PDF Oxu

Sosial

  • 34

"Bəşəriyyətə və insanlığa qarşı-Xocalı soyqırımı"

"Bəşəriyyətə və insanlığa qarşı-Xocalı soyqırımı"

Bu mövzuda "SƏS" qəzetində dəyirmi masa keçirilib

Bəşər tarixinin ən qanlı soyqırımlarından olan Xocalı soyqırımının törədilməsindən 24 il ötür. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Xankəndidə yerləşən 366-cı motoatıcı alayının köməyilə müxtəlif istiqamətlərdən Xocalıya hücum edərək şəhəri dağıtmış, yüzlərlə insan qətlə yetirilmiş, əsir götürülmüş, yüzlərlə insan isə yaralanmışdır. Elə bu mövzu ilə bağlı "SƏS" qəzeti növbəti dəyirmi masa keçirib. "Bəşəriyyətə və insanlığa qarşı-Xocalı soyqırımı" mövzusunda keçirilən dəyirmi masada Xocalı özünümüdafiə batalyonunun keçmiş döyüşçüləri və Xocalı ziyalıları iştirak ediblər. Dəyirmi masanı giriş sözü ilə açan "SƏS" qəzetinin əməkdaşı İ.Əliyev Xocalı soyqırımının insanlığa və bəşəriyyətə qarşı yönələn cinayət olduğunu və bəzi dünya ölkələrinin soyqırıma hüquqi-siyasi qiymət verilməsində tərəddüdlər etməsinin ikili yanaşmanın nəticəsi olduğunu bildirib. İ.Əliyev Xocalı həqiqətlərinin demokratik düşüncəli dünya xalqlarına çatdırılmasında Prezident İlham Əliyevin rolunun əvəzsiz olduğunu bildirdi. Qəzet əməkdaşı dəyirmi masa iştirakçılarını Xocalı soyqırımı ilə bağlı yeni faktların cəmiyyətə və beynəlxalq təşkilatlara çatdırılmasında daha fəal olmağa dəvət etdi.

"SƏS" qəzetinin əməkdaşı:

-Xəlil müəllim, o dövrdə Xocalıya erməni-rus hərbi birləşmələrinin hücumlarının qarşısını almaq üçün özünümüdafiə batalyonları hansı müdafiə tədbirləri görürdü?

Xocalı özünümüdafiə batalyonunun keçmiş əsgəri Xəlil Vəliyev:

-Xocalı soyqırımı bir gecədə baş vermədi. 1988-ci ilin fevral ayından başlayaraq, təkcə Xocalıda deyil, bütün Dağlıq Qarabağda, xüsusilə, Xankəndidə yaşayan azərbaycanlıların həyatları faciəvi drumda idi. O zaman dinc əhali ermənilər tərəfindən təhqir olunur, təzyiqə məruz qalırdılar. İnsanlar təqibdən qaçaraq Xocalıya pənah gətirməli olurdular. Xocalının Dağlıq Qarabağın mərkəzində, strateji əhəmiyyətli yerdə yerləşməsinə baxmayaraq, Əskəran rayonunun ən baxımsız kəndlərindən idi. 1991-ci ildə Xankəndi tamamilə işğal olundu və şəhərin 20 minə yaxın sakini Xocalıda məskunlaşdı. Əhalinin inadla Qarabağdan çıxmaması erməniləri daha da qəzəbləndirdi. Hər cür müasir silahlarla silahlanmış ermənilər öncədən hazırlanmış plana əsasən, meşələrdə, kəndlərdə qırğın törətməyə başladılar. Bir tərəfdən Xankəndi, digər tərəfdən Əskəran rayonu ermənilərlə əhatə olunduğundan 1991-ci ilin oktyabr-noyabr aylarından etibarən, Xocalının digər Azərbaycan əraziləri ilə əlaqələri tamamilə kəsilmişdi. Bu da nəticədə köməksiz vəziyyətdə qalan Xocalının mühasirəyə alınmasına və sonradan işğala məruz qalmasına gətirib çıxartdı.

Kəndin çobanının əlləri arxadan bağlanıb 8 yaşlı qızının gözü önündə yandırılmışdı

Xocalı Hava Limanının müdafiəsində iştirak etmiş Nazim Hüseynov:

- Fevralın 25-dən 26-na keçən gecə hərbi təlim görmüş ermənilər 366-cı motoatıcı alayın dəstəyi ilə Xankəndidən, Mehdikənddən, Daşbulaqdan, Nuraguldan və Əskəran tərəfdən Xocalıya hücum etdilər. Hücum gecə keçrildi. Bunda da məqsəd Rusiya hərbi birləşmələrinin və muzdlu döyüşçülərinin tanınmaması idi. Onu deyim ki, 1991-ci il sentyabrın 21-də Rusiya prezidenti Boris Yeltsin, Qazaxıstanın indiki prezidenti Nursultan Nazarbəyov və o vaxtkı Azərbaycan prezidenti Ayaz Mütəllibov vertolyotla Xocalının hava limanına gəldilər. Onlarla birgə "Yeddi gün" verilişinin aparıcısı Nadejda İsmayılova, Türkiyədən Yılmaz Poladdan ibarət jurnalist qrupu da Xankəndiyə yola düşdü. Həmin gün ermənilər tərəfindən əsir götürülən kinoşünas Elxan Əliyevin geri qaytarılması ilə bağlı Boris Yeltsinə müraciət olundu. Elxan Əliyev ermənilər tərəfindən amasızcasına döyülmüşdür. Yılmaz Poladın üzü tanınmaz halda düşmüşdü. Prezidentlərin görüşündən sonra əvvəllər xırda qrup şəklində hücum edən ermənilər görüşdən sonra daha geniş formada Azərbaycan kəndlərinə basqınlar etdilrər. Ermənilər dekabrın 22-dən 23-nə keçən gecə Meşəli kəndində 27 dinc sakini qətlə yetirdilər. Yanvar ayında Cəmirli kəndinin ermənilər tərəfindən işğal olunmasının şahidi olduq. Milli qəhrəman Əlif Hacıyev kamera ilə həmin görüntüləri lentə alaraq "Diqqət! Diqqət! Azərbaycan xalqının nəzərinə çatdırıram ki, növbəti yaşayış məskəni gözümüzün önündə viran edilir, insanlar qətlə yetirilir, amma biz heç nə edə bilmirik " sözlərini dedi. Ermənilər Xocalını işğal etdikdən sonra o qarlı-şaxtalı qış gecəsi əhalinin bir qismi Kətik dağı istiqamətində, digər qismi isə Naxçıvanik yolu ilə Ağdama üz tutdu. Xocalıda 613 insan qətlə yetirildi,1270 nəfər əsir götürüldü. Xüsusilə qeyd edim ki, sakinlərin 56-sı xüsusi amansızlıqla, işgəncələrlə öldürülmüşlər. Əskəran rayonunun Qarqar çayının üstündə tikilən körpüsündə daha 21 nəfər öldürüldü. Biz meyitləri qəbul edirdik. İnsanların başının dərisi soyulmuşdu, burnu kəsilmişdi, gözləri, dişləri çıxarılmışdı. Bu hadisədən sonra Aqil Quliyev başda olmaqla, 21 nəfər köməyimizə yetişdi. Onların döyüş yoldaşlarından Hafiz milli ordunun formasında olduğu üçün başı kəsilmişdi. Kəndin çobanının əlləri arxadan bağlanıb 8 yaşlı qızının gözü önündə yandırılmışdı.

Xocalı özünümüdafiə batalyonunun döyüşçüsü Fazil Salayev:

- Xocalı qeyri-bərabər döyüşdə özünü müdafiə eləyə bilmədi. Çünki qarşı tərəf planı gerçəkləşdirmək məqsədi ilə uzun müddət hazırlıq görmüşdülər. 366-cı alay birbaşa ermənilərə xidmət edirdi. Döyüşçü yoldaşlarımla birgə kəşfiyyatlarda olarkən ruslarla erməniləri bir yerdə çox görmüşdük. Həm də Xocalı müdafiə olunmaq üçün çətin mövqedə yerləşirdi. Ətrafı ermənilərlə əhatə olunmuşdu. Bizim 250 nəfərdən ibarət döyüşçümüz, 100 avtomatımız var idi, lakin qarşı istər hərbi texnika, istərsə də döyüşçü qüvvəsi tərəfindən yüksək səviyyədə təmin olunmuşdu.

Əfsuslar olsun ki, həmin ağır günlərdə nə Xocalı şəhər prokuroru, nə də Polis bölməsinin rəisi Xocalı sakinlərin yanında deyildi

Xocalı Hava Limanının müdafiəsində iştirak edən Nazim Hüseynov:

- Əfsuslar olsun ki, həmin ağır günlərdə nə Xocalı şəhər prokuroru, nə də Polis bölməsinin rəisi Xocalı sakinlərin yanında deyildi. Məlum səbəblərdən onlar Xocalını tərk etmişdirlər. Vəziyyətimiz çətin olsa da, dövlətin dəstəyinə güvənirdik. Biz Ağdamdan kömək gözləyirdik. Lakin o dövrün hakimiyyət qüvvələri tərəfindən heç bir kömək olunmadı, nə Daxili Qoşunların komandiri Fəhmin Hacıyevdən, nə də xalq cəbhəsinin batalyonundan bir xəbər çıxmadı. Nəticədə, dinc sakinlər qırıldı.

Müharibə veteranı, Şuşa özünümüdafiə batalyonunun əsgəri Nadir Rəşidov:

-Bu faciənin yaşanması gözlənilirdi. Hələ 1988-ci ildən etibarən, bu kimi hallar gündəlik hal almışdı. Maşınlar güllələnirdi, dinc əhali qorxudulsa da, hakim qüvvələr buna qarşılıq vermirdi. Cəmirli kəndi işğal olundu, Meşəli tamamilə boşaldıldı, Quşçular və Malbəyi kəndlərinə hücum olundu, lakin buna yerli hakimiyyət tərəfindən heç bir reaksiya verilmədi. Buna görə də Xocalının işğalı labüd hal idi. Xankəndini Şuşadan atəşə tutanda, qarşı tərəfə cavab atəşi açmaq mümkün olurdu, lakin Xocalının işğalının qarşısını almaq üçün bizə top atmağa belə icazə verilmədi.

Xəlil Vəliyev:

- Ermənilər elə bir şərait yaratmışdılar ki, insanlar şaxtalı havada Qarqar çayını keçməyə məcbur olurdular. Bu zaman insanlar soyuqdan donduqları və körpüdən keçməkdə çətinlik çəkdikləri üçün dağ yolu ilə irəliləmək istəyirdilər. Lakin Kətik dağında qurulan pusqular onları yenidən geri qayıtmağa vadar edirdi.

Nazim Hüseynov:

-1905-1908 və 1918-ci illərdə olan hadisələr sanki məqsədli şəkildə təkrar olunurdu. Belə ki, o illərdə də əhali Qarqar çayı üzərindəki körpüdə işgəncəyə məruz qalmışdı. Həmin proses 1992-ci ildə də Xocalıda yenidən təkrarlandı.

Xəlil Vəliyev:

-Bu gün Ermənistana rəhbərlik edən şəxslər 24 il bundan öncə dinc əhaliyə zülm edən həmin insanlardır. O cinayətkarlar bu gün də öz qəddarlıqlarını davam etdirir və bununla fəxr edirlər. Əgər sovetlər 70 il bizi qardaş edə bilmədisə, bundan sonra da o mənfur xalqla qonşu olmaqdan başqa heç bir yaxınlığımız ola bilməz. Bu soyqırımına hüquqi-siyasi qiymət verilməyənə qədər, bütün dünyada tanınmayana qədər, biz Xocalı sakinlərinin ürəyi az da olsa rahatlıq tapa bilməyəcək. Biz ölkə başçımızın siyasətinə güvənirik. "Xocalıya ədalət" kampaniyasının səsimizin dünyaya çatdırılmasında rolu danılmazdır. Atılan mütərəqqi addımların davamlı olacağına və düşmənlərimizin öz layiqli cavablarını alacağına inanırıq.

Kubra Bayramova

Digər xəbərlər