"Kristofer Smitin özü müxtəlif əllərə işləyir və ABŞ-Azərbaycan əlaqələrinin inkişafına zərbə vurmağa çalışır"
Amerikalı konqresmen Kristofer Smit Azərbaycan haqqında yenidən heç bir reallığa söykənməyən, xüsusi riyakarlıqla dolu olan bəyanatla çıxış edib. Onun Azərbaycana təzyiq göstərmək üçün ATƏT rəhbərliyinə və ABŞ dövlətinə yenidən müraciət etməsi bir daha sübut edir ki, bütün dünya üçün həssas olan belə bir məqamda Azərbaycan haqqında qərəzli layihələrlə çıxış etmək xalqımıza qarşı düşmənçilikdən başqa bir şey deyildir.
"SƏS" qəzetinə danışan ekspert Vüqar Əsgərov bildirib ki, Azərbaycana heç bir qurum və dövlət təzyiq edə bilməz, çünki dövlətimiz kifayət qədər iqtisadi-siyasi gücə malikdir: "Amerikalı konqresmen Kristofer Smitin ATƏT rəhbərliyini, həmçinin ABŞ hökumətini Azərbaycanda siyasi məhbuslar və mətbuat azadlığının boğulması məsələsini qaldırmağa çağırması birbaşa ölkəmizin daxili işlərinə müdaxilə, anti-Azərbaycan qüvvələrə dəstək və qanunlarımıza hörmətsizlikdir. Ona görə də K.Smitin yenidən bu cür bəyanatlarla çıxış etməsinə qarşı ciddi təpki göstərməliyik. Amerika Konqresinə, ABŞ prezidentinə, eləcə də ATƏT, BMT rəhbərliyinə Azərbaycan dövləti adından sərt müracitələr göndərməliyik ki, bu adamı anti-Azərbaycan mövqeyindən çəkindirsinlər. Düzdür, buna da bir o qədər inam yoxdur, ancaq bu addımı atmaq lazıdır. İnanıram ki, digər məsələlərdən fərqali olaraq adını çəkdiyim qurumlar Kristofer Smit məsələsində həssaslıq göstərəcəklər. Bir şeyi nəzərə almaq lazımdır ki, Kristofer Smit kimilərin məlum bəyanatlarının, ölkəmizə qarşı sanksiyaların tətbiq olunmasını arzulayan layihələrin əsas məqsədi dövlətlərarası münasibətlərə xələl gətirməkdir. Kristofer Smitin özü müxtəlif əllərə işləyir və şübhəsiz ki, ABŞ-Azərbaycan əlaqələrinin inkişafına zərbə vurmağa çalışır. Bu günlərdə biz gördük ki, Azərbaycan dünyada baş verən bütün hadisələrə təsir etmək iqtidarındadır. Söhbət "Cənub Qaz Dəhlizi"ndən gedir. "Cənub Qaz Dəhlizi" Məşəvərət Şurasının Bakıda keçirilən toplantısı çox mühüm idi. Həm də ona görə ki, bu, Azərbaycanı təkcə qonşu dövlətlərlə deyil, dünyanın bütün sivil dövlətləri ilə səmimi əməkdaşlığa və dostluğa aparır. Hesab edirəm ki, dünya üçün belə bir həssas məqamda amerikalı konqresmenin yersiz iddialarla çıxış etməsi, sadəcə bekarçılığın əlamətidir. Mən qısa bir araşdırma aparmışam. Kristoferin haqqında yazılanlar doğru deyil. Guya o, olduqca nüfuzlu konqresmendir. Heç də belə deyil. Məsələlərə obyektiv yanaşmaq lazımdır, bu adamı konqresdə ciddiyə alan yoxdur. Çox vaxt o, kimlərləsə olan şəxsi münasibətlərini belə konqresə çıxarır".
Samir