PDF Oxu

Sosial

  • 32

YAP Masallı rayon təşkilatı aparatında 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə tədbir keçirilib

YAP Masallı rayon təşkilatı aparatında 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə tədbir keçirilib

Dünən 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə YAP Masallı rayon təşkilatı aparatında tədbir keçirilib. Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm və təhsil, səhiyyə, mədəniyyət, həmçinin bir çox ictimai təşkilat və birliklərdə və digər sahələrdə çalışan qadınlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan YAP Masallı rayon təşkilatı qadınlar şurasının sədri Gülşən Xəlilova bütün xanımları bayram münasibətilə səmimi-qəlbdən təbrik etdi. G.Xəlilova adı tarix boyu uca tutulan Azərbaycan qadınının bütün dövrlərdə öz istedadı, zəkası, iradə və əzmilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərdiyini qeyd etdi. Qadınlarımızın ölkəmizin inkişafına öz dəyərli töhfələrini verdiyini, beynəlxalq qadın hərəkatında fəal iştirak etdiklərini vurğulayıb. G.Xəlilova onu da vurğuladı ki, masallılı qadınlar da rayonun ictimai-siyasi, mədəni və iqtisadi həyatında fəal iştirak edərək uğurla həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işlərinə öz töhfələrini verirlər.

YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bütün qadınları təbrik edərək hamıya möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti arzuladı. S.Əliyev çıxışında nəzərə çatdırdı ki, Ümummilli Lider Heydər Əliyev qadınların xidmətlərini - gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsində sərf etdikləri əməyi yüksək qiymətləndiridi və onlara daim böyük diqqət və qayğı göstərirdi. Natiq bildirdi ki, respublikamızın bir çox sahələrində çalışanların böyük bir hissəsini qadınlar təşkil edir. Bütün bunların təməlində isə Ümummilli Liderin uzaqgörən siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Müasir Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan bir varlıqdır. Bu gün Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva, fondun vitse-prezidenti Leyla xanım Əliyeva bütün dünyaya sübut edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadimdir".

Tədbirdə YAP Masallı rayon təşkilatının şura üzvü Lətifə Mövsümova, təşkilatın qadınlar şurasının sədr müavini Əntiqə Tağıyeva, Türkoba ərazi ilk partiya təşkilatının sədri Leyla Əzizova və başqaları çıxış edərək bildirdilər ki, Azərbaycan qadını mürəkkəb və keşməkeşli həyat yolu keçmiş, tarixin sınaqlarından alnıaçıq, üzüağ çıxmış, demokratik cəmiyyətin fəal üzvü kimi çıxış etmək imkanı əldə etmişdir.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına rayon təşkilatı tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələr verildi.

R.HÜSEYNOVA

Digər xəbərlər