YAP İsmayıllı rayon təşkilatı rayon Dövlət Humanitar və Texnologiya Kolleci ilə birgə Xocalı soyqırımının 24 illiyi ilə əlaqədar dəyirmi masa keçirib. Öncə tədbir iştirakçıları soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova qeyd edib ki, tarix boyu azərbaycanlılara qarşı dəfələrlə tərkibində soyqırımı əməlləri olan cinayətlər törədən ermənilər XX əsrin sonlarında növbəti tarixi cinayəti - Xocalı soyqırımı aktını həyata keçirdilər: "Bəşəriyyətə və insanlığa qarşı ən böyük cinayətlərdən olan Xocalı faciəsindən 24 il ötür. Həmin dəhşətli anlarla bizi ayıran zaman kəsiyinin getdikcə uzanmasına baxmayaraq, bu qanlı faciə haqqında düşündükcə istər-istəməz başımızda müxtəlif suallar dolaşır. Azərbaycan xalqına qarşı uzun illər terror aktları həyata keçirən, müxtəlif tarixi dövrlərdə genosid siyasəti yürüdən ermənilər bu siyasətin tərkib hissəsi kimi Xocalı soyqırımına imza atdılar. Amma faciənin baiskarlarının siyahısı təkcə ermənilərlə məhdudlaşmır. Günahkarlar siyahısında sapı özümüzdən olan baltaların da adları yer alır ki, bunu da xalq heç vaxt onlara bağışlamayacaq".
Rayon təşkilatının sədri bildirib ki, erməni separatçılarının Azərbaycan xalqının məhv edilməsinə yönəldilmiş soyqırımı və işğalçılıq siyasətinin davamı olan Xocalı qətliamına qiymət vermək yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra mümkün oldu. İlk növbədə, Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olundu, bu faciənin dünyaya tanıdılması istiqamətində xeyli iş görüldü.
Natiq qeyd edib ki, bu gün Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun müstəsna rolu var. Xocalı soyqırımının dünyada tanıdılması ilə bağlı "Xocalıya ədalət" kampaniyası çərçivəsində keçirilən tədbirlər olduqca təqdirəlayiqdir. "Xocalıya ədalət" kampaniyası İslam Konfransı Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlayıb. İlk gündən kampaniya yüksək templə davam edir və aksiyaya dünyanın əksər ölkələrində yüzlərlə könüllü qoşulub. Möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü siyasətin məntiqi nəticəsidir ki, bir sıra dövlətlər Xocalı hadisələrinin soyqırımı aktı kimi tanınması haqqında qərarlar qəbul ediblər.
Tədbirdə çıxış edən YAP rayon təşkilatı gənclər birliyinin sədri Şəhla Qafarova, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tarix müəllimi Könül Baxışova qeyd edib ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir.
Bildirilib ki, XX əsrin ən amansız faciəsi olan Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir.Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Bütün bu tarixi həqiqətlər unudulmamalı, Xocalı soyqırımı və bu soyqırım zamanı erməni işğalçıları tərəfindən törədilən vəhşiliklər dünya ictiamiyyətinə çatdırılmalıdır. Bu baxımdan, gənclərin üzərinə böyük məsuliyyət düşür. Gənclərimiz Prezident Cənab İlham Əliyevin ətrafında sıx birləşərək, Qarabağ həqiqətlərinin, Xocalı soyqırımının mahiyyətini və detallarını bütün dünya ictimaiyyətinə çatdırmalıdır.
ZÜMRÜD