Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Milli Məclisin deputatı Kamaləddin Qafarovun seçicilərilə növbəti görüşü keçirilib. Görüşdə iştirak edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirib ki, millət vəkilinin seçicilərlə görüşməkdə məqsədi onların problemləri ilə yaxından tanış olmaq, deputat səlahiyyətləri çərçivəsində bu problemlərin həlli istiqamətində onlara kömək göstərməkdir.
Milli Məclisin deputatı K.Qafarov seçicilərlə görüşündən məmnunluq hissi keçirdiyini və seçicilərinin ona etimad göstərdiklərinə görə, bir daha təşəkkürünü bildirib. Millət vəkili kimi verdiyi sözə əməl edərək, hər zaman xalqının, seçicilərin yanında olmaq, onların istək və arzularını dinləmək, yaranan problemləri aradan qaldırmaq ən ümdə vəzifələrindən biri olduğunu vurğulayıb.
K.Qafarov bildirib ki, bu günə qədər ona seçicilər tərəfindən onlarla müxtəlif müraciətlər ünvanlanıb: "Bu müraciətlər diqqətlə araşdırılaraq, problemlərin həlli yollarına nəzər salınır, aidiyyati qurumlarla əlaqə saxlanılır və problemlərin öhdəsindən gəlməyə və onu kökündən həll etməyə çalışırıq".
Millət vəkili qeyd edib ki, dövlətimizin başçısı Prezident Cənab İlham Əliyev tərəfindən uğurlu sosial-iqtisadi siyasət aparılır. Təxirəsalınmaz qərarlar qəbul olunur, atılan qətiyyətli addımlar uğurlu nəticələrə səbəb olacaq. Bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də islahatlar aparılır, insan amili daim diqqət mərkəzində saxlanır. O bildirib ki, bir çox ölkələrini səhiyyə sistemində istifadə edilən icbari tibbi sığortanın Azərbaycanın səhiyyə sisteminə tətbiq olunması onu köklü surətdə dəyişəcək və bu sahədə olan problemlər başa çatacaq. Bu, hər bir vətəndaşa şamil olunacaq. Səhiyyədə baş verən müsbət dəyişikliklər davamlı olacaq.
K.Qafarov onu qeyd edib ki, seçicilərinin göstərdiyi etimad ona imkan yaradıb ki, millət vəkili olaraq, bu problemlərin həllində yaxından iştirak edərək təkliflərini irəli sürsün. O, seçicilərini əmin edib ki, dövlət tərəfindən həyata keçirilən köklü sosial layihələr başa çatdıqdan sonra aparılan əsaslı dəyişikliklər yeni bir dövrün başlağıcına zəmin yaradacaq.
Sonra seçicilərin müraciətləri dinlənilib. Görüş zamanı sosial xarakterli müraciətlər daha çox üstünlük təşkil edib. Müraciətlərdə göstərilən problemlərin həlli istiqamətində müvafiq orqanlar qarşısında məsələ qaldırılması üçün icrası nəzarətə götürülüb. Seçicilər tərəfindən qaldırılan bəzi məsələlər yerində həll edilib.
Seçicilər Kamaləddin Qafarova göstərdiyi diqqət və qayğıya görə təşəkkür edərək, ona uğurlar arzulayıblar.
ZÜMRÜD