PDF Oxu

Sosial

  • 28

Banklar insanların qatilinə çevrilir

Banklar insanların qatilinə çevrilir

"Unibank"ın qoluzorlu əməkdaşları müştərilərini təhdid edir, şərəf və ləyaqətlərini alçaldan ifadələr səsləndirirlər

Vüqar Bayramov: "Mərkəzi Bank "az manat, dollara az tələb" prinsipi ilə vətəndaşları və xüsusən də biznesi milli valyutasız qoyub"

II YAZI

Hər kəsin sahibkarlıq fəaliyyəti ilə məşğul olması, özünə xırda və ya iri biznes şəbəkəsi yaratması mümkündür. Daha doğrusu, bu, müsbət qarşılanmalıdır. Yetər ki, iqtisadi-ticarət əlaqələrinin yaradılmasında ədalət prinsipi gözlənilsin. Yəni yalnız öz marağını deyil, başqalarının da mənafeyi gözlənilsin. Amma təəssüf hissi ilə vurğulamaq lazımdır ki, Azərbaycanda bəzi sahibkarlıq subyektləri, xüsusilə də bankçılıq sahəsində çalışan iş adamları yalnız fəaliyyətlərini özlərinin maraqlarını qorumaq üzərində qururlar. Kreditorlarla bağlanan müqavilələr tam şəkildə öz istəklərinə uyğun tərtib olunur. Maliyyə savadsızlığı, xüsusilə də pula olan ehtiyac müştərini düşünməyə belə imkan vermir. Bu sadəlövhlükdən istifadə edən banklar müştərinin bir növ cibinə girmiş olurlar. Müəyyən halda bunu qarət kimi də dəyərləndirmək olar. Deməli, bu halda açıq şəkildə cinayət törətmiş olurlar ki, buna görə də virtual yanaşma olsa belə, haqlarında cinayət işi açılır və azadlıqdan məhrumetmə cəzasına məhkum olunurlar. Səbəbsiz yerə deyilməyib ki, belələri bu dünyada olmasa da, haqq dünyasında ədalət məhkəməsi qarşısında oturacaqlar.

"Unibank" müştərisini səviyyəsiz adlandırır

Qaz vurub, qazan dolduran "Unibank" və onun rəhbərliyi düşünməlidir ki, insanların faciəsi üzərində var-dövlət qazanmaqla bu dünyada özlərinə cəhənnəm üfunəti əldə edəcəklər. Redaksiyamıza daxil olan şikayət məktublarında insanlar "Unibank"ın onları müxtəlif şirnikləndirici reklamlarla aldatdıqlarını bildirirlər. Qara Qarayev prospekti, ev 29, mənzil 68 ünvanda yaşayan şikayətçi Cəlil Rəcəbli bildirir ki, "Unibank"ın "Albalı" kartından istifadə edib, amma bu istifadəyə görə peşmandır: "Cəmi 500 manat vəsaiti olan kartdan istifadəyə görə, ümumilikdə əlavə 300 manata yaxın pul ödəmişəm. Amma bank bu vəsaitin az olduğunu bildirib, əlavə 155 manat da istəyir. Telefonuma hədə mesajları yazılır, təhdid xarakterli zənglər olur. 055-505-71-07 telefon nömrəsindən zəng edən bank əməkdaşı məni səviyyəsiz adlandırdı. Pulu ödəmədiyimə görə başqa sərt addımlar atacağını dedi".

C.Rəcəbli bildirir ki, hədə-qorxuların reallığa çevriləcəyindən narahat olduğundan, hüquq-mühafizə orqanlarına müraciət etmək fikrindədir.

"Unibank"ın "Albalıkart" müştərisi Elşad Ələkbərov da redaksiyamıza ünvanladığı şikayət məktubunda bank əməkdaşları tərəfindən təhdidlərlə üzləşdiyini qeyd edir: "500 manat vəsait kartdan götürsəm də, ümumilikdə bu günə qədər 1100 manat pul ödəmişəm. Ancaq bunun az olduğunu iddia edərək daha 274 manat istəyirlər. Bu istəyin haqsız və qanunazidd olduğunu desəm də, məni eşidən yoxdur. Bank rəhbərliyi məni dinləmək belə istəmir. Hər gün evimə, mobil telefonuma zəng edib hədələyirlər. Çıxış yolunu məhkəməyə müraciət etməklə hüquqlarımı müdafiə etməkdə görürəm".

Yeri gəlmişkən, şikayətçinin də qeyd etdiyi kimi, vurğulamaq lazımdır ki, vətəndaş kreditlərinin ödənilməsində yaranan anlaşılmazlığa aydınlıq gətirilməsi üçün məhkəməyə müraciət edə bilər. Hətta vətəndaş bank əməkdaşlarının ona mənəvi-psixoloji zərbə vurduğunu əsas gətirərək təzminat tələb etmək haqqına da malikdir. Qanunvericiliyə görə, vətəndaş götürdüyü krediti qaytara bilmirsə, bu halda bank tərəfindən ona güzəşt tətbiq olunmalıdır. Kreditoprlar üçün məlumat olaraq onu da bildirmək yerinə düşər ki, Azərbaycan Respublikasının heç bir qanunverici aktlarında kreditin ödənilməməsinə görə vətəndaşların inzibati qaydada belə məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmur. Ona görə də heç bir bank, eləcə də uzun illər onlara milyonlar qazandıran "Unibank" müştərilərini məhkəmə yolu ilə cəzalandırmasına nail ola bilməzlər. Bu, həm də Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara və beynəlxalq hüquqlara əsaslanır. Deməli, məsuliyyət yalnız mülki qaydada ola bilər ki, bu da problemli kreditin əmlakınızdan müəyyən qədər tutulması ilə öz həllini tapa bilər.

Mərkəzi Bank "Unibank"a niyə təsir edə bilmir?

Bəzi özəl bankların özbaşınalıqlarının iplərinin çəkilməsi üçün Mərkəzi Bank sərt addım ata bilər. Demək olar ki, bu istiqamətdə müəyyən tədbirlər görülüb, amma yetərli olmadığı müşahidə olunur. Bu da cəmiyyətdə Mərkəzi Banka qarşı narahat və narazı yanaşmaların yaratmasına gətirib çıxarır. Qanunvericiliyə görə, Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi öz səlahiyyətləri çərçivəsində ölkədə qiymətlərin sabitliyini təmin etməkdən ibarətdir: "Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi öz səlahiyyətləri çərçivəsində ölkədə qiymətlərin sabitliyini təmin etməkdən ibarətdir. Bundan başqa bank və ödəniş sistemlərinin sabitliyinin və inkişafının təmin edilməsi də mərkəzi bankın məqsədlərinə daxildir. Mərkəzi Bank fiziki şəxslərlə və real sektor müəssisələri ilə bilavasitə kredit əməliyyatları aparmır. Mərkəzi Bank iqtisadiyyata yalnız bank sistemi vasitəsilə kredit verir".

Deməli, bu və ya digər formada Mərkəzi Bank cəmiyyətdə özünə mənfi imic formalaşdıran "Unibank"a qarşı sərt tədbirlər görə bilər. Bu, bankın lisenziyasının əlindən alınması ilə mümkündür. Gözləntilər reallaşmırsa, burada şübhəli məqamlar yaranır. Bu məqamlar başqa söhbətin mövzusu olduğu üçün başqa bir zamana qalmasını məsləhət bilirik. Hələlik isə, yalnız onu demək olar ki, Mərkəzi Bankın apardığı pul siyasəti özəl bankların əl-qol açmasına imkan verir. İqtisadçı-ekspert Vüqar Bayramov da bu fikirdədir ki, əslində, 2015-ci ildə Mərkəzi Bankın siyasəti dollarlaşma prosesinə dəstək deyil, manata inam üzərində qurulmalı idi: "Manatla əmanətlərin banklardan götürülməsinin qarşısının alınması, eləcə də yeni depozitlərin cəlb edilməsi üçün bir sıra təbii ehtiyatlara malik olan ölkələrdə olduğu kimi banklarda olan əmanətlərin dollara indeksasiyası ilə bağlı təklifimiz birinci devalvasiyadan öncə verilsə də Mərkəzi Bank hələ də bu istiqamətdə heç bir addım atmayıb. Bu, həm də, evlərdə saxlanan manatların banklara yönəldilməsinə və bununla da milli valyutaya təzyiqin azaldılmasına xidmət edə bilərdi. Amma baş bankın son 1 ildəki siyasəti, əksinə manata təzyiqi artımaq üzərində quruldu. Manat bazasını son bir ildə inzibati metodlardan istifadə etməklə 2 dəfə azaldan Mərkəzi Bank "az manat, dollara az tələb" prinsipi ilə vətəndaşları və xüsusən də, biznesi milli valyutasız qoyub".

İ.ƏLİYEV

P.S. Mövzu ilə bağlı araşdırmalarımız davam edir.

Digər xəbərlər