PDF Oxu

Sosial

  • 50

Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir

Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir

YAP İsmayıllı rayon təşkilatı qadınlar şurası Diyallı kəndində Xocalı soyqırımı ilə əlaqədar anım mərasimi keçirib. Tədbir iştirakçıları öncə soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayonu qadınlar şurasının sədr müavini Şəmsiyyə Əhmədova qeyd edib ki, Xocalı faciəsindən 24 il keçməsinə baxmayaraq, bununla bağlı həqiqətləri, real faktları, törədilmiş faciənin miqyasını və ümumiyyətlə, bir xalqa qarşı törədilmiş etnik soyqırımının bütün dəhşətlərini yalnız son illərdə bəşəriyyətə çatdırılıb:"Heydər Əliyev Fondunun fəaliyyəti çərçivəsində Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində müstəsna işlər görülüb.Fond Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. Fondun dəstəyi ilə hər il müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə "Xocalıya ədalət!" beynəlxalq kampaniyası da real və konkret nəticələrini verməkdədir. Bu kampaniya təkcə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrini əhatə etmir, dünyanın 70 ölkəsində, Avropa məkanında, ABŞ-da, Rusiyada da bu deviz altında genişmiqyaslı tədbirlər keçirilir. Bu kampaniya çərçivəsində görülən işlər dünya ictimaiyyətinin Qarabağ münaqişəsi və Xocalı soyqırımı həqiqətlərindən xəbərdar olmasına imkan verir".

Tədbirdə çıxış edən partiya fəalları Şövkət İsmayılova, Nazilə Səfərova və başqaları qeyd ediblər ki, Xocalı soyqırımı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilmiş, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilmiş, əsir götürülənlərə amansız işgəncələr verilmişdir. Həmin əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq hüquqa və dövlətlərarası prinsiplərə əsasən, məhz soyqırımı olduğunu sübut edir. Bildirilib ki, erməni cəlladlarının törətdikləri bu amansız vəhşilik və vandalizm aktı bəşəriyyətin əsl soyqırımı kimi tanıdığı faciələrlə eyni səviyyədə qiymətləndirilməlidir. Çünki Xocalı faciəsi insanlığa, bəşəriyyətə qarşı bir cinayətdir. Dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyət bu acı həqiqəti bilməli, insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır. Qətliamın təşkilatçıları və icraçıları öz layiqli cəzalarını almalıdırlar. Çıxış edənlər Azərbaycanın haqq işinin qalib gələcəyinə inandıqlarını bildiriblər.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər