Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin yaradılmasından 5 il ötür. Ötən dövrdə mərkəz öz fəaliyyətini müasir tələblər səviyyəsində quraraq, ölkənin ən mükəmməl elmi-tədqiqat müəssisələrindən birinə çevrilib.AZƏRTAC xəbər verir ki, mərkəzin kitab və arxiv fondu Naxçıvanşünaslığa dair mühüm çap və arxiv materialları ilə zənginləşdirilib. Hazırda mərkəzin kitabsaxlayıcı şöbəsində 3 min 374 nüsxə çap materialı var. Bunlardan 2 min 550 nüsxəsi kitab, 29-u miniatür kitab, 92-si avtoreferat, 703-ü isə qəzet və jurnal materiallarıdır.Mərkəzin kitabxanası və arxivi ən müasir informasiya avadanlıq və daşıyıcıları ilə təmin olunub, elektron kitabxana və elektron arxiv zənginləşdirilib. Bundan başqa, istifadəçilər onlara verilən şəxsi parol vasitəsilə elektron informasiya köşkünə yaxınlaşaraq istənilən kitabı sifariş verə bilirlər. Elektron köşk istifadəçilərə kitab fondunun elektron kataloqu ilə tanış olmaq, sorğulara operativ cavab almaq və virtual sifariş imkanı yaradır. İstifadəçilər elektron kataloq vasitəsilə mərkəzin fondunda olan ədəbiyyatlardan, sənədlərdən, əlyazmalardan, video və audio materiallardan, fotolardan və xəritələrdən istifadə edə bilərlər. Həmçinin üç dildə hazırlanan www.e-merkez.alimeclis.az internet saytı mərkəz ilə səmərəli informasiya mübadiləsi aparmağa imkan verir. Ötən dövrdə mərkəzin elektron saytından 10 mindən artıq oxucu istifadə edib.Fəaliyyəti dövründə muxtar respublikadakı ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivinin, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin iştirakı ilə Naxçıvanşünaslıq Mərkəzində "Muxtariyyətin 90 ili", "Kənd təsərrüfatı ili", "İnkişafın 20 ili", "Kitabi-Dədə Qorqud" dastanı və onun Naxçıvanla bağlılığı", muxtar respublikanın sosial-iqtisadi inkişafı, tarixi abidələr, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyəti barədə 204 açıq dərs və tədbir keçirilib, bu tədbirlərdə 3 min 953 dinləyici iştirak edib.
AZƏRTAC