Dünən Səbail rayon icra hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının və rayon polis idarəsinin birgə təşkilatçılığı ilə rayonun bütün orta və ali təhsil ocaqlarında narkomaniya əleyhinə aylıq çərçivəsində ekspert və mütəxəssislərin iştirakı ilə "Səbail gəncləri "Ağ ölümə" yox deyir!" mövzusunda növbəti tədbir paytaxtın mərkəzindəki 132-134 saylı Təhsil Kompleksinin akt zalında keçirilib. Tədbirdə bildirilib ki, narkomaniya ilə mübarizə və onun profilaktikası vacib məsələlərdən olmaqla yanaşı, bu gün gənclərin formalaşması, onların sağlam böyüməsində ən mühüm amillərdən biridir.
Tədbiri Səbail rayon icra hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Səbail Rayon Komissiyasının sədri Eldar Ağayev açıq elan edərək qonaqları təqdim ediblər. Qeyd olunub ki, bəşəriyyətin gələcəyi üçün ən dəhşətli bəla olan narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynaması çox zəruridir. E.Ağayev Azərbaycan Respublikasının müstəqillik əldə etdikdən sonra bir sıra problemlər kimi narkomaniya probleminə qarşı mübarizə tədbirlərinin görülməsinin vacibliyinin ön plana çıxdığını və problemə münasibətdə yeni mərhələnin başlandığını qeyd edib. Bildirib ki, 1996-cı ildə Ulu Öndər Heydər Əliyev tərəfindən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradıldı: "Bu Fərmanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilərək bu sahədə dövlət siyasətinin strateji istiqamətləri dəqiq göstərilib. Azərbaycan Respublikası, həmçinin müvafiq beynəlxalq sənədlərə və təşəbbüslərə də qoşulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu strateji kursu dövlətimizin əsas prioritetlərindən biri kimi davam etdirərək, narkomanlıqla mübarizədə müsbət nəticələrin əldə edilməsi məqsədilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nı təsdiq edib. Həmçinin, narkomaniyanın heç bir yaş sərhədi tanımayaraq cavanlaşmasını genefond üçün mühüm təhlükə olaraq bu qəbildən olan tədbirlərin keçirilməsində məqsədin cəmiyyətdə narkomaniya probleminin müzakirəsi və bu problemlə mübarizənin daha səmərəli yollarının araşdırılmasından ibarətdir."
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndəsi Şahin İsmayılov, Səbail rayon polis idarəsinin rəis müavini, polis polkovniki Sadiq Mədətov və digər çıxışçılar ölkənin hər yerində narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələr qoyduğunu qeyd edib. Bildirib ki, narkomaniya cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə dəyəri ölçülməyəcək qədər fəsadlar vurur.
Sonda tədbir iştirakçılarının təklifləri dinlənilərək onları maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda narkomaniyanın fəsadları ilə bağlı film nümayiş etdirilib, hər bir iştirakçıya narkomaniyanın fəsadlarını göstərən kitabçalar paylanılıb.
Ü.ƏSGƏROV