PDF Oxu

Sosial

  • 27

Rusiyalı və türkiyəli məktəblilər vətənlərinə Azərbaycan sevgisi ilə qayıtdılar

Rusiyalı və türkiyəli məktəblilər vətənlərinə Azərbaycan sevgisi ilə qayıtdılar

Qardaşlaşmış Rusiya, Türkiyə və Azərbaycan məktəbliləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar. Müraciətdə "Azərbaycanda gördüklərimizi ölkəmizdə təbliğ və təşviq edəcəyik. İmzaladığımız qardaşlıq andında üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetirərək növbəti dəfə öz dostlarımızla Moskva və Ankarada yenidən görüşəcəyik" deyə bildirilir: "Cənab Prezident! Sizə bildirmək istəyirik ki, ölkənizdən zəngin təəssüratla ayrılırıq, bizi Bakıya və Azərbaycana marağımız gətirdi, indi isə Vətənimizə özümüzlə Azərbaycan sevgisi aparırıq. Sizə və Prezidenti olduğunuz Odlar Diyarına sonsuz sevgi ilə".

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun ilk dəfə beynəlxalq arenaya çıxan "Qardaşlaşmış məktəblər" layihəsi çərçivəsində Bakıya səfər etmiş Rusiya və Türkiyə məktəbliləri öz vətənlərinə qayıdıblar.

Təhsil nazirinin müavini Firudin Qurbanov layihə iştirakçıları ilə görüşdə təmsil etdiyi qurumun Bilik Fondunun "Qardaşlaşmış məktəblər" layihəsini dəstəklədiyini deyib, türkiyəli, rusiyalı və azərbaycanlı məktəbliləri bu gözəl təşəbbüsə görə təbrik edib.

Məktəbliləri Yunus Əmrə Türk Mədəniyyət Mərkəzində direktor İbrahim Yıldırım qarşılayıb. Layihə iştirakçılarını mərkəzlə tanış edən direktor Türkiyə ilə Rusiyanın dostluğunun 500 illik tarixi olduğunu xatırladaraq, məktəbliləri hər zaman qardaşlıq və sülh uğrunda birgə fəaliyyət göstərməyə çağırıb.

Kamal Abdullayev: "Azərbaycan müxtəlif millətlərin, dinlərin və irqlərin mənəvi bütövlük hiss etdiyi bir Vətənə çevrilib"

Layihənin sonuncu günü "Qardaşlaşmış məktəblər" və Beynəlxalq Multikulturalizm Qış məktəbinin iştirakçıları dövlət rəsmilərinin iştirakı ilə yekun mərasiminə qatılıblar.

Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev mərasimdə çıxış edərək deyib: "Yəqin ki, bizim bir yerdə keçirdiyimiz bu son gecə hamımızın xatirində ömrümüz boyu qalacaq. Mən bilirəm ki, bizim bir çox tələbələrimizi artıq göz yaşları, qəhər boğmağa başlayır. Bu, yaxındakı ayrılıq həsrəti ilə bağlıdır. Amma mən ona da inanıram ki, gələcəkdə belə görüşlərimiz tez-tez olacaq".

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan multikulturalizminin, mədəniyyətinin, tarixinin dünyaya tanıdılması baxımından Beynəlxalq Multikulturalizm Qış Məktəbinin və "Qardaşlaşmış məktəblər" layihəsinin böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı layihənin həm təşkilatçılarını, həm də iştirakçılarını təbrik edib, xarici tələbələrin və məktəblilərin ölkəmizə səfərinin Azərbaycan multikulturalizminin dünyada tanıdılması üçün bir vasitə olduğunu söyləyib. Yolasalma mərasimində Rusiya, Türkiyə və Azərbaycan məktəbliləri kövrək anlar yaşayıblar. Ürək sözlərini və arzularını bölüşən şagirdlər bir-birinə "əlvida" yox, "hələlik" deyərək, ayrılıblar.

GÜLYANƏ

Digər xəbərlər