PDF Oxu

Sosial

  • 38

YAP Qazax rayon təşkilatının 2015-ci ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilib

YAP Qazax rayon təşkilatının 2015-ci ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilib

Dünən YAP Qazax rayon təşkilatının 2015-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqdan əvvəl Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq Onun əziz xatirəsi ehtiramla yad edildi. Sonra YAP Qazax rayon təşkilatının qərargahında keçirilən tədbiri rayon təşkilatının sədri Həmid Pənahov açaraq 2015-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat verib. Qeyd olunub ki, YAP Qazax rayon təşkilatı 2015-ci ildə işlərini Yeni Azərbaycan Partiyasının Nizamnaməsi və Proqramı əsasında, İcra Katibliyinin təlimat və tövsiyələrinə uyğun qurduğu bildirilib. Qeyd edilib ki, YAP Qazax rayon təşkilatının 75 ərazi ilk partiya təşkilatı və 7560 nəfər partiya üzvü vardır. Onlardan 4641 nəfərini qadınlar, 2344 nəfərini gənclər təşkil edir. 2015-ci il ərzində YAP Qazax rayon təşkilatında 458 nəfər partiya sıralarına qəbul olunmuşdur ki, bunun da 360 nəfərini yəni 78,6% gənclərdir.

H.Pənahov rayon təşkilatı şurasının, idarə heyətinin, rayon təşkilatının qadınlar şurasının və gənclər birliyinin keçirdiyi yığıncaqlardan və tədbirlərdən də ətraflı danışıb. Həmçinin, ərazi ilk partiya təşkilatlarının fəaliyyəti, rayon təşkilatının maliyyə vəziyyəti və 2016-cı ildə qarşıda duran vəzifələr barədə də ətraflı məlumat verib.

Məruzə ətrafında YAP Qazax rayon təşkilatının gənclər birliyinin sədri, rayon təşkilatı idarə heyətinin üzvü Vüsal İsmayılov, rayon təşkilatı qadınlar şurasının sədri Asya Alhüseynova, rayon təşkilatı idarə heyətinin üzvü Novruz Abdullayev, YAP Qazax rayon təşkilatı Azərbaycan Müəllimlər İnstitutu Qazax filialı ərazi ilk partiya təşkilatının sədr müavini Məmməd Yusifov çıxış edərək, 2015-ci ildə görülən işlərdən, həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışaraq, rayon təşkilatının 2015-ci ildəki fəaliyyətinə qənaətbəxş qiymət veriblər.

Daha sonra Qazax rayon icra hakimiyyətinin başçısı, YAP Qazax rayon təşkilatı idarə heyətinin üzvü Ayaz Əsgərov çıxış edərək qeyd edib ki, həqiqətən də 2015-ci ilin yekunları ölkəmiz üçün kifayət qədər uğurlu olub: "İl ərzində ölkə iqtisadiyyatı artıb, qeyri-neft sektorunun inkişafı sürətlənib. Uğurlu sosial siyasət həyata keçirilib. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla davam edib. Rayonumuzda da son illərdə yeni yollar salınıb, qaçqın şəhərciyi inşa edilib və digər infrastruktur layihələr həyata keçirilib. Sahibkarlar üçün münbit şərait yaradılıb. Yüzlərlə daimi yeni iş yerləri açılıb".

Rayon rəhbəri qazanılan bütün uğurların əsasında Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasətin dayandığını da qeyd edib.

Sonra YAP Qazax rayon təşkilatının 2016-cı il üçün fəaliyyət proqramı və maliyyə xərcləri təsdiq edilib.

R.HÜSEYNOVA

Digər xəbərlər