PDF Oxu

Sosial

  • 23

Mehriban xanım Əliyevanın nəcib əməlləri Onun zəngin dünyasından qaynaqlanır

Mehriban xanım Əliyevanın nəcib əməlləri Onun zəngin dünyasından qaynaqlanır

Heydər Əliyev Fondu yarandığı vaxtdan Azərbaycanın mədəniyyəti və tarixinin geniş təbliği, əhalinin sağlamlığının mühafizəsi, ekoloji mühitin sağlamlaşdırılması, informasiya texnologiyalarının tətbiqi, sosial problemlərin həlli ilə əlaqədar bir sıra genişmiqyaslı layihələr həyata keçirir. Respublikanın bütün regionlarında, ən ucqar kəndlərdə fondun təşəbbüsü ilə həyata keçirilən layihələrin nəticələrini görmək mümkündür. Geniş coğrafi məkanı əhatə edən bu layihələr fondun beynəlxalq təşkilatlarla da sıx əməkdaşlığına gətirib çıxarıb. Belə ki, fond dünyanın ən inkişaf etmiş ölkələri ilə təhsil, səhiyyə, mədəniyyət, sosial təyinatlı obyektlərin tikintisi, yenidən qurulması, maddi təchizatı sahəsində əməkdaşlığı nəzərdə tutan sazişlər imzalayıb. Azərbaycanın sosial, iqtisadi və mədəni inkişafına imza ata biləcək məsələlərə yönəlmiş layihələr nəticəsini verməkdədir. Fondun prezidenti, Azərbaycanın Birinci Xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın böyük məqsədlərini gerçəkləşdirməsi vətəndaşlıq mövqeyinin təzahürüdür. Əməlləri ilə ziyalılığın ali zirvəsində olan ölkənin Birinci Xanımının qısa zamanda Azərbaycan üçün gördüyü işlər möhtəşəm və alidir. Onun gördüyü işlər təkcə Azərbaycanda deyil, dünya arenasında Mehriban xanım Əliyeva isminə böyük məhəbbət yaratmışdır. Yaşadığımız qloballaşma dövründə, Azərbaycanın dünyaya inteqrasiya etdiyi zamanda milli-mənəvi dəyərlərin üzə çıxarılması, Azərbaycanın bir dövlət olaraq məxsusiliyinin dünyəviləşməsi istiqamətində Mehriban Əliyevanın gördüyü işlər tarixin bu günü üçün deyil, zamanın axarında əsrlərin yaddaşında iz buraxacaq hadisələrlə zəngindir.

Müasir həyata baxışda fərqlilik, dünyəvi proseslərdəki müxtəliflik prizmasında Mehriban xanım Əliyevanın gördüyü işlərin dəyəri açıq-aydın görünməkdədir. Böyük və məsuliyyətli missiyanın daşıyıcısı olmaq yükünü üzərinə götürən Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin vətən və xalq üçün göstərdiyi xidmətləri, Onun ümumbəşəri ideyalarının, zəngin irsinin təbliğçisinə çevrildi. Heydər Əliyev Fondunun prezidenti olaraq çoxşaxəli fəaliyyətini zaman və cəmiyyət üçün əhəmiyyət kəsb edə biləcək sahələrə ayırdı. Yardıma ən çox ehtiyacı olan insanlara diqqət və qayğı göstərməyi vacib hesab etdi. Mehriban xanım Əliyeva gördüyü işlərlə Azərbaycan qadınının xeyriyyəçi, mərhəmətli, ictimai-siyasi fəaliyyətdə olan varlıq olduğunu dünya ictimaiyyətinə sübut etdi. Bu gün gördüyü əməllərində Onun analıq nəvazişi, qayğısı, Azərbaycan qadınına xas olan ləyaqət və qüruru, mərhəməti, tariximizə iz salan əqidə və məsləki canlanır. Mübariz, iradəli, qətiyyətli xanım kimi ictimai-siyasi fəallığı, işgüzarlığı, milli-mənəvi sərvətlərə sədaqəti müasir Azərbaycan qadınının və vətəndaşının mövqeyidir. Elə bir sahə yoxdur ki, oradan Azərbaycanın Birinci Xanımının səsi eşidilməsin, fəaliyyəti şaxələnməsin. Bu gün Azərbaycan qadınının ümumiləşdirilmiş siması olan Mehriban xanım Əliyeva dünya miqyasında imic və nüfuz sahibidir. Onun obrazı bəşəriyyətin ideal surətinə çevrilib. Ölkənin həyatında yüksək fəallıq göstərən Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinə, təhsilinə, səhiyyəsinə göstərdiyi qayğı və diqqətini bütün dünya görür və yüksək qiymətləndirir. Bu gün Mehriban Əliyevanın gördüyü işlərin sədası dünyanın ən nüfuzlu mətbu orqanlarının səhifələrində yer alıb. Ölkəmizdən kənarda apardığı xeyriyyəçilik işləri Azərbaycan qadınının humanizm, mərhəmət kimi dəyərlərə malik olduğunu, dövlət strukturlarında, siyasi arenada və digər sahələrdə Azərbaycan qadınının istedadlı mütəxəssis kimi fəallıq göstərdiyini nümayiş etdirir. Bu gün fəxarətlə deyə bilərik ki, dünyanın bir çox ölkələrinin təsis etdiyi ali mükafat və adların təqdimində Azərbaycan xanımının - Mehriban Əliyevanın ismi xüsusi olaraq vurğulanır. Mehriban Əliyevaya verilən yüksək adlar, Onun şərəfinə və fəaliyyətinə söylənilən dəyərli fikirlər, təqdimatlar beynəlxalq aləmdə nüfuz və şöhrətə malik olduğunun göstəricisidir. Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki fəaliyyətinə görə, Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfiri tituluna layiq görülüb. Mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeninə layiq görüldü. Bu uğur və nailiyyətlər Mehriban xanım Əliyevanı fəaliyyət istiqamətinin müxtəlifliyi və məsuliyyət yükünü dərk edərək icrasının yüksək səviyyədə yerinə yetirilməsinə görə, Onu daim müşayiət edir. Azərbaycanın Birinci Xanımının Fransa Respublikası prezidentinin sərəncamı ilə "Şərəf Legionu" ordeninin zabit rütbəsi ilə təltif edilməsi də təsadüfi deyildi. Bu orden Fransaya Mehriban Əliyeva tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə görə verilib. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə "Qızıl ürək" beynəlxalq mükafatına layiq görülməsi Onun dünya miqyasında əməllərinin birmənalı olaraq qiymətləndirilməsini əyani olaraq təsdiqləyir. Azərbaycan ilə Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə, Mehriban xanım Əliyeva Polşa Respublikasının "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeni ilə təltif edildi. Türk dünyası mədəni irsinin zəngin parçası olan Azərbaycan türklərinin maddi və qeyri-maddi mədəniyyət abidələrinin qorunması və təbliği sahəsində böyük xidmətlərinə görə TÜRKSAV-ın "Türk dünyasına xidmət" mükafatına layiq görülüb. Bəli, bu mükafatların arxasında böyük əməli gerçəkliklər dayanır.

Təkcə qitədə deyil, dünya miqyasında mötəbər idman tədbiri kimi tarixiləşən "Bakı-2015" ilk Avropa Oyunlarına hazırlıq üçün Azərbaycana iki il yarım vaxt verilsə də, Azərbaycan ciddi-cəhdlə işləri sürətləndirdi. İlk Avropa Oyunlarının Təşkilat Komitəsinə Mehriban Əliyevanın sədr təyin edilməsi artıq hər şeyi demiş oldu. Ötən ilin sonlarında Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) çoxillik ənənəsinə sadiq qalaraq 2015-ci ilin idman laureatlarının adlarını açıqlayıb və Azərbaycanın Birinci Xanımı, "Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı "İlin idman xadimi" elan edib. Bu günlərdə isə Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya ANS Şirkətlər Qrupunun və milli qəhrəman Çingiz Mustafayev adına Fondun "2015-ci ilin Adamı" mükafatına layiq görülüb. 2001-ci ildə təsis edilən fondun bu mükafatına Azərbaycan Respublikasının müstəqilliyi, onun çiçəklənməsi, müsbət imicinin formalaşdırılması naminə xidmətləri ilə seçilmiş şəxslər layiq görülür. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva "2015-ci ilin Adamı" mükafatına "Bakı-2015" ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsindəki müstəsna roluna, Azərbaycanın müsbət imicinin dünyada tanınması istiqamətində gördüyü işlərə, ölkədə multikulturalizm ənənələrinin qorunub saxlanmasına verdiyi töhfəyə və davamlı xeyriyyəçilik fəaliyyətinə görə layiq görülüb. Bu, Mehriban xanım Əliyevanın fəaliyytinə verilən qiymətin daha bir nümunəsidir.

Əməlləri ilə nümunə olan Mehriban xanım Əliyeva ölkənin ictimai-siyasi həyatında rol oynayan bir varlıq kimi Azərbaycanın qapısını dünyaya açıb. Azərbaycanın mədəniyyətlərin və dinlərin qovuşduğu məkana çevrilməsindəki rolu müstəsnadır.

Çoxşaxəli fəaliyyətində yorulmaq bilməyən Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci Xanımı Mehriban xanım Əliyeva ölkənin həyatında yüksək fəallıq göstərərək Azərbaycan mədəniyyətinə, təhsilinə, səhiyyəsinə göstərdiyi qayğı və diqqəti bütün dünya görür və yüksək qiymətləndirir. Təşkilatçılıq bacarığı ilə seçilən Azərbaycanın Birinci Xanımının rəhbərliyi ilə indiyə qədər keçirilən bütün tədbirlər yüksək təşkilatçılıq səviyyəsi və keyfiyyət standartı ilə seçilib.

Heydər Əliyev Fondunun həyata keçirdiyi layihə və proqramlar cəmiyyət tərəfindən birmənalı olaraq yüksək səviyyədə qarşılanır.

Heydər Əliyev Fondu beynəlxalq fəaliyyətini səmərəli layihələr üzərində davam etdirir. Hazırda dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlıq yüksək səviyyədədir. Heydər Əliyev Fondunun qısa bir zamanda ölkəmizdə böyük hörmətə malik olan təşkilata çevrilməsi fəaliyyətinin məntiqi nəticəsidir.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti bəşəriyyətin xilasına yönələn milli-mənəvi idealların cəmiyyətdə daha möhkəm əsaslarla intişar tapmasına, ictimai şüura hakim kəsilməsinə yönəlmişdir. Xalqın böyük məhəbbətini və etimadını qazanan Mehriban xanım Əliyevanın uğurları Heydər Əliyev ucalığını başlıca meyar götürməsindən, eləcə də Azərbaycanın Birinci Xanımının zəngin mənəvi və intellektual potensialından qaynaqlanır. Məhz bu cür mükəmməl fəaliyyətin məntiqi nəticəsi olaraq indi Heydər Əliyev Fondunun gördüyü işlərin sorağı dünyanın sayılıb-seçilən ölkələrindən, ən mötəbər beynəlxalq qurumların tribunalarından gəlir.

Görülmüş bütün bu işlər, qazanılmış uğurlar, ilk növbədə, fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xeyirxahlıq, humanizm, vətənsevərlik hisslərinə, milli düşüncəyə söykənən fəaliyyətinin, dünyanın tanınmış bir çox ictimai və mədəniyyət xadimləri tərəfindən də yüksək dəyərləndirilən intellektinin, təşəbbüskarlığının, nüfuzunun, təşkilatçılıq və idarəetmə bacarığının bəhrəsidir.

ZÜMRÜD

Digər xəbərlər