Fərdi ambisiyalar növbəti dəfə belə qənaətə gəlməyə zəmin yaradır
Ötən həftə Azərbaycan xalqı istər ölkədə, istərsə də ölkədən kənarda 20-ci əsrin ən qanlı faciələrindən olan Xocalı soyqırımının 24-cü ildönümünü qeyd etdi. Təbii ki, bu qanlı faciə ilk növbədə insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş bir soyqırımı faktı olduğu üçün xalqımızın hər bir nümayəndəsi dünyaya erməni faşizminin aşkar üzünü tanıtdırır, bir daha sübut olunur ki, Azərbaycan xalqı Xocalı soyqırımının dünyada tanınması istiqamətində sona qədər öz tələbini edəcək.
Özündənmüştəbeh müxalifət ictimai rəydə özünə qarşı ikrah hissi oyadır
Təəssüf ki, siyasi baxışlarına görə "real müxalifətçi" olduqlarını bəyanlayan bir qrup siyasətbaz soyqırımı günündə belə, öz ambisiyalarından çxış etməklə daxili çirkablıqlarını üzə çıxarmış olurlar. Məsələn, bir-birləri ilə didişməkdə olan müxalifət partiyaları Xocalı soyqırımının 24 ildönümü münasibəti ilə "Ana fəryadı" abidəsinin ziyarət edilməsində ayrı-ayrılıqda iştirak edərək, mövcud faktı təsdiq ediblər. Daha dəqiq desək, hətta ümummilli hüzn günü belə, onların bir araya gəlməməsi qeyd edilən faktları kifayət qədər təsdiqləmiş olur. Özlərini "Böhran koalisiyası" adlandıran səkkiz partiya, eləcə də bir neçə ictimai qurum və hərəkat ayrıca olaraq ziyarətə gedərək, burada siyasi dividend axtarışına çıxdılar. O cümlədən, Əli Kərimlinin sədri olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə Cəmil Həsənlinin rəhbərlik etdiyi "Milli Şura" da abidə-kompleksi ayrıca ziyarət edib. Arif Hacılının başqanı olduğu Müsavat partiyası, eləcə də sabiq Müsavat baqşanının sədri olduğu "Milli-Strateji Düşüncə Mərkəzi" ("MSDM") və Əhrar partiyasının sədri, Müsavat baqşanının qardaşı Vaqif Hacıbəyli isə birlikdə hərəkət edib. Beləlkilə, digər ümummilli maraqları ehtiva edən günlərdə olduğu kimi, Xocalı soyqırımı günündə də eyni hal müşahidə olunub ki, bu da ilk növbədə ictimai rəydə belə özündənmüştəbeh müxalifətə qarşı ikrah hissini daha da artırmış olur.
ADP sədri Sərdar Cəlaloğlu kimə "haqq" qazandırır? - "Biz müttəfiq olmadığımız təşkilatlarla birlikdə addımlamağı doğru hesab etmirik"
Bu arada Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu hazırda təmsil olunduğu "Böhran koalisiyası"nı pis ayaqda qoymamaq üçün bu qurumdakı çəkisini, siyasi ambisiyalarını artırmaq üçün soyqırımı günü "Ana fəryadı" abidəsini ayrıca ziyarət etmələrinə öz təbirincə "haqq" qazandırıb. Ancaq onun bu iddiaları əlbəttə ki, heç nəyi dəyişməyib. Əksinə, müxalifəti daha da gözdən salıb. Sitat: "Bu davranışı normal hesab edirəm (?!-R.R.). 10-15 il öncə müxalifətdə olan əksər siyasi partiyalar bir blokda təmsil olunurdu, ona görə də ziyarət birlikdə həyata keçirilirdi. İndi durum bir qədər fərqlidir. Müxalifət düşərgəsində müxtəlif birliklər və ya koalisiyalar mövcuddur. Odur ki, artıq hər kəsin birgə hərəkət etməsinə ehtiyac yoxdur. Biz "Böhran koalisiyası"nda təmsil olunuruq. Koalisiya qərar verib ki, ziyarət birlikdə gerçəkləşdirilsin. Biz müttəfiq olmadığımız təşkilatlarla birlikdə addımlamağı doğru hesab etmirik. Bu, mümkün də deyil. Əgər fərqli bloklar və yanaşmalar varsa, hər kəs öz ətrafı ilə birlikdə ziyarət etməlidir…10 il əvvəl əgər kimləsə birlikdə ziyarətə gəlmişəmsə, bundan 10 il sonra da onunla bura gəlməyə məhkum deyiləm. Bir yerdə olmayanlar əlamətdar günləri birlikdə qeyd edə, xatırlaya bilməzlər".
Bu zaman belə bir sual yaranır, əcəba, xalqın ümumi hüzn günündə, ümumxalq matəmində kimlərsə müttəfiqmi olmalıdır? Hər halda belə absurd fikirlər yalnız ADP sədri tərəfindən deyil, AXCP, Müsavat və s. partiyalar tərəfindən də səsləndirilməkdədir.
Sual yaranır: bu cür yanlış düşünənlər hər hansı bir qohumlarının yas mərasimində iştirak edərkən, əqrəbaları arasında münasibəti olmayan biri olduğu halda rəhmətə getmiş qohumunun qəbrini ziyarət etməyə təkmi gedirlər?
Ancaq çox yəqin, ADP sədri də yaxşı bilir ki, onlar, yaxud da Xocalı soyqırımı günü abidəni ayrı-ayrılıqda ziyarət edən digər müxalifət partiyalarının hər biri yanlış mövqedədirlər.
Digər tərəfdən, hətta belə günlərdə ənənəvi düşərgənin bir günlik olsa belə, birləşib eyni mövqedən çıxış etməməsi Azərbaycanda dayaqları möhkəm olan, ictmai-siyasi proseslərdə öz sözünü deməyi bacaran müxalifətin olmadığını dəfələrlə isbatlamış olur.
Bu sübut, mövcud süqutun bariz göstəricisidir - AzDP sədri Sülhəddin Əkbər: "Mən özümün də əvvəllər olduğum düşərgənin gələcəyinə optimist baxmaqda çətinlik çəkirəm"
Yeri gəlmişkən, Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər müxalifətin perspektivinə şübhə ilə yanaşdığını bəyan edib. Partiya sədri deyib ki, böhranın içində müxalifət də var: "Azərbaycan müxalifətinin böhranı bütövlükdə qlobal böhrandan öncələrə təsadüf edir. Müxalifətin real güc olaraq Azərbaycan ictimai-siyasi fikrinə təsirinin piki 2003-cü il idi. Bundan sonra 2005-ci ilə qədər müəyyən şanslar saxlanılırdı. 2005-ci ildən sonra artıq müxalifətin tənəzzülü başlandı. 2005-ci ildən sonra eniş başladı və bu eniş artıq böhrana çevrildi. 2010-cu ildə müxalifət parlament seçkilərində yer qazana bilmədi. O zamandan çox ciddi düşünməyə başladım və məndə Azərbaycan müxalifətinin gələcəyi haqqında çox ciddi suallar yarandı. Keçən müddətdə bu suallar azalmadı, əksinə artdı. Amma mən özümün də əvvəllər olduğum düşərgənin gələcəyinə optimist baxmaqda çətinlik çəkirəm".
Göründüyü kimi, artıq müxalifətin bir araya gəlməsi mümkünsüz məsələyə çevrilib və bunu yalnız biz deyil, elə müxalifətdə uzun illər təmsil olunan tərəflər də yeri gəldikcə etiraf etməkdədirlər. Ancaq yuxarıda vurğulanan hal düşərgənin tamamilə çökdüyünün açıq-aşkar sübutudur. Bu sübut isə mövcud süqutun bariz göstəricisidir.
Rövşən RƏSULOV