimi qeyd olunur. Azərbaycan Prezidenti, hətta cinayət əməlinə yol vermiş insanların da taleyinə biganə qalmayıb. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin müraciətlərinə əsaslanan, məhkumların səhhətini, ailə vəziyyətini, bu müddətdə davranışlarını nəzərə alan, cəzadan azadetmənin tərbiyəvi əhəmiyyətini önə çəkən Prezident İlham Əliyev hər il milli bayramlarımız ərəfəsində Əfv Sərəncamları imzalayır, on minlərlə ailəyə sevinc bəxş edir. Bu addım Azərbaycanda insan hüquqlarının etibarlı təminatını və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyini bir daha təsdiqləyir. İnsan hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətinin qorunması Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsasını təşkil edir. Bu istiqamətdə tədbirlər ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırır. Prezident İlham Əliyev tarixi çıxışlarının birində deyir: "Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk".
İnstitusional islahatların aparılmasının müsbət nəticələri
Azərbaycan Respublikasının tərəfdar çıxdığı insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsi və Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının beynəlxalq hüquqi sənədlərə uyğunluğunun təmin edilməsi əsas götürülüb. Ölkəmiz AŞPA qarşısında götürdüyü bütün öhdəlikləri tam şəkildə yerinə yetirib. Bu baxımdan, Azərbaycan dünyda sivil, hüquq prinsiplərinə söykənən demokratik dövlət kimi qiymətləndirilir. Nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi zamanı tövsiyələrin ətraflı təhlili, görüləcək tədbirlərin və onların icrasına məsuliyyətli dövlət qurumlarının müəyyən edilməsi zəruridir. Bununla əlaqədar olaraq, qeyd olunan prosesə aşağıda göstərilən qurumların cəlb edilməsi nəzərdə tutulur. Bu işə, həmçinin insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən yerli qeyri-hökumət təşkilatları cəlb edilir. Nazirlər Kabineti, Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Ədliyyə, Xarici İşlər nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu bu prosesi, mütəmadi olaraq icra edəcək.
İnsan amilini əsas tutan sosialyönümlü iqtisadi siyasət sayəsində son illər Azərbaycanda işsizliyin səviyyəsində də nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunur. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması istiqamətində həyata keçirilən sistemli tədbirlər əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəliliyinə imkan verir. Qeyri-neft sektorunun davamlı və dinamik inkişafı işsizlik probleminin həllinə gətirib çıxarıb. Təkcə bir faktı qeyd etmək lazımdır ki, 2015-ci ilin son altı ayı ərzində ölkəmizdə 90 minə yaxın yeni iş yeri açılıb ki, onlardan 65 mini daimidir. Bu günlərdə Prezident İlham Əliyevin imzaladığı sosial yönümlü dövlət proqramları, sərəncam və fərmanların uğurla icra ediləcəyinə əsasən demək olar ki, 2016-cı ilin sonuna qədər 100 minə yaxın yeni iş yerləri yaradılacaq. Proseslər də təsdiq edir ki, Azərbaycanda həyata keçirilən son köklü islahatlar mötəbər beynəlxalq maliyə qurumlarının nəzərindən yayınmır. Beynəlxalq təşkilatlar Azərbaycanda işsizliklə, yoxsulluqla bağlı mübarizəni, eləcə də ictimai nəzarət mexanizmlərinin yaradılmasını müsbət qiymətləndirirlər. Söz yox ki, həyata keçirilən şaxələndirmə tədbirləri, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində qeyri-neft sektorunun dinamik inkişafına təkan olub. Səbəbsiz deyil ki, son vaxtlar ölkə iqtisadiyyatına qoyulan investisyanın 70 faizi yerli sahibkarların payına düşür. Bu da ölkədə sahibkarlığın inkişafına göstərilən önəmin, diqqətin nəticəsidir. O fikri də vurğulamaq yerinə düşər ki, Azərbaycanda demokratikləşmə prosesinə keçid mərhələsində sahibkarlığın və xüsusi mülkiyyətçiliyin rolunun artırılmasına, onun inkişafına verilən böyük qiymət iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərin təcrübəsinə əsaslanır. Bir sözlə, birmənalı şəkildə, həm də əminliklə demək olar ki, Dahi Öndər Heydər Əliyevin Azərbaycanı regionun aparıcı dövlətinə çevirmək və dünya dövlətləri içərisində nüfuzunu və mövqeyini möhkəmləndirmək siyasəti uğurla həyata keçirilib. Təbii ki, bu uğurların əldə olunmasında Ulu Öndərin ən layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin uzaqgörən, düşünülmüş, məqsədyönlü siyasəti mühüm və əsaslı rol oynayıb. Bu baxımdan, demək olar ki, Azərbaycan etibarlı əllərdədir.
İ.ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İlkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün