Səbail rayon Polis İdarəsində Xocalı soyqırımının 24-cü ildönümünə həsr edilmiş anım tədbiri keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni oxunmuş və soyqırımı qurbanlarının və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Anım tədbirində çıxış edən RPİ-nin rəisi, polis polkovniki Əli İbrahimov Xocalı soyqırımının erməni millətçilərinin zaman-zaman Azərbaycanda törətdikləri qanlı cinayətlərin ən dəhşətlisi olduğunu bildirdi. O, erməni millətçisi Zori Balayanın "Ruhumuzun canlanması" adlı kitabında Xocalı soyqırımına haqq qazandırdığını, orada Azərbaycan türklərinə qarşı soyqırımın həyata keçirildiyini etiraf etdiyini və Devid Xerdiyanın "Xaç uğrunda" kitabında erməni vəhşiliklərini yazdığını iştirakçıların diqqətinə çatdırdı. Qeyd edildi ki, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində səylər daha da artırılmalı, dünya ictimaiyyəti bu faciəyə layiqli qiymət verməli, qətliamı törədənlər ədalət məhkəməsi qarşısına çıxarılmalıdırlar.
Tədbirdə iştirak edən Milli Məclisin deputatı, Xocalı qırğınlarının şahidi, soyqırımı zamanı doğmalarını və əzizlərini itirən Elman Məmmədov 1988-ci ildə, daha doğrusu, Ermənistanda yaşayan soydaşlarımızın sonuncu deportasiyasından sonra Xocalıda vəziyyətin pisləşdiyini, ermənilərin dəfələrlə Xocalıya hücum etdiklərini bildirdi: "Xocalı 1991-ci ilin noyabr ayının 1-dən etibarən blokadaya alınmışdı və bu da ətraf rayonlarla əlaqələrin kəsilməsi demək idi. Məhz bundan istifadə edən düşmən Xocalını məhv etmək üçün bütün gücünü toplayıb hücuma keçdi. Xocalını xocalılılardan və bir də Azərbaycan polisindən başqa kimsə müdafiə etmirdi. Yüngül atıcı silahlarla silahlanmış insanlarla düşmənin təpədən-dırnağadək silahlanmış ordusunun qarşısına çıxmaq ölümə meydan oxumaq idi. Erməni silahlı qüvvələrinin, o zaman elan olunmuş qondarma "Dağlıq Qarabağ respublikası" silahlılarının, ermənilər yaşayan kəndlərin silahlı sakinlərinin, erməni diaspor təşkilatlarının gətirdiyi muzdluların və bu gün də erməniləri müdafiə edib onlara silah-sursat verən havadarlarının, daha dəqiq desək, 366-cı motoatıcı alayın şəxsi heyətinin və zerehli texnikasının köməyi ilə Xocalı şəhəri, qədim mədəniyyət beşiyi yerlə yeksan oldu". Həmin qanlı gündə doğmalarını, əzizlərini itirən idarənin rəis müavini, polis polkovniki Sadiq Mədətov həm Xocalının müdafiəçisi, həm də hadisələrin şahidi kimi Xocalıda baş verənləri bəşəriyyətə qarşı törədilmiş ən qatı cinayət olduğunu qeyd etdi. Sonra idarə rəisi, polis polkovniki Əli İbrahimov tədbir iştirakçılarına tezliklə Xocalının, soyqırımına məruz qalan soydaşlarımızın qisasının alınacağı günün çox da uzaqda olmadığını, üçrəngli bayrağımızın işğal olunmuş torpaqlarımızda dalğalanacağını, Mübariz İbrahimov kimi övladları olan Vətənin heç vaxt məğlub olmayacağına əminliyini ifadə etdi.
Hafiz Təmirov,
polis mayoru