Bu gün Od çərşənbəsidir
Halallıq, təmizlik, saflıq rəmzi olan Novruz xalqımızın qədim bayramlarından biri kimi yaradılışın mərhələlərini əks etdirən dörd ünsür - su, od, yel və torpaqla bağlı mərasimlərin qeyd olunması ənənələrini özündə birləşdirir.
Novruz bayramına bir ay qalmış insanlar dörd çərşənbə axşamını qeyd edirlər. Bu çərşənbələrin hər biri insanların yaşaması, həyatının varlığı üçün vacib olan ünsürə - od, torpaq, su və yelə həsr olunur. Bu da Novruzun dünyanın ən qədim bayramlarından biri olduğunu göstərir. Belə ki, Su çərşənbəsi həyatdır, aydınlıqdır, paklıqdır. Sübh tezdən bulaqdan ilkin su gətirmək, axar su üstündən tullanmaq və s. sağlamlıq, xoşbəxtlik, sevinc rəmzidir. Yel çərşənbəsində hava tez-tez dəyişir, eyni gündə külək, yel, gilavar və meh əsir. Su, torpaq, od - təbiətdə nə varsa hamısı hərəkətə gəlir. Bütün bunlar baharın gəlişinə işarədir. Sonuncu çərçənbə isə Torpaq çərşənbəsidir ki, buna axır çərşənbə də deyilir. Həmin gün, nəhayət, torpaq oyanır. Bu zaman insanlar torpağa daha çox can atır. Çünki insanın ruzisi torpaqdan çıxır, o torpaqdan yaranıb, son məqamda da torpağa qarışır.
Bu gün ikinci çərşənbə- Od çərşənbəsidir. Günəş insanlara sevinc gətirdiyi kimi, od da sonsuz fərəh, nikbinlik gətirir. Od, ocaq, atəş müqəddəs sayılır. Od – yaşamaq, yaratmaq rəmzidir.
Od çərşənbəsinə bəzən "Üzgü çərşənbə", "Üzgü axşamı" da deyirlər. İnanclara görə, odu günəşlə, işıqla, gündüzlə əlaqələndirirlər. Bu çərşənbədə oda sitayiş edilir, onun şərəfinə şənliklər təşkil olunur. Günəş istisini arzulayan ulu babalarımız böyük bir tonqal qalayıb günəşin çıxmasını gözləyər, odun şərəfinə nəğmələr söyləyərdilər.
Atəşpərəst etiqadlarına görə, "müqəddəs od"u insana ağac vermişdi. Ulu babalarımız bunun şərəfinə şənliklər keçirərdilər. İnsan bədənində və təbiətin özündə qorunub saxlanan istilik də müqəddəs hesab olunurdu. Elə bu istiliyi qoruyub saxlamaq şərəfinə şənliklər yaranmışdı. Od ilə istinin əsas mənbəyi isə Günəş hesab olunurdu. Onu çağıran Qodu nəğmələri xalq arasında geniş yayılar, günəşin istiliyi şərəfinə Azərkan şənlikləri düzənlənirdi.
İndi şər qarışanda hər həyətdə, yaxud məhəllədə tonqallar yandırılır və tonqal başına toplananların hamısı növbə ilə 3 dəfə alovun üstündən tullanırlar. Odla bağlı xeyli atalar sözü yaranıb: "Od imandır", "Od düşdüyü yeri yandırar" və s. İnanclara görə, ocağa yaxınlaşanda salam verərlər, od hisli olarsa, uzaqdan qonaq gələcəyinə işarədir. Əgər ocaq yananda səslənirsə, deməli, kimsə səndən danışır. Od çərşənbəsi günü, gün doğanda dünyaya gələn uşaq göyçək, pəhləvan olar. Oda sevgi, inam insanlarda o qədər güclü olub ki, hələ qədim dövrlərdən ona and içiblər. Alqış və qarğışlarda belə, odu köməyə çağırıblar. Məsələn, "Od haqqı", "Oda düşəsən," "Ocağın odlu olsun", "Ocağın qazan görməsin" və s.
Ümumiyyətlə, bütün çərşənbələrdə od aparıcı motivdir. Bu, od amilinin Novruzun mahiyyətində durmasına ən gözəl sübutdur.
ZÜMRÜD