Daşkəsən rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsi dərin hüznlə, böyük kədərlə qeyd olundu. Rayon icra hakimiyyəti başçısı Əhəd Abıyevin sərəncamı əsasında hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun bütün ümumtəhsil məktəblərində, idarə, müəssisə və təşkilatlarda, inzibati-ərazi dairəsi üzrə nümayəndəliklərdə anım tədbirləri keçirilmiş, rayon sakinləri təşkil olunan anım tədbirlərində erməni vəhşiliyinə, ötən əsrin ən amansız soyqırımına öz kəskin etirazlarını bildirmişlər.
Xocalı faciəsi ilə bağlı ümumrayon anım tədbiri rayon ictimaiyyəti fəallarının iştirakı ilə Daşkəsən rayon icra hakimiyyətinin iclas zalında keçirildi.
Daşkəsən rayon icra hakimiyyəti başçısı Əhəd Abıyev demişdir: "24 il əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törədiblər. Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırımı hadisəsi və beynəlxalq cinayət kimi təsdiq olunmuşdur. Bu soyqırımı zamanı Azərbaycan xalqı yüzlərlə şəhid qurban vermişdir".
Rayon icra hakimiyyəti başçısının təklifi ilə Xocalı şəhidlərinin, o cümlədən torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildildikdən sonra çıxışını davam etdirən Əhəd Abıyev bildirdi ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur: "Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Xocalı soyqırmının onilliyi münasibətilə Azərbaycan xalqına müraciətində belə qeyd etmişdir: "Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu". XX əsrin faciəsi olan Xocalı soyqırımı da bu aqressiv və cinayətkar erməni siyasətinin tərkib hissəsidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. Bir neçə saat ərzində 613 nəfər soydaşımız, o cümlədən 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilmişdir. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil".
Rayon icra hakimiyyəti başçısı Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının hər bir azərbaycanlının borcu olduğunu bildirdi: "Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" beynəlxalq kampaniyası bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. Xocalı soyqırımı Azərbaycan xalqının heç vaxt unudulmayacaq və ibrət dərsi götürüləcək qan yaddaşıdır. Xocalı soyqırımının tanınması ilə bağlı əldə olunan təqdirəlayiq nəticələr onu deməyə əsas verir ki, bu faciəni törədənlər gec-tez ədalət mühakiməsi qarşısına çıxacaq, öz dəhşətli cinayətlərinə görə cavab verməli olacaqlar. Bildiyiniz kimi, rayonumuz cənub-qərbdən 8 kilometr məsafədə Ermənistan Respublikası, 23 kilometr məsafədə isə işğal altında olan Kəlbəcər rayonu ilə həmsərhəddir. Bu, biz daşkəsənlilərin mübarizə ruhunu daha da alovlandırır. Biz əminik ki, gec-tez işğal altında olan tarixi torpaqlarımız azad olunacaqdır. Milyonlarla həmvətənlilərimiz kimi, biz daşkəsənlilər də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini Ulu Öndər Heydər Əliyev siyasətinin müdrikliyində və həmin siyasi kursu layiqincə davam etdirən ölkə başçısı çox hörmətli Cənab İlham Əliyevin məqsədyönlü fəaliyyətində görürük. Əgər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyev əmr verərsə ki, müharibə yolu ilə torpaqlarımızı azad edək, o zaman bütün Cənubi Qafqazın ən güclü ordusu olan Azərbaycan Ordusu, şübhəsiz ki, bu tapşırığı şərəflə icra edəcəkdir. Xalqımız, o cümlədən də biz daşkəsənlilər Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, işğal olunmuş torpaqlarımızın azad edilərək ölkəmizin ərazi bütövlüyünün bərpası ümidi ilə yaşayır və bu günün uzaqda olmadığına inanırıq. Biz əminik ki, Xocalı soyqırımının günahkarları layiqli cəzalarını alacaqlar. Çünki bu dəhşətli cinayət cəzasız qala bilməz. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!"
Tədbirdə digər natiqlər də öz çıxışlarında Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan və bu amansız soyqırımının qurbanına çevrilmiş dinc, günahsız Vətən övladlarının əziz xatirəsini yad etmişlər. Eyni zamanda, faciənin ağır nəticələri, sağalmaz yaraları, cinayətkar və işğalçıların layiqli cəzalarını almaları istiqamətində hər birimizin üzərinə düşən məsuliyyət və vəzifələr haqqında çıxışlar edilmişdir.
Rəfiqə Kamalqızı