PDF Oxu

Sosial

  • 46

Erməni vəhşiliyinin qurbanı-Xocalı soyqrımı

Erməni vəhşiliyinin qurbanı-Xocalı soyqrımı

Son 200 ildə ermənilər tərəfindən müxtəlif xarakterli soyqırımlara məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə ayrılmaz hissəsi olan Dağlıq Qarabağda üzləşdi. Himayədarlarından hərbi-siyasi dəstək qazanan Ermənistan Azərbaycanının Dağlıq Qarabağ bölgəsində vəhşiliklər, qətliamlar törətdi. Ən dəhşətli qətliam isə 1992-ci ilin qışışında törədilən Xocalı soyqırımı oldu. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə, şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur. Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular. Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan: uşaqlar - 63 nəfər; qadınlar - 106 nəfər; qocalar - 70 nəfər, 8 ailə tamamilə məhv edilmişdir; 25 uşaq hər iki valideynini itirmişdir; 130 uşaq valideynlərindən birini itirmişdir; 487 nəfər yaralanmışdır, onlardan: uşaqlar - 76 nəfər; 1275 nəfər əsir götürülmüşdür: 150 nəfər İtkin düşmüşdür: Dövlətin və əhalinin əmlakına 1.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mld.rub dəyərində ziyan vurulmuşdur.

Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəçilmiş və yeganə nəqliyyat vasitəsi kimi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə, 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi, əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.

Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.

Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-ci alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. Şəhərə hücum toplardan, tanklardan, "Alazan" tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlanmışdı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əsgəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu məkrli hiylə imiş. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləbarana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir. Ağdam və Bakıda Memorialın müşahidəçiləri Xocalıya hücum zamanı şəhəri tərk etmiş 60 nəfərlə sorğu-sual etmişlər. Soruşulanlardan ancaq biri söyləmişdir ki, dəhliz barədə məlumatı olmuşdur. Azad dəhlizlə qaçan əhali Azərbaycanın Ağdam rayonuna qovuşan ərazidə güllələrə tutulmuşdur və nəticədə, çoxlu sayda insan həlak olmuşdur. Şəhər erməni silahlı dəstələri tərəfindən zəbt ediləndə orada 300 dinc əhali, o cümlədən 86 məshəti türkü qalmışdı. Hər iki tərəfdən alınmış məlumata əsasən, 1992-ci il martın 3-nə Azərbaycan tərəfinə 700-dən artıq şəhərdə və Ağdam yolunda əsir götürülmüş Xocalı sakini təhvil verilmişdir. Onların əsas hissəsini qadınlar və uşaqlar təşkil edirdi. Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktların - Cenevrə Konvensiyası, Ümumdünya İnsan Haqqları Bəyannaməsi, vətəndaş və siyasi hüquqlar barədə Beynəlxaq Sazış, Fövqəladə Vəziyyətlərdə və Hərbi Münaqişələr zamanı Qadınların və Uşaqların Müdafıiəsi Bəyannaməsinin, həyasızcasına məhəl qoyulmamasıdır.

Ümummilli Liderimizin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla hər il fevral ayının 26-sı saat 17.00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir.

Ulu Öndərin 26 mart 1998-ci il tarixdə imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanla azərbaycanlılara qarşı müxtəlif illərdə mütəmadi olaraq törədilmiş soyqırımı cinayətlərinə, o cümlədən Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verildi. Fərmanda haqlı olaraq dünya ictimaiyyətinə çatdırılır ki, Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülüb, planlı surətdə həyata keçirdiyi soyqırımı - Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətinə qeyd etmişdir: "Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".

Ümummilli Lider Heydər Əliyevin ən layiqli siyasi varisi, Azərbaycan Prezidenti İlham Əliyev Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün davamlı və ardıcıl fəaliyyətin vacibliyi barədə deyib: "Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu, son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır".

2012-ci il fevral ayının 26-da - Xocalı soyqırımının 20-ci ildönümündə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Öndərliyi ilə Azadlıq meydanından "Xocalı soyqırımı" adibəsinə edilən ümumxalq yürüşü göstərdi ki, qisas anımız, torpaqlarımızın işğaldan azad ediləcəyi gün uzaqda deyil. Bu ümumxalq yürüşü Azərbaycan xalqının sıx birliyini, işğal altındakı torpaqların azad olunması və ölkənin ərazi bütövlüyünün bərpası üçün əlindən gələni etmək əzmini göstərdi. On minlərlə insanın iştirak etdiyi bu yürüş ermənilərə və onların havadarlarına bir mesaj idi. Prezident İlham Əliyev bununla bir daha bəyan etdi ki, soyqırımı qurbanlarının qanı yerdə qalmayacaq, erməni vəhşiliyi daim bütün dünyaya çatdırılacaq, Ermənistanın təcavüzkar siyasəti ifşa ediləcək. Bir daha bütün dünyaya çatdırıldı ki, xalqımız istənilən yolla Ermənistanın işğal etdiyi Dağlıq Qarabağı və ətraf rayonları azad etməyə, münaqişənin Azərbaycan dövlətinin maraqları çərçivəsində həllinə məcbur olacaqdır.

Xarici jurnalistlər və siyasətçilərdə Xocalıda törədilən vəhşilikdən dəhşətə gəlmişlər

O gecənin müdhişliyi tariximizə təkcə xocalılıların deyil, xalqımızın qanlı göz yaşları ilə yazıldı. Lakin Xocalının dərdli-naləli gecəsi barədə nə qədər yazılsa belə, yenə də müsibət və dəhşətləri olduğu kimi təsəvvür etmək çətindir. Xocalıda baş verən dəhşətləri həmin dövrdə bir sıra xarici ölkələrin aparıcı kütləvi informasiya vasitələri də işıqlandırıb. Faciə baş verən gün Xankəndidə ezamiyyətdə olmuş Fransanın "Libardion" qəzetinin əməkdaşı Jül Gen Vaynerin qeydləri xüsusi maraq doğurur. Xocalı soyqırımını qorxulu yuxuya bənzədən Vayner jurnalistika ilə məşğul olduğu 25 il ərzində müharibələrin getdiyi müxtəlif ölkələrdə olduğunu, lakin Xocalı şəhərindəki kimi dəhşətli və tükürpədici mənzərələrlə rastlaşmadığını yazmışdır. O, "Libardion" qəzetində çap etdirdiyi "Erməni terrorizminin canlı şahidi oldum" sərlövhəli yazıda Xocalıda baş verənlərin qabaqcadan cızılan ssenari olduğunu açıq bəyan etmişdir. Onun fikrincə, bunda məqsəd, bütövlükdə bəşəriyyətin gözünü qorxutmaq olmuş, erməni terrorizmi dünyanı məhz bu yolla "ram etməyə" çalışmışdır. Rusiyanın 366-cı motoatıcı alayının ermənilərlə birgə Xocalı üzərinə hücumundan bir gün əvvəl Xankəndidə bu alayın qərargahında olan Vayner orada rus polkovniki Zaviqarovun əməliyyata ciddi hazırlaşdığının şahidi olduğunu da bildirir: "Hələ Xocalı işğal edilməmişdən bir gün əvvəl 49 azərbaycanlı əsir alınaraq kütləvi şəkildə güllələndi. Batalyon və hərbi hissələrin komandirləri dinc əhalinin məhvinə qərar vermişdilər. Hücumdan bir neçə saat əvvəl 366-cı alayın qərargahında 58 azərbaycanlı qətlə yetirildi. Onların çoxu qadın və uşaqlar idi. Cəsədlərin gömüldüyü quyuların yanından keçmək mümkün deyildi. Çünki oradan dəhşətli dərəcədə meyit iyi gəlir və itlərin, çaqqalların səsləri eşidilirdi". Gördüklərini obyektiv şəkildə yazan fransalı jurnalist Xocalıya hücum ərəfəsində Ermənistanın hakimiyyət orqanları rəhbərlərinin 366-cı motoatıcı alayın qərargahında olduğunu da qeyd etmişdir. "Faynenşl Tayms" qəzeti (London), 14 mart 1992-ci il: General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbiçisi Dağlıq Qarabağda qalmışdır. "Le Mond" qəzeti (Paris), 14 mart 1992-ci il: Ağdamda olan xarici jurnalistlər, Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu, reallıqdır. "İzvestiya" (Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets: Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü. "Valer aktuel" jurnalı (Paris), 14 mart 1992-ci il: Bu "müxtar regionda" erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər. R. Patrik, İngiltərənin "Fant men nyus" teleşirkətinin jurnalisti (hadisə yerində olmuşdur): Xocalıdakı vəhşilikllərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz. R.Patrik, İngiltərənin "Fant men nyus" teleşirkətinin jurnalisti (hadisə yerində olmuşdur): Xocalıdakı vəhşilikllərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.

Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Cinayət cəzasız qala bilməz. Bu soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Dünya birliyinin soyqırımına hüquqi qiymət verməkdə hələ də tərəddüd etməsi isə təəccüb doğurmaqla yanaşı, ikili yanaşmanın nəticəsi hesab olunur. Bu yanaşmanı isə Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə aradan qaldıracaq. O gün isə uzaqda deyil.

Heç nə unudulmur, heç nə yaddan çıxmır. Allah bütün şəhidlərimizə, o cümlədən Xocalı qurbalarına rəhmət eləsin.

Kamilə Əliyeva,

millət vəkili

Digər xəbərlər