YAP Masallı rayon təşkilatı soyqırımının 24-cü ildönümünü qeyd edib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının qadınlar şurası və gənclər birliyinin birgə təşkilatçılığı ilə "Xocalı əsrin faciəsidir" mövzusunda tədbir keçirib. Tədbir iştirakçıları ilk öncə faciə qurbanlarının ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
YAP Masallı rayon təşkilatı qadınlar şurasının sədri Gülşən Xəlilova tədbirdə çıxış edərək qeyd edib ki, Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi kimi daxil olmuşdur: "Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, Xocalı şəhərinə hücum edərək azərbaycanlılara qarşı soyqırımı aktını törətmişlər. XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş belə kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət idi".
Rayon təşkilatının qadınlar şurasının üzvü Aybəniz Qafarova, rayon təşkilatının gənclər birliyinin sədri Məmmədhüseyn Hüseynov, gənclərdən Lalə Seyidzadə, Hikmət Talıbov, qadınlar şurasının sədr müavini Əntiqə Tağıyeva, gənc YAP üzvü Sahib Əmrəliyev və başqaları bildiriblər ki, Xocalı şəhərində törətdilmiş qanlı faciənin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilən qanlı hadisə olduğunu və Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir.
A.SƏMƏDOVA