PDF Oxu

Sosial

  • 41

Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar YAP Gənclər Birliyi anım mərasimi keçirib

Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar YAP Gənclər Birliyi anım mərasimi keçirib

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının qərargahında Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar YAP Gənclər Birliyi anım mərasimi keçirib.Tədbirdə Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov, YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvü, millət vəkili Eldar İbrahimov, millət vəkili Şəmsəddin Hacıyev, Binəqədi rayon icra hakimiyyəti başçısı Xaləddin İsgəndərov və fəal gənclər iştirak ediblər.

Tədbir iştirakçıları öncə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş insanların xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Çıxış edən YAP Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov Azərbaycan xalqının 24 il əvvəl baş verən Xocalı soyqırımında qətlə yetirilən insanların xatirəsini dərin ehtiramla yad etdiyini, bu məqsədlə ölkəmizdə və dünyada tədbirlərin keçirildiyini bildirib.

Əli Əhmədov bildirib ki, həyata keçirilən bütün tədbirlər soyqırımının unudulmaması üçün atılan addımlardan biridir və Xocalı faciəsinin dünyaya təqdim edilməsi məqsədi daşıyır: "Azərbaycan xalqı Xocalıda qətlə yetirilmiş vətəndaşlarımızın xatirəsini hər zaman uca tutur. Azərbaycanın müxtəlif qurumları, vətəndaşlarımız, gənclərimiz Xocalı faciəsi həqiqətlərini dünyaya yaymaq istiqamətində böyük işlər görürlər və güman edirəm ki, görülən işlər öz töhfələrini verir: "Xüsusi olaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" kampaniyası çərçivəsində görülən işlər sayəsində Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində ciddi addımlar atılıb. Xocalı təkcə Azərbaycanın tarixində deyil, dünyada XX əsrin son onilliyində baş vermiş ən tükürpədici, qanlı faciələrdən biridir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, dünyada indiyə qədər bu faciəyə lazımi hüquqi və siyasi qiymət verilməyib. Bizim üzərimizə düşən başlıca vəzifə ondan ibarətdir ki, bu faciəyə dünyada ən layiqli hüquqi və siyasi qiymətin verilməsinə nail olaq, faciəni törədənlərin hüquq, qanun qarşısında cavab vermələrini təmin edə bilək. Dözülməz haldır ki, bu faciənin törədilməsində birbaşa iştirak etmiş, qadınların, uşaqların, qocaların qanını tökmüş insanlar bu gün Ermənistanda hakimiyyətdədirlər".

Əli Əhmədov qeyd edib ki, terrorizmə, soyqırımlara qarşı çıxan dövlətlər, dövlət başçıları bir sıra hallarda Xocalı faciəsini törədən, Xocalıdakı insanların qanına əlini bulamış insanları lütf və nəvazişlə qəbul edirlər: "Bu, dünyadakı ikili standartların ən ifrat formasıdır. Nə qədər ki, bu ikili standartlar aradan qaldırılmayıb, nə qədər ki, bütün faciələrə, o cümlədən də Xocalı faciəsinə düzgün, ədalətli hüquqi və siyasi qiymət verilməyib, təbiidir ki, onda dünyada ədaləti, sülhü, əmin-amanlığı bərqərar etmək, yeni-yeni faciələrin qarşısını almaq mümkün deyil. Bu gün dünyada insanları dəhşətə gətirən faciələr baş verir, amma Xocalı faciəsi baş verəndə, bu faciələr yox idi. Ondan sonra Avropanı lərzəyə salan Balkan faciələri, bu gün isə dünyanı lərzəyə salan Yaxın Şərq faciələri başladı. Əlbəttə, bir faciəyə layiqli qiymət verməyəndə, cinayəti törədənlər qanun qarşısında cavab verməyəndə, təbii ki, növbəti faciələr baş verir, necə ki, biz bunu tarixdə görmüşük. Biz hamımız, xüsusilə dünya dövlətləri bu faciələrdən lazımi nəticələr çıxarmalıdırlar ki, növbəti dövrlərdə belə faciələr baş verməsin".

YAP İdarə Heyətinin üzvü, millət vəkili Eldar İbrahimov çıxışı zamanı azərbaycanlıların 200 ildən artıq bir zamanda erməni separatçılarının davamlı etnik təmizləmə, soyqırımı siyasətinə məruz qaldığını, tarixi yurd yerlərindən, doğma torpaqlarından qovulduqlarını qeyd edib. Eldar İbrahimov bildirib ki, 1905-1907, 1918-1920 və 1948-1953-cü illərdə erməni şovinist-terrorçu dəstələrinin törətdikləri qanlı terror aktları nəticəsində minlərlə günahsız azərbaycanlıların qanı tökülmüş, bir çox nəsillərin soyu yer üzündən silinmişdir: "Nəhayət, dağılmaqda olan sovet imperiyasının erməni separatçılarını dəstəkləyən rəhbərinin yürütdüyü qərəzli və məkrli siyasətinin nəticəsi olaraq 1988-ci ildən 1989-cu ilədək 250 mindən çox azərbaycanlı Ermənistandan zor tətbiq edilməklə qovuldu. Bununla da mənfur qonşularımız olan ermənilər uzun müddətdən bəri planlaşdırdıqları heç bir beynəlxalq hüquq, norma və prinsiplərə uyğun gəlməyən siyasətlərini reallaşdırmağa başladılar. Dağlıq Qarabağ və 7 rayon erməni işğalına məruz qalaraq ərazimizin 20 faizini zəbt etdilər və qaçqınların sayı 1 milyonu keçdi. Bu bölgədə ölkəmiz 7 minə yaxın sənaye, kənd təsərrüfatı və digər müəssisələrini, 616 məktəbi, 242 uşaq bağçasını, təqribən 500 abidə və muzeyi, 695 xəstəxana, poliklinika və səhiyyə ocağını, 724 şəhər, qəsəbə və kəndini itirdi. Ermənilər tərəfindən 20 minə yaxın vətəndaşımız amansızlıqla qətlə yetrildi".

Eldar İbrahimov əlavə edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri tərəfindən azərbaycanlıların yaşadığı Xocalı şəhəri yerlə yeksan edilib: "Amansızlıqla törədilən bu faciədə 8 ailə bütövlüklə məhv edilib, 25 uşaq hər iki valideynlərini, 130 uşaq isə valideynlərindən birini itirib. Vandal erməni caniləri bu faciə zamanı 56 nəfəri diri-diri yandırmış, başlarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmışdılar. İnsanların bu cür qətlə yetirilməsi bir daha ermənilərin insanlığa sığmayan vəhşiliyindən xəbər verir. Hesab edirəm ki, bu dəhşətli faktlar dünyaya səs salmalı, cinayətkarlar törətdikləri əməllərinə görə cəzalarını almalıdırlar".

Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Xocalı Soyqırımının beynəlxalq birlik tərəfindən tanınması istiqamətində daha aktiv iş aparmaq üçün gənclərin potensialına ehtiyac olduğunu dilə gətirib. X. İsgəndərov Azərbaycan gəncliyini "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyasının ətrafında sıx birləşməyə çağırıb və kampaniyada Xocalı soyqırımı həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması işində həmrəylik nümayiş etdirməyi bir insanlıq borcu olduğunu vurğulayıb.

Sonda rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bu yöndə öz təkliflərini səsləndirib.

İntizarə Məmmədova

Digər xəbərlər