PDF Oxu

Sosial

  • 25

Müdafiə diplomatiyası hücum diplomatiyası ilə əvəzlənib

Müdafiə diplomatiyası hücum diplomatiyası ilə əvəzlənib

Heydər Əliyev Fondu da Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünyaya çatdırılmasında böyük işlər görür

Aparilan düzgün, məqsədyönlü siyasət nəticəsində artıq dünya ictimaiyyəti xalqımızın qaysaq bağlamayan yarası olan Dağlıq Qarabağ həqiqətlərini qəbul edir və haqq işini dəstəkləyir. Təbiidir ki, bu siyasət davamlı xarakter daşıyır və bu sahədə görülən işlərin miqyası genişlənir. Elə bir rəsmi görüş, toplantı, yığıncaq olmur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışmasın, bu problemi dünya ictimaiyyətinə çatdırmasın və Azərbaycanın ədalətli mövqeyini müdafiə etməsin.

Eləcə də Heydər Əliyev Fondu da Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünyaya çatdırılmasında böyük işlər görür. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan "Azərbaycan" internet portalı olduqca böyük əhəmiyyətə malikdir. Portalda Azərbaycan haqqında geniş informasiya əldə etmək olar. Portalda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Xocalı soyqırımından, erməni vəhşiliklərindən bəhs edən məlumatların yerləşdirilməsi saxta erməni təbliğatına qarşı tutarlı cavab olmaqla dünya ictimaiyyətinin erməni vəhşilikləri ilə yaxından tanış olmasına şərait yaradır. Bildiyimiz kimi, Heydər Əliyev Fondu bununla yanaşı, hər il Xocalı soyqırımı ərəfəsində dünyanın müxtəlif ölkələrində soyqırımı qurbanlarının fotoşəkillərini sərgiləyir, beynəlxalq mətbuatda soyqırım haqqında yazılar dərc etdirir, "Xocalı uşaqların gözü ilə" rəsm müsabiqəsinin iştirakçılarının əsərlərindən ibarət sərgilər keçirir.

Mehriban xanım Əliyevanın xüsusi səyi nəticəsində Azərbaycan həqiqətləri dünyanın hər yerində gündəmə gətirilir. Bu istiqamətdə həyata keçirilən işlərə xüsusi önəm verən fond 2005-ci ildən başlayaraq müxtəlif dillərdə "Qarabağ həqiqətləri" toplusunu nəşr edir. Beynəlxalq ictimaiyyətə ünvanlanmış toplu ilkin olaraq Azərbaycan, rus və ingilis dillərində nəşr edilib. Həmçinin, "Qarabağ həqiqətləri" oxuculara alman və macar dillərində təqdim olunub. Təbliğat materialları indiyədək bir çox xarici ölkələrdə yayılıb, müxtəlif tədbir və aksiyalar zamanı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında səmərəli ideoloji vasitəyə çevrilib.

Xocalı soyqırımına həsr olunmuş mərasimlər 2005-ci ildən başlayaraq Vaşinqton, Nyu-York, Varşava, London, Pekin, Haaqa, Dubay, Kiyev, Moskva, Berlin, Strasburq, Brüssel, Buxarest, Cenevrə, Ankara, İstanbul, Praqa, Paris, Roma, Tbilisi, Sarayevo və başqa şəhərlərdə həyata keçirilib. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş kitablar, broşürlər çap edilir və kinofilmlər çəkilərək, dünya ictimaiyyətinə çatdırılır.

Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə

Ermənistanın apardığı təcavüzkar siyasətə baxmayaraq, Azərbaycan müxtəlif nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq edib münaqişənin həllində öz səylərini daha da artırır. Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməklə xarici siyasətin ən böyük uğurlarından birini qazanmış oldu. Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən BMT Təhlükəsizlik Şurasının terrorizmə qarşı mübarizə məsələlərinə həsr edilmiş yüksək səviyyəli iclas Ermənistanın dövlət terroru siyasətinin ifşa edilməsi baxımından əlamətdar olmuşdur. Lakin təəssüflər olsun ki, ötən müddət ərzində Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla aradan qaldırılması sahəsində BMT və dünya birliyinin göstərdiyi səylər Ermənistan Respublikasının açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması ucbatından təsirli nəticələr verməyib. Nəzərə alsaq ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə zəmin yaradan çoxlu sayda beynəlxalq hüquqi sənədlər qəbul olunub, lakin əfsus ki, bunlar münaqişənin həllində lazımi təsirini göstərə bilməyib. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, ATƏT-in, İslam Əməkdaşlıq Təşkilatının, AŞPA-nın, Qoşulmama Hərəkatının qərar və qətnamələri hələ də torpaqlarımızın erməni işğalından azad olunmasında bir nəticə verməyib. 2015-ci il fevralın 7-də 51-ci Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr" mövzusunda keçirilən panel müzakirəsində dövlət başçısının Qarabağ münaqişəsilə bağlı açıqlamaları bir daha diqqəti ölkəmizə yönəltdi. Dövlətimizin başçısı çıxışında bu günə qədər Minsk Qrupunun fəaliyyətində heç bir nəticə əldə olunmadığını xüsusi vurğulayaraq, buna səbəb kimi Ermənistanın üzərində kifayət qədər beynəlxalq təzyiqin olmamasını göstərdi və Qarabağ münaqişəsinin digər vacib beynəlxalq hadisələrin kölgəsində qaldığını bildirdi. Dövlət başçısı, həmçinin, Ermənistan tərəfinin işğal olunmuş ərazilərdə təlim keçməsinə də fikir bildirərək qeyd etdi ki, onlar bizim torpaqlarımızı işğal ediblər, beynəlxalq hüquq normalarını pozublar, Xocalıda soyqırımı törədiblər, tarixi və dini abidələrimizi məhv ediblər və bizi günahlandırırlar. Sual isə ondan ibarətdir ki, işğal olunmuş ərazilərdə Ermənistan əsgərlərinin nə işi var? Erməni əsgərinin Ağdamda nə işi var?

Azərbaycan Prezidentinin münaqişə ilə bağlı sərt açıqlamaları beynəlxalq aləmdə böyük rezonans doğurdu. Demək olar ki, dünyada böyük reytinqi olan bir çox media orqanları Azərbaycan Prezidentinin bu açıqlamalarını geniş ictimaiyyətə çatdırdı.

Diasporaların rolu

Müstəqilliyimizin ilk illərində Azərbaycan güclü erməni diasporunun informasiya blokadasından əziyyət çəkirdi. Zaman keçdikcə isə bu sahədə aparılan dövlət siyasəti də öz bəhrəsini verdi. Ötən müddət ərzində dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız arasında milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, adət-ənənələrimizin yaşadılması ilə yanaşı, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində də ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edəcək xeyli işlər görülüb. Bütün bunlar isə diasporumuzun təşkilatlanması və getdikcə daha da güclənməsi sayəsində baş verib.

Bu gün dövlətimiz və diasporalarımızın birgə işi sayəsində Azərbaycan gerçəklərinin dünyada tanıdılması istiqamətində uğurlu nəticələr əldə edilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə 2009-cu ildə yaradılan Rusiya Azərbaycanlıları Gənclər Təşkilatı "Xocalıya ədalət" kampaniyası çərçivəsində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xeyli işlər görüb, İslam Konfransı Təşkilatında Xocalı soyqırımı ilə bağlı qətnamənin qəbuluna nail olunub. 2009-cu il martın 31-də Nevada ştatında həmin günün qubernator tərəfindən "Azərbaycanlıların Soyqırımı Günü"nün anılması tarixi kimi elan edilib, 2010-cu il fevralın 25-də Massaçusets ştatının Nümayəndələr Palatası Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar olaraq, Xocalıda qırğın törədilməsi faktının tanınması haqqında qətnamə qəbul edib, 2011-ci ilin 26 fevralında Texas ştatının Nümayəndələr Palatası da Ermənistan tərəfindən Xocalıda çox ağır cinayət törədilməsi faktını tanıyıb. Həmçinin, Nyu-Cersi, Texas, Corciya ştatlarında da Xocalı soyqırımını tanıyan qətnamələr qəbul olunub. Əslində, bu siyahını bir qədər də artırmaq olar. Xocalı soyqırımının tanıdılması ilə bağlı digər ölkələrin parlamentində qəbul edilən sənədləri də bu siyahıya əlavə etmək olar. Təbii ki, diasporalarımız erməni yalanlarının ifşası istiqamətində daha əzmlə çalışmaqda israrlıdır. Əlbəttə ki, bu gün bizim daha çox istəyimiz də məhz budur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan artıq müdafiə diplomatiyasından hücum diplomatiyasına keçibsə, bu yolda dövlətin apardığı işə ən böyük dəstək məhz diaspora təşkilatlarından, dünyaya səpələnmiş milyonlarla soydaşımızdan gəlməlidir.

Diasporalarımızın fəallığı sayəsində hər il dünyanın bir neçə ölkəsində Xocalı soyqırımının ildönümü ilə əlaqədar yürüş-mitinq keçirilir. Dünya ictimaiyyəti Azərbaycan xalqının başına gətirilən faciələr barədə ətraflı məlumatlandırılır. Mitinq təşkilatçıları əllərində Azərbaycan bayrağı, qətliam qurbanlarının fotoları, palakatlar mərkəzi küçələrdən keçərək "Xocalıya ədalət", "Qarabağa azadlıq", "Avropa, Qarabağın azadlığına susma!", "Qarabağ bizimdir, bizim olacaq" kimi şüarlar səsləndirirlər. Tədbirlərdə Ermənistanın işğal altında olan Azərbaycan torpaqlarında törətdiyi vandalizmdən, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri və qəbiristanlıqları dağıtmaqlarından, dinc azərbaycanlılara qarşı törədilən soyqırımı aktlarından, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvasına dönməsinə imkan verilməməsindən danışılır.

Vətəndaş cəmiyyətinin missiyası

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində görülən tədbirlər çərçivəsində qeyri-hökumət təşkilatlarının həyata keçirdikləri layihələr də diqqətçəkən məqamlardandır. Belə ki, Azərbaycan dövlətinin QHT-lərə dəstək verəcəyi prioritet istiqamətləri önündə Azərbaycan gerçəklərinin dünya ictimaiyyətinə çatdırılması durur. Bu günə qədər dövlət tərəfindən Qarabağ müharibəsinə həsr olunmuş yüzlərlə layihələr maliyyələşdirilib. Bu layihələr çərçivəsində bir sıra xarici ölkələrdə təşkil olunan tədbirlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin başına gətirilən faciələr müxtəlif formalarda dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Erməni vəhşilərinin törətdiyi dəhşətli faciələri əks etdirən fotolar, kitablar, broşürlər, bukletlər və filmlər tədbirlərdə nümayiş etdirilərək, bu haqda nümayəndələrimiz tərəfindən ətraflı məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılır. Həmçinin, bir çox beynəlxalq tədbirdə QHT nümayəndələrinin iştirakı təmin olunub.

Bəli, biz öz haqq səsimizi dünyaya bəyan edə bilirik. Zamanla başımıza gətirilən faciələri hər kəsə təqdim edirik. Çünki biz vətənimiz Azərbaycanın vətənpərvər övladlarıyıq. Bu vətəni qorumaq bizim ən ümdə vəzifəmizdir. Bu işdə isə hamı bir olmalı, bir amal uğrunda birləşərək çalışmalıdır. Unutmamalıyıq ki, Vətən hamımızındır - sənin, mənim və onun...

Tünzalə İsmayılova

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Digər xəbərlər