PDF Oxu

Sosial

  • 48

Ağcabədidə Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Ağcabədidə Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Ağcabədi rayonunda Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Bunun davamı olaraq, növbəti tədbir Ağcabədi rayon icra hakimiyyəti və YAP Ağcabədi rayon təşkilatı tərəfindən partiyanın inzibati binasında reallaşıb. Öncə tədbir iştirakçıları Xocalı soyqırımında, eləcə də Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad edib.

Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon icra hakimiyyəti başçısının müavini, YAP Ağcabədi rayon təşkilatı qadınlar şurasının sədri Naibə Mustafayeva bildirib ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri Xocalı şəhərində genosid aktı həyata keçirdi: "Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımında cinayətkar erməni qruplarının vəhşiliyi nəticəsində 613 nəfər amansızlıqla qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakinin əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalıb".

N.Mustafayeva Azərbaycan dövləti tərəfindən aparılan uğurlu siyasət nəticəsində ölkəmizin haqq işinin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində mühüm işlər görüldüyünü söyləyib. O bildirib ki, soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətləri var. Xocalı soyqırımının dünyada tanıdılması ilə bağlı "Xocalıya ədalət" kampaniyası çərçivəsində keçirilən tədbirlər olduqca təqdirəlayiqdir. "Xocalıya ədalət" kampaniyası İslam Konfransı Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlayıb. İlk gündən kampaniya yüksək templə davam edir və aksiyaya dünyanın əksər ölkələrində yüzlərlə könüllü qoşulub. Artıq bir neçə ildir ki, davam edən "Xocalıya ədalət" kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər soyqırımı həqiqətlərinin dünyada tanıdılması və yayılması istiqamətində mühüm aksiyaya çevrilib. Hər il müxtəlif ölkələrdə təşkil olunan mitinqlər, yürüşlər və digər tədbirlər keçirilir.

Tədbirdə YAP Ağcabədi rayon təşkilatı gənclər birliyinin sədr müavini, Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva, YAP Ağcabədi rayon təşkilatı qadınlar şurasının sədr müavini Radə Qafarova, Ağcabədi Pedaqoji Kollecinin tələbəsi Şamama Qəhrəmanova, YAP Ağcabədi rayon təşkilatı qadınlar şurasının üzvü Nərminə Əkbərova çıxış edərək, ermənilər tərəfindən törədilmiş Xocalı qətliamı ilə bağlı fikirlərini söyləmiş, bu qisasın yerdə qalmayacağını vurğulamışlar. Prezident Cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad ediləcəyinə əminliklərini bildiriblər. Qeyd olunub ki, yalnız qələbə bayrağı Qarabağda və Xocalıda dalğalanan zaman Xocalı şəhidlərinin ruhu dinclik tapacaq.

Tədbirin sonunda Xocalı soyqırımına həsr edilmiş videofilm nümayiş etdirilib.

ZÜMRÜD

Digər xəbərlər