Bugünkü reallığa əsasən, demək olar ki, gələcəyin etibarlı təminatı peşəkar kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Gənclərin potensialından düzgün istifadə, bu istiqamətdə siyasətin düzgün qurulması, heç şübhəsiz ki, dövlətin gələcəyinin təminatı deməkdir. Gənclərlə bağlı həyata keçirlən dövlət proqramları onu deməyə əsas verir ki, Azərbaycan gəncliyi fəaliyyəti ilə seçilən, bilik və bacarığı ilə fərqlənən gənclikdir. Ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün yaradılan əlverişli şərait onların fəallığını daha da artırmış və beynəlxalq aləmə inteqrasiyasında böyük rol oynamışdır. Azərbaycan gəncləri ictimai-siyasi, hərbi, sosial-iqtisadi, elmi-mədəni və ölkə həyatının digər sahələrində milli maraqların qorunmasında, eləcə də, milli təhlükəsizliyimizin təmin olunmasında fəal rol oynayıb və bu gün də öz üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirirlər.
Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında yüksək fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar və sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində, bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Məhz bunun nəticəsidir ki, Azərbaycan tarixinin hər bir mərhələsində olduğu kimi, müstəqillik dövründə də gənclər aparıcı sosial-siyasi qüvvəyə çevrilmiş, müstəqilliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində yaxından iştirak edərək tarixi nailiyyətlərə imza atmışlar.
Azərbaycan gənclərinin hamisi
Ulu Öndər Heydər Əliyev xalqın çağrışı ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. Bu məqsədlə Ulu Öndərin Fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 1995-ci ildə isə, O, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. Forumda Ümummilli Lider Heydər Əliyev şəxsən iştirak edib. 1 Fevral 1997-ci il tarixdə forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Dahi Öndər Heydər Əliyev "2 Fevral - Azərbaycan Gənclər Gününün elan edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral Azərbaycanda Gənclər Günü kimi təntənəli şəkildə qeyd olunur. 2 fevral 1998-ci ildə Ulu Öndər Heydər Əliyev Azərbaycan Gəncləri Gününün ilk ildönümü münasibətilə keçirilən bədii-idman bayramında çıxış edərək gənclərə müraciətlə bildirib: "Mən sizi gördükcə daha da ruhlanıram, siz mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın Prezidenti sizin - gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin əlverişli şəraitdə yaşaması, təhsil alması, yaxşı əmək fəaliyyəti ilə məşğul olması üçün bundan sonra da əlimizdən gələni edəcəyik."
2 mart 1999-cu il tarixdə Azərbaycan gənclərinin ikinci forumundakı çıxışında Dahi Öndər Heydər Əliyev respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şəraitin yaradılması və dövlət orqanlarının diqqətini gənclərin problemlərinin həllinə yönəltməklə bağlı tövsiyələr verib. 1999-cu ildə Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan "Dövlət-Gənclər Siyasəti haqqında" Fərman bu sahəyə Prezident səviyyəsində böyük önəm verildiyinin təzahürü kimi qiymətləndirilə bilər. "Dövlət gənclər siyasəti haqqında" Fərman çox geniş spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin həlli, hüquqların müdafiəsi, ölkənin ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələləri əhatə edir. Dövlətin gənclərlə bağlı siyasəti bu məqsəd və prinsiplərin reallaşdırılması üçün hazırlanmış, müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumlarının icrasına yönəldilmişdir. Fərmana müvafiq olaraq "Gənclər siyasəti haqqında'' Azərbaycan Respublikasının Qanunu qəbul edilərək 9 aprel 2002-ci il tarixdə Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmışdır. Gənclər siyasətinin həyata keçirilməsi əsas cavabdeh dövlət qurumu kimi Gənclər və İdman Nazirliyinə tapşırılmışdır. Bütün bunlara əsaslanaraq birmənalı şəkildə demək olar ki, ölkəmizdə dövlət- gənclər siyasətinin formalaşdırılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Dövlət-gənclər siyasətinin müsbət nəticələri
Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında yüksək fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar və sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Məhz bunun nəticəsidir ki, Azərbaycan tarixinin hər bir mərhələsində olduğu kimi, müstəqillik dövründə də gənclər aparıcı sosial-siyasi qüvvəyə çevrilmiş, müstəqilliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində yaxından iştirak edərək tarixi nailiyyətlərə imza atmışlar.
Prezident İlham Əliyevin gəncliyin inkişafına göstərdiyi diqqət və qayğı, bir-birinin ardınca qəbul olunan qanunvericilik aktları, imzalanan sərəncamlar və həyata keçirilən tədbirlər gəncliyin inkişafında mühüm rol oynayır. Bütün bunlarla yanaşı, ölkə gənclərinin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında onların intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi müasir dövrün tələbi olaraq qalır. Gəncliyin inkişafında növbəti mərhələnin təmin edilməsi məqsədilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı təsdiq olundu. Bu əhəmiyyətli sənədin əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir. Dövlət Proqramının icrası bu gün ölkəmizdə savadlı, bilikli, intellektual, vətənpərvər ruhlu gənclərin yetişməsində mühüm əhəmiyyət kəsb edir. Məhz qayğıdan ruhlanan gənclərimiz siyasət, iqtisadiyyat, mədəniyyət, incəsənət, idman və digər sahələrdə Azərbaycanı dünyada layiqincə təmsil edirlər. Dövlət-gənclər siyasəti - gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Dövlət-gənclər siyasəti müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir.
Prezident İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" Sərəncamı da gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət edir. Sərəncamda ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri açıqlanmışdır. Proqrama uyğun olaraq gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda təlim-tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində tədbirlər həyata keçirilmişdir. 2005-2009-cu illərdə gənclər siyasəti üzrə Dövlət Proqramı reallaşdırılmış və bu proqramın 100-dən çox bəndi həyata keçirilmişdir. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulmuşdur. Bu günədək 1204 azərbaycanlı gənc ölkəmizin ehtiyac duyduğu sahələr üzrə müxtəlif təhsil səviyyələri üzrə dünyanın ən qabaqcıl universitetlərinə göndərilmişdir.
Hazırda ölkədə 200-ə yaxın gənclər təşkilatı, 20 dən artıq ali məktəbdə fəaliyyət göstərən tələbə-gənclər təşkilatları var. Onların əhatə etdikləri məsələlər də kifayət qədər genişdir: gənclərin vətənpərvər ruhda tərbiyəsi, məlumatlandırılması, işsizliyin azaldılması, gənclərin sağlamlığı, təhsili, fəal vətəndaş mövqeyi, mədəniyyətin geniş kütlələr arasında təbliği və s. məsələlər kifayət qədər aktualdır.
Bakıda Gənclər Mərkəzinin, regionlarda isə "Gənclər Evi"nin inşa edilməsi üçün müvafiq addımlar atılmışdır. Artıq 12 rayonda gənclər evləri fəaliyyət göstərir.
Bakı şəhəri və ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı proqramı çərçivəsində paytaxtın 5 rayonunda Gənclər Evi tikilməsi üçün layihələr təsdiq olunub və bu ildən etibarən inşasına başlanılacaq, yaxın 2-3 ildə isə daha 15 Gənclər Evi inşa olunacaq. Təbii ki, bu uğurların, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Əlbəttə, milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı Ulu Öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Bu siyasət isə dönməz və davamlı olacaq. Çünki Ulu Öndərin əsasını qoyduğu siyasətə və bu siyasəti uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevə xalq sevgisi və bu sevgidən doğan böyük inam və etimad var.
Tofiq Abdullayev
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqə üçün