Yevlax şəhər icra hakimiyyətinin başçısı Qoca Səmədov "2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında" hesabat verib. Hesabat yığıncağında Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, millət vəkilləri Əli Hüseynli, İlham Məmmədov iştirak ediblər. Yığıncaqda çıxış edən Yevlax şəhər icra hakimiyyətinin başçısı Qoca Səmədov bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən müəyyən edilmiş inkişaf strategiyası möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun uğurla davam etdirilir: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi nəticəsində ölkəmizin iqtisadi göstəricilərinin artması davam edir. 2015-ci ildə sosial-iqtisadi inkişaf baxımından şəhərimizdə də xeyli işlər görülmüşdür. Cənab Prezidentin daimi diqqət və qayğısını hiss edən yevlaxlılar, əvvəlki dövrlərdə olduğu kimi, 2015-ci ildə də şəhərimizin hərtərəfli inkişafı üçün bütün qüvvələri səfərbərliyə almışlar. Quruculuq-abadlıq və tikinti işlərinin aparılması davam etdirilmiş, infrastrukturun yaxşılaşdırılmasına, adamları narahat edən çətinliklərin, problemlərin aradan qaldırılmasına xüsusi fikir verilmişdir. 2015-ci ildə ümumdaxili məhsulun həcmi 485,1 milyon manat olmuşdur. Ümumdaxili məhsulun 13,4 milyon manatını sənaye, 76,9 milyon manatını kənd təsərrüfatı, 36,3 milyon manatını tikinti, 363,2 milyon manatını ticarət, 5,6 milyon manatını nəqliyyat, 1,3 milyon manatını rabitə təşkil etmişdir. 2015-ci ildə (adambaşına) hər nəfərə 3859,1 manat ümumdaxili məhsul istehsal olunmuşdur".
Sonra Yevlax Sukanal İdarəsinin rəisi Sabir Həsənov, Qaz Xidmətinin rəisi Cəlal Cəlallı, işıq İdarəsinin rəisi Elşad Abbasov və Baytarlıq İdarəsinin rəsi Vaqif Kərimov çıxış ediblər. Prezident Administrasiyasının məsul-işçisi Vəfadar Bağırov çıxış edərək ölkəmizdə gedən genişmiqyaslı quruculuq-abadlıq işləri haqqında geniş məlumat vermişdir. Sonda hesabat yığıncağı iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə müraciət oxunub.
Samir