Ötən əsrin sonlarında yenidən müstəqillik qazanan Azərbaycanda elə ilk dövrlərdən başlayaraq müstəqil mətbuat formalaşmağa başlamışdı. Sözsüz ki, o dövrün ağır ictimai-siyasi və iqtisadi durumu mətbuata da öz təsirini göstərirdi. İqtisadi çətinliklərlə qarşılaşan yazılı media və onu təmsil edən jurnalistlər, eyni zamanda siyasi, hətta bəzi hallarda fiziki təzyiqlərlə üzləşirdilər.
Ölkədə mövcud gərgin ictimai-siyasi durum, xaos, anarxiya və özbaşınalıq, digər sahələr kimi, mətbuata da öz mənfi təsirini göstərirdi. Söz və fikir azadlığının hər addımda boğulması, jurnalistlərin fiziki və mənəvi təzyiqlərə məruz qalması da həmin dövrün xarakterik cəhətlərindən idi.
Mətbuatımızın inkişafında yeni bir mərhələnin əsası qoyuldu
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, bir çox sahələrdə olduğu kimi, mətbuatımızın inkişafında da yeni bir mərhələnin əsasını qoydu.
Ümummilli Liderin hakimiyyətinin ilk illərindən başlayaraq demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycanın bu istiqamətdə atdığı addımlar və qazanılan uğurların nəticələri göz önündədir.
Ulu Öndər Heydər Əliyev müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək, bu sahəyə diqqətini əsirgəmədi.
Ümummilli Lider Heydər Əliyev 1998-ci ildə mətbuata dövlətin nəzarət mexanizmi olan senzuranı ləğv etməklə azad və müstəqil mətbuatın inkişafı üçün geniş imkanlar açdı. Dahi Öndər hakimiyyətdə olduğu dövrlərdə imzaladığı sərəncamlarla cəmiyyəti maraqlandıran informasiya bolluğunun yaradılmasının təməlini qoydu. Ölkədə xeyli sayda müstəqil mətbu orqanın və informasiya agentliklərinin, elektron KİV-lərin, jurnalist qurum və birliklərinin, bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradıldı.
Ümummilli Lider Heydər Əliyev söz və mətbuat azadlığının inkişafına əngəl olan, süni maneələrin aradan qaldırılması istiqamətində qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etdi, vətəndaş cəmiyyətinin quruculuğunu özünün inkişaf modeli seçən Azərbaycanda KİV-lərin rolunun artırılmasını başlıca məqsəd kimi qarşıya qoydu.
Ulu Öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı", həmçinin 1998-ci il avqustun 6-da imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman ölkəmizdə söz, mətbuat və fikir azadlıqlarının təminatına əlverişli şərait yaradıb. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması isə dövlətin mətbuat üzərində nəzarətinə tamamilə son qoyub. 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununun, sonrakı dövrlərdə isə "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", "Məlumat azadlığı haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikasının qanunlarının qəbul edilməsi ilə kütləvi informasiya vasitələri cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilib. Dahi şəxsiyyətin 2000-ci il 6 mart tarixli Sərəncamı ilə təsdiq edilən "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı" isə bu sahənin maddi-texniki bazasının gücləndirilməsində mühüm rol oynayıb.
Ölkəmizdə söz azadlığının təmin olunmasını üçün geniş imkanlar yaradılıb
Ümummilli Liderimiz ölkəmizdə söz azadlığının təmin olunmasına, kütləvi informasiya vasitələrinin cəmiyyət həyatındakı rolunun artırılmasına yüksək qiymət verib, jurnalistlərin peşə fəaliyyətləri üçün geniş imkanlar yaradıb. "Bizim dövlət siyasətimizin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsindən ibarətdir", - deyən Ümummilli Lider ölkəmizdə söz azadlığının təmin olunmasını, kütləvi informasiya vasitələrinin cəmiyyət həyatındakı rolunun artırılmasını daim diqqətdə saxlamış, jurnalistlərin peşə fəaliyyətləri üçün geniş imkanlar yaradıb. Dahi şəxsiyyətin kütləvi informasiya vasitələrinin inkişafına göstərdiyi böyük diqqət və qayğısı nəticəsində qısa zamanda bu sahədə fəaliyyəti tənzimləyən zəngin qanunvericilik bazası yaradılmış, mətbuat orqanlarının maddi-texniki təminatı və iqtisadi müstəqilliyi gücləndirilmiş, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyulmuşdur.
Müasir dövrdə mətbuat və söz azadlığı cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur. Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada, dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir.
Şübhəsiz ki, mətbuatımızın inkişafı, bu sahədəki uğurlar göz önündədir. Azərbaycanda azad internet mövcuddur və internet istifadəçilərinin sayı 70 faizdən çoxdur. Bu sahədə heç bir məhdudiyyət yoxdur. Azərbaycanda yüzlərlə mətbuat orqanı fəaliyyət göstərir. Yüzdən çox həftəlik, 40-a yaxın gündəlik qəzet nəşr edilir, təxminən 10 ümumrespublika telekanalı, eləcə də bir neçə internet televiziyası fəaliyyət göstərir.
"Söz və mətbuat azadlığı demokratik cəmiyyətin prioritet dəyərlərindən biridir"
Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı möhtərəm İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən azad mətbuatın inkişafına yönəlmiş bu siyasətə sadiq olduğunu atdığı addımları ilə təsdiqlədi.
2009-cu ildə keçirilən ümumxalq səsverməsi ilə Milli Konstitusiyaya olunan bir sıra əlavə və dəyişikliklərdə insanların şəxsi həyatına müdaxilənin aradan qaldırılması, böhtan xarakterli yazıların qarşısının alınması üçün mətbuatla ictimaiyyətin üzərinə düşən vəzifələr bir daha dəqiqləşdirildi. Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun dərinləşməsi, Azərbaycanın dünya informasiya məkanına daxil olması və informasiya cəmiyyətinə keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və beynəlxalq standartların tələblərinə uyğunlaşmasına ehtiyacın yarandığı müasir dövrümüzdə həyata keçirilən bu kimi tədbirlər insan hüquqlarının qorunması istiqamətində atılan ən düzgün addım kimi ölkə ictimaiyyəti tərəfindən dəstəkləndi. "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası" təsdiq edildi.
Ölkə Prezidenti İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da mətbuatın inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Milli Mətbuatımızın 135 illiyinin ölkəmizdə dövlət səviyyəsində qeyd olunması, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması, fəxri adlarla təltif olunmaları haqqında sərəncamların imzalanması və bu kimi biri-birindən əhəmiyyətli addımlar qeyd edilənlərin təsdiqidir.
Milli Mətbuatımızın 138 illiyində jurnalistlər üçün tikilmiş binanın istifadəyə verilməsi, "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" növbəti Sərəncamın imzalanması bu istiqamətdə görülən tədbirlərin davamıdır.
Söz və mətbuat azadlığını yüksək qiymətləndirən ölkə Prezidenti İlham Əliyev deyib: "Söz və mətbuat azadlığı demokratik cəmiyyətin prioritet dəyərlərindən biridir. Zəngin tarixi və mütərəqqi ənənələri olan Azərbaycan mətbuatı ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda demokratiya və siyasi plüralizmin mühüm vasitəsi kimi çıxış edir. Cəmiyyətdə aşkarlığın və şəffaflığın təmin edilməsində, aktual ictimai problemlərin ümumxalq müzakirəsinə çıxarılmasında, sosial ədalət prinsiplərinin müdafiəsində Azərbaycan mətbuatının rolu xüsusi qeyd olunmalıdır".
Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması, dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında münasibətlərin nizamlanması funksiyasını yerinə yetirən, 2003-cü il martın 15-də jurnalistlərin birinci qurultayında yaradılan Mətbuat Şurası (MŞ) fəaliyyət göstərir. Şuranın yaradılmasında məqsəd jurnalist standartlarına uyğun olaraq, Azərbaycan mətbuatının keyfiyyətinin və onun elan olunmuş azadlığının, cəmiyyətin informasiya əldə etmək hüququnun qorunması, jurnalistlərin peşə etikası kodeksinin tələblərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, KİV-in fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyə qədər həll variantlarının araşdırılması, mətbuatın davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, araşdırılması və bununla bağlı qərarların çıxarılması və s. məsələlərdən ibarətdir.
Azərbaycanın demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilir
Azərbaycan demokratik ölkədir. Ölkəmizin demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilir. Ölkəmizdə bütün azadlıqlar mövcuddur. İnsanlar öz seçim hüquqlarından sərbəst istifadə edərək seçki proseslərinə qatılır, istədikləri namizədə səs verirlər. Vətəndaşların sərbəst toplaşmaq azadlıqları yüksək səviyyədə təmin edilir. Siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün normal lazımi şərait yaradılıb. Eyni zamanda, cəmiyyətin idarə olunmasında əsas amil olan qanunlarımız mövcuddur. Qanunlara hörmətlə yanaşmaq siyasi əqidəsindən, mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların qarşısına əsas tələb kimi qoyulur.
Azərbaycan dövləti ölkəmizdə demokratik təsisatların inkişafı istiqamətində lazım olan bütün tədbirləri həyata keçirir. Demokratiyanın vacib amillərindən biri kimi, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə də günümüzün əsas reallıqlarındandır. Atılan addımlar öz müsbət nəticəsini verir. Dövlət başçısı İlham Əliyev çıxışlarında bu mövzularda araşdırmaların görülən işlərə dəstək olduğunu diqqətə çatdıraraq, bu inamı ifadə edir ki, xoşagəlməz halların sayı gələcəkdə ölkəmizin sürətli və hərtərəfli inkişafı hesabına azalacaq.
Cabir Məmmədov
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün