PDF Oxu

Sosial

  • 45

"Unibank"ın fəaliyyəti araşdırılmalıdı - ŞİKAYƏT!

"Unibank"ın fəaliyyəti araşdırılmalıdı - ŞİKAYƏT!

"Bank 4 aydır maaşımdan 50% tutur, bankdan hər gün zəng edib məni təhqir edirlər, şagirdlərimin qarşısına çıxa bilmirəm, utanıram..."

Son vaxtlar banklarla vətəndaşlar arasında baş verən qalmaqallar artmaqda davam edir. Xüsusilə də "Unibank"la müştərilər arasında yaşanan gərginliklərin, qarşıdurmaların, demək olar ki, hər gün şahidi oluruq. Elə bir gün yoxdur ki, mətbuatda "Unibank"a borclu olan vətəndaş intihara cəhd etdi" başlıqlı məlumatları oxumayaq. Dünən də redaksiyamıza zəng vuran Bakı şəhər Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan Azər Niftiyev adlı vətəndaş "Unibank"ın onu haqsız yerə cərimələdiyini bildirib: "Mən orta məktəbdə riyaziyyat müəllimi işləyirəm. "Unibank" nə vaxtdır başıma oyun açır. Bankdan kredit götürmüşdüm, "Albalıkar"t da almışdım. Ödəniş bir gün gecikən kimi üstünə o qədər faiz gəlirdilər ki, faiz əsas məbləği üstələyirdi. Ödəyə bilmirdim. Məcbur olub qol saatımı satıb faizi ödəmişəm. Üstündən iki gün keçməmiş yenə zəng edib məni təhqir etdilər, bu gün də təhqir edirlər. Səhər açılan kimi "Unibank"dan o qədər zəng gəlir ki, məktəbdə şagirdlərə dərs deməyə imkan vermirlər. Mən ziyalıyam, 15 ilə yaxındır ki, müəlliməm. Amma hansısa məndən aşağı bir bank əməkdaşı zəng edib məni hədələyir, ağzına gələni deyir. Mənə deyir ki, "mənə dəxli yoxdur kimsən, cəhənnəm ol pulu gətir ödə..." Bank əməkdaşı belə şeylər danışarmı? Artıq bezmişəm."

A.Niftiyev "Unibank"ın Səbail rayon filialının onu məhkəməyə verdiyini, haqsız yerə onu cərimə etdirdiyini bildirib: "Məni məhkəməyə veriblər. Ancaq məhkəməyə çağrılmamışam. Artıq 4 aydır ki, maaşımın 50%-ni tuturlar. Mən yerdə qalan 50% maaşla necə yaşayım? Kirayədə qalıram, o qədər problemim var ki... Xəstə adamam, qan təzyiqindən əziyyət çəkirəm. Aldığım maaşı da "Unibank" əlimdən alır. Halbuki mən onlara müraicət etdim ki, məsələni qaydasına qoyaq, pulu hər ay vaxtı-vaxtında, az miqdarda ödəyim. Ona da razı olmadılar. Bank işçisi mənə deyir ki, bizə dəxli yoxdur, get nəyini satırsansa sat, gətir pulu ödə. Evimə zəng edirlər, işə zəng edirlər, maşınla dalımca düşürlər. Əsl biabırçılıqdır. Belə şeylər olarmı? İşə qorxa-qorxa gedirəm. Dərs vaxtı telefonumu söndürən kimi qonşuya zəng edirlər, məni biabır ediblər. Mənim istəyim odur ki, "Unibank" mənə olan təzyiqlərə, təhdidlərə və təhqirlərə son qoysun".

"Məhkəmə qərarı əsasında əmək haqqınızdan bankın xeyrinə aylıq əsasda cüzi məbləğ tutula bilər, 50% yox, söhbət cüzi məbləğdən gedir"

Məsələ ilə bağlı "SƏS" qəzetinə danışan iqtisadçı- ekspert Şəlalə Quliyeva bildirib ki, bank əməkdaşının heç bir halda müştərini təhqir etməyə haqqı yoxdur: "Həmçinin, bank əməkdaşı krediti qaytara bilməyən şəxsə də təzyiq göstərə bilməz. Çünki bank əməkdaşının kredit götürən şəxsi hədələmək hüququ yoxdur. Bu, məsuliyyət yaradır. Bizdə əsas problem odur ki, insanlar hüquqlarını bilmirlər. Konkret olaraq desək, haqqında danışdığınız müəllimə qarşı bank əməkdaşlarının etdikləri sırf cinayət məsuliyyəti yaradır. Müştərini zəng edib təhqir etmək qətiyyən yolverilməzdir".

İqtisadçı ekspert Vəkil Əkrəm Həsənov məhkəmənin qərarı ilə maaşdan tutulma mümkündür: "Əgər gəlir rəsmidirsə, bu, mümkündür. Belə ki, əmək müqaviləsi üzrə işləyirsinizsə, məhkəmə qərarı əsasında əmək haqqınızdan bankın xeyrinə aylıq əsasda cüzi məbləğ tutula bilər. Bu da, o deməkdir ki, məsələn, bank 1 illik verdiyi krediti 10 il ərzində geri alacaq. Söhbət 50%-dən yox, cüzi məbləğdən gedir. Krediti qaytarmamağa görə sizi cinayət və ya inzibati məsuliyyətə cəlb edə bilməzlər. Bu, həm beynəlxalq, həm də milli qanunvericiliyimizdən irəli gəlir. Məsuliyyətiniz yalnız mülki ola bilər". Yəni kredit əmlakınızdan tutula bilər. Bu da yalnız məhkəmə qərarı əsasında ola bilər".

Ümumiyyətlə, "Unibank"ın vətəndaşlara qarşı etdikləri qeyri-etik hərəkətlərlə bağlı biz də xeyli informasiyalar alırıq".

Məsələ ilə bağlı bankın da mövqeyini öyrənməyə çalışdıq. Lakin "Unibank"ın baş ofisinə etdiyimiz bütün zənglər cavabsız qaldı. Operatorun ictimaiyyətlə əlaqələr şöbəsinə bağlantıları da heç bir nəticə vermədi.

Samir

Digər xəbərlər