Günümüzün aktual məsələlərindən biri də mülkü qaydada çıxarılan məhkəmə qərarlarının bəzi hallarda icra edilməməsidir. Bunu bəzən icra məmurlarının məsələlərə ciddi yanaşmamaları ilə əlaqələndirilər. Elə söhbət etdiyimiz hüquqşünas Səməd Vəkilov da məhkəmə qərarlarının icrasında problemlər olduğunu qeyd etdi. Bildirdi ki, əslində dövlət adından çıxarılan məhkəmə qərarları bütün şəxslər üçün məcburi xarakter daşıyır: "Məhkəmə qərarının icra olunmaması, hazırda aktual problemlərdən biridir və bunun müxtəlif səbəbləri var".
"Məhkəmə qərarının icrasından yayınan şəxsin əmlakı üzərinə həbs qoyulur"
S.Vəkilovun sözlərinə görə, Azərbaycanda borca görə həbs qadağan olunduğu üçün bəzi dələduzlar bundan istifadə edərək, məhkəmə qərarının icrasından yayınmağa çalışırlar: " Azərbaycan "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyaya və onun birinci Protokoluna daxil edilənlərdən başqa bəzi hüquq və azadlıqların təmin olunmasına dair 4 saylı Protokoluna qoşulub. Həmin protokolun birinci maddəsinə görə, borca görə həbs qadağandır. Bəzi dələduzlar da bundan istifadə edərək, məhkəmə qərarlarından yayınmağa çalışırlar. Bəzən dələduzlar öz adlarında əmlak saxlamır və bu da məhkəmə icrasında problemlər yaradır. Əgər məhkəmə qərarının icrasından yayınan şəxsin əmlakı varsa, o zaman əmlakın üzərinə həbs qoyulur. Amma Cinayət Məcəlləsinin 306-cı maddəsinə görə, məhkəmə qərarının qərəzli şəkildə icra etmədikdə həmin şəxslər məsuliyyətə cəlb olunub, 3 il müddətinə azadlıqdan məhrum edilə bilərlər".
"Məhkəmə qərarının icrası mütləqdir"
Hüquqşünas onu da qeyd edib ki, əgər hər hansı bir şəxsin əmlak vəziyyəti məhkəmə qərarının icra edilməsinə imkan vermirsə, bu halda ona hissə-hissə ödəmək təklif olunur: "İcra haqqında" Qanuna görə, məhkəmə qərarının 10 günlük könüllü icra müddəti var. Bu müddət ərzində qərar icra edilmədikdə, məcburi icra və ya həbs qətimkan tədbirləri həyata keçirilir. İlk növbədə, inzibati qaydada 5,7, 30 gün həbs verilir, daha sonra həmin şəxs məsuliyyətə cəlb olunur. Ümumiyyətlə, məhkəmə qərarından yayınanlar üçün iki - əmlak və ya inzibati cəza tədbirləri mövcuddur. Azərbaycan Konstitusiyasının 129-cu maddəsində qeyd olunur ki, məhkəmə qərarının icrası məcburidir. Bundan boyun qaçırmaq mümkün deyil. Bəzən düşünürlər ki, əgər məhkəmə qərarını icra etmədiyinə görə həbsdə yatan şəxs oradan çıxandan sonra qərarı icra etməyəcək. Amma bu, belə deyil, həbs müddəti başa çatdıqdan sonra da məhkəmə qərarının icrası qüvvədə qalır. Qərarın icrası mütləqdir. Avropa Məhkəməsinin tələbindən çıxış edərək onu demək olar ki, məhkəmə qərarı icra edilməsə, ədalətli məhkəmə araşdırması hüququ xəyali icra oluna bilər. Bir halda ki, məhkəmə qərarı icra olunmur, o zaman hansı ədalətli məhkəmə araşdırmasından söhbət gedə bilər? Ədalətli məhkəmə araşdırmasının bir nömrəli atributu məhkəmə qərarının icra olunmasıdır".
NAİLƏ MƏHƏRRƏMOVA