Köşə
Hadisə hər gün "28 May" metrostansiyası tərəflərdə vaqe olur... Elanlarda yazılır: gənc qızlar işə dəvət olunur, yüksək maaşla, yaş həddi 18-25... "Mədəni qadın ovçuları"nın işə götürdüyü qızların yaş həddi ağ varaqlar üzərində göstərilir. Yoldaşlar, müdirlər, rəislər, yaşı 26 olmazmı, 30 olmazmı? Bəlkə bu yaşda daha gözəldir, bəlkə bir az da düşünəsiniz! İllər keçdikcə şikarlar da çoxalır, bu işdən atasına siqaret pulu göndərənlər də qürurlanır, qardaşlarını işə düzəldənlər də, hətta bir zənglə sürücülük vəsiqəsi alanlar da az olmur. Nəyi pisdir ki? Kim sürücülük vəsiqəsini, tənbəki qoxuyan atasının siqaret pulunu, min manat maaşı, ən yaxşı halda maşını, evi namusundan, qeyrətindən üstün tutursa, ora qaçır. Bədbəxt qadınların "həyat hekayələri" artır, dinlədikcə zəhləmiz tökülür. Karyera xəstəliyi az insanımı rəzalətə gətirib çıxarıb!? Buna görə boşananlarla addımbaşı rastlaşmırıqmı? "Niyə boşandın" sualına ənənəvi olaraq qadın "narkoman idi", kişi "başqası ilə tutdum" cavabını verməklə indiki peşələrinə də haqq qazandırırlar. Bu yaxınlarda bir QHT-nin ofisində oldum, nə qədər boşanmış, karyerasına görə dədəsini də satmağa hazır olan qadın var idisə, hamısı orada idi. Müdir içəri girdi, biri də yerindən tərpənmədi, katibəsinin min ilin həsrətini özündə ehtiva edən yanıqlı baxışları otağa elə yayılmışdı ki, məni də veclərinə almırdılar. Məndən utanmalıdılarmı? Nə isə, 4 aylıq uşağını kimsəsizlər evinə atıb ərindən də boşanıb katibəlik edən bu "qadın"ın halı günlərlə məni narahat etdi. Kənd qoduqlarını xatırladan müdirindən, onun çirkli pulundan, kreditə götürdüyü maşından ötrü 4 aylıq qız uşağını uşaq evinə atan "qadın"ın halı günlərlə kefimə soğan doğradı, yeyib-içə bilmədim, təklikdə gözümdən də yaş çıxmamış olmadı. Necə deyərlər, bütün tələblərə cavab verən kişilərin bəd bəxti gətirmir ki, gətirmir. Qadın olmadığına görə özünü bəxtsiz adlandıranları da başa düşmək olar.
Orta məktəbdə ən çox oxuduğum kitablar daha çox Mircəfər Bağırov haqqında idi. Yadınızdadırsa, "Mircəfər Bağırovun məhkəməsi" kitabı o qədər məşhur idi ki, üz qabığından adamı vahimə basırdı. Onun haqqında çox oxumuşam, xüsusilə də namus, qeyrət məsələsində M.Bağırovun necə biri olması həmişə diqqətimi çəkib və təqdir etmişəm. Onu oxuduqca "Tütək səsi" filmində baş verənləri gecə-gündüz fikiləşirdim, Cəbrayıla haqq verib-verməyəcəyimi bilmirdim. Deyilənlərə inansaq, əgər Cəbrayıl, həqiqətən real olsa idi, M.Bağırov onu da mütləq güllələməli idi. Mircəfər Bağırovun məhkəməsi aparılanda ondan şikayət edən adamların heç birinin üzünə baxmazmış. Yalnız bircə dəfə gənc bir qadın ondan şikayət edən zaman Bağırov onun üzünə baxır. Gənc qadın ondan soruşur ki, nəyə görə onun filan vaxtda nazir olan ərini güllələyib? Bayaqdan susan Bağırov deyir:
- O suala mən yox, filan ünvanda yaşayan qadın cavab verə bilər.
Məhkəmədə fasilə elan olunur. Həmin qadını tapıb məhkəmə zalına gətirirlər. Qadın içəriyə girər-girməz ittiham kürsüsündə oturan Bağırova yaxınlaşaraq onun əlini öpür və sözə başlayır.
- Bu qadının əri nazir idi. Qızım da əlacsızlıqdan həmin nazirlikdə işləyəsi oldu. Sonra həmin nazir onu gördü, bəyəndi. Məcbur etdi ki, onun katibəsi kimi çalışsın. Qızım günlərin birində nazirin onu korladığını dedi. Mən də yoldaş Bağırova ərizə yazdım. Üçümüz birlikdə həmin nazirin kabinetinə girdik. Nazir yoldaş Bağırovu görən kimi qorxusundan yalvarmağa başladı. Məsələnin nə yerdə olduğunu bildi. Amma yoldaş Bağırov onu bağışlamadı, otağın küncündə güllələdi. Bunu deyəndən sonra bayaq şikayət edən qadın Bağırovdan üzr istəyib.
Samir