PDF Oxu

Sosial

  • 40

Daşkəsən rayonu 2015-ci ili uğurla başa vurdu

Daşkəsən rayonu 2015-ci ili uğurla başa vurdu

Dünən Daşkəsən rayonunda 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilmişdir. Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoymuş, sonra rayon icra hakimiyyətinin inzibati binasında yığıncaq öz işinə başlamışdır.

Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev yığıncağı giriş sözü ilə açaraq qeyd etmişdir ki, biz bu gün rayonumuzda 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələri müzakirə etmək üçün toplaşmışıq: "Qeyd etməliyəm ki, müzakirəsinə toplaşdığımız 2015-ci hesabat ili, bütövlükdə respublikamız üçün, eləcə də Daşkəsən rayonu üçün xüsusilə əhəmiyyətli və yaddaqalan olmuşdur. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə 2015-ci ildə ölkəmizin qarşısında duran bütün vəzifələr uğurla icra edilmiş, Azərbaycan öz sürətli inkişaf tempini saxlaya bilmiş, iqtisadi və sosial proqramlar yerinə yetirilmiş, böyük layihələr icra olunmuşdur. Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində, Azərrbaycan regionun lider dövlətinə çevrilib, ölkəmizin həyatının bütün sahələrində böyük uğurlar qazanılıb. Belə ki, son 12 il ərzində ölkmizin iqtisadiyyatı dinamik inkişaf edib, genişmiqyaslı ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində bütün sahələrdə islahatlar aparılır. Ölkə iqtisadiyyatı reytinq sıralamasında ilk 40 dövlət arasındadır və Müstəqil Dövlətlər Birliyində lider mövqeyini qoruyub saxlayır. Neftin qiymətinin kəskin enməsi iqtisadiyyatımızda müəyyən problemlər yaradır. Möhtərəm Prezidentimiz çox hörmətli Cənab İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə qeyri-neft sektorunun daha da genişmiqyaslı islahatlarına başlanılmışdır. Qeyri-neft sənayesi, aqrar kənd təsərrüfatı, sahibkarlığın inkişafı, həmçinin şəffafığın, xüsusilə maliyyə sahəsində ictimai nəzarət mexanizminin fəallaşdırılması istiqamətində konkret addımlar atılır, mühüm sənədlər, fərmanlar, sərəncamlar imzalanır. Bu gün aydın və düşünülmüş iqtisadi islahat konsepsiyası var və icrası ilə də məşğuldurlar. Əlbəttə, bütün islahatların əsasında maliyyə sabitliyi durur. Azərbaycan 38 milyard dollara yaxın valyuta ehtiyatlarına malikdir. Keçən il ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulmuşdur. Belə valyuta ehtiyatlarına malik və ölkə iqtisadiyyatına olan inam, ölkədəki sabitlik onu deməyə əsas verir ki, bundan sonra da bizim dövlətimiz və xalqımız heç bir maliyyə çətinliyi çəkməyəcəkdir".

Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev nitqinə davam edərək bildirdi ki, 2015-ci ildə Daşkəsən rayonunda faktiki qiymətlərlə ümumi məhsul buraxılışının həcmi əvvəlki ilə nisbətən 9,9 faiz çox olmuşdur: "Ümumi məhsul buraxılışında 2014-cü illə müqayisədə 2015-ci ildə sənaye 5487,2 min manat (23,3% çox), tikinti 11093,8 min manat (30,9% çox), kənd təsərrüfatı məhsulları 29168,1 min manat (4,2% çox), nəqliyyat üzrə 2872,9 min manat (9,1% çox), ticarət və ictimai iaşə xidmətləri üzrə 16332,6 min manat (5,6% çox), informasiya və rabitə xidmətləri üzrə 244,8 min manat (7,3% çox) olmuşdur. Hesabat ilində rayonda ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 95 faiz təşkil etmişdir. Ümumilikdə rayon üzrə 2015-ci ildə 220 daimi olmaqla, 310 yeni iş yeri açılmışdır. 2015-ci il ərzində 500 nəfər rayon ərazisində mövsümü təmir-tikinti işlərinə cəlb edilmişdir. 2015-ci ildə rayonda sənaye müəssisələrində çalışan bir işçiyə düşən orta aylıq nominal əmək haqqı 410,1 manat, dövlət sektorunda 419,7 manat, qeyri-dövlət sektorunda isə 267,1 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 12 yanvar 2015-ci il tarixli Sərəncamı ilə 2015-ci il "Kənd təsərrüfatı ili" elan olunmuşdur".

Daşkəsən rayon icra hakimiyyətinin başçısı cənab Əhəd Abıyev nitqinə davam edərək vurğuladı ki, 2014-cü ilin oktyabr ayının 17-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birlikdə Daşkəsən rayonuna unudulmaz tarixi səfər etmişlər: "Həmin səfər vaxtı rayonda bir neçə obyektin açılışı olmuşdur. Daşkəsən rayon icra hakimiyyətinin yeni inzibati binasının; Avtovağzal Kompleksinin; Gənclərin Təlim və İstirahət Mərkəzinin açılışında iştirak etmişlər. Səfər bütün daşkəsənlilərin böyük sevincinə səbəb olaraq, onların yaradıb-qurmaq əzmini daha da artırmışdır. 2015-ci il ərzində rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülmüşdür və hazırda da həmin işlər davam etdirilməkdədir. Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun Astaf kəndinə gedən hissəsində 2 ədəd hər birinin ümumi uzunluğu 28,4 m, eni 11 m, avtomobillərin hərəkət hissəsi isə 8 m olan körpülərin tikintisi başa çatdırılaraq 23 dekabr 2015-ci il tarixdə istifadəyə verilmişdir. Ttikintisi dayandırılmış 35 kv-luq Əhmədli EVX-nin və "Alunit" İstehsalat Sahəsində qəza vəziyyətində olan 35/6 kv-luq elektrik yarımstansiyasının funksiyasını yerinə yetirəcək yeni yarımstansiyanın tikinti işləri davam etdirilmişdir. Qaraqollar kənd həkim, Əhmədli, Bayan və Zinzahal kənd tibb məntəqələrində, Quşçu kənd mədəniyyət evində təmir işləri aparılmışdır. Xoşbulaq və Qaraqollar kənd tam orta məktəb binalarının dam örtüyü təmir edilmişdir".

Rayon icra hakimiyyətinin başçısı onu da bildirmişdir ki, 2015-ci il ərzində Bakıda ilk Avropa Oyunları keçirilmişdir. Sevindirici haldır ki, ilk Avropa Oyunlarının məşəli 2015-ci ilin may ayının 16-da Daşkəsən şəhərində alovlandırılmışdır. Bu tədbir yüksək səviyyədə təşkil olunmuş və keçirilmişdir.Tədbirin yüksək səviyyədə təşkil olunduğuna görə ilk Avropa Oyunlarının Əməliyyat Komitəsi tərəfindən rayonumuza "Xatirə" medalı verilmişdir. Ötən ilin 16 noyabr - 1 dekabr tarixlərində "Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası" İctimai Birliyinin Sorğu-Analitik Mərkəzi və bir neçə xəbər portalı tərəfindən "İLİN BAŞÇISI" sorğusu keçirilmişdir. Ölkə ictimaiyyətinin bütün təbəqələrinin həssaslıqla yanaşdığı, gərgin rəqabət şəraitində keçən sorğunun ilk günlərindən başlaraq, dağlar qoynunda yerləşən Daşkəsən rayonu bütün ictimai-siyasi hadisələrdə daima zirvələrdə olduğu kimi, bu sorğuda da birinciliyi əldən verməyərək Daşkəsən rayon icra hakimiyyətinin başçısı kimi 2015-ci ildə "İLİN BAŞÇISI" seçilmişəm. Bu, Azərbaycan Respublikasının möhtərəm Prezidenti Cənab İlham Əliyevin göstəriş və tapşırıqları əsasında son illər rayonda aparılan doğru-düzgün, düşünülmüş sosial-iqtisadi, ictimai-siyasi tədbirlərin uğurlu icrası nəticəsində əldə olunmuşdur".

Çıxışının sonunda rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev demişdir: "İcazə verin, Azərbaycan Respublikasının möhtərəm Prezidenti Cənab İlham Əliyevi bir daha əmin edim ki, bundan sonra da qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün daha yüksək əzmkarlıq göstərərək, bütün qüvvəmizi səfərbər edib, var gücümüzlə çalışacağıq".

Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevin dərin məzmunlu geniş nitqindən sonra Daşkəsən rayonu üzrə Maliyyə idarəsinin rəisi Natiq Zeynalov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mirzəkərim Tağıyev, Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov daşkəsənlilərə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, qarşıda duran vəzifələrin icrasından danışmışlar.

Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov, millət vəkilləri Rövşən Rzayev və Kamran Bayramov çıxış etmişlər.

Yığıncağın sonunda qərar layihəsi qəbul olunmuş, toplantı iştirakçıları adından ölkə Prezidenti Cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Rəfiqə Kamalqızı

Digər xəbərlər