PDF Oxu

Sosial

  • 27

Qadınların taleyinə Azərbaycan tarixinin ən maraqlı, qızıl hərflərlə yazılmış dövrünün şahidi olmaq qisməti düşüb

Qadınların taleyinə Azərbaycan tarixinin ən maraqlı, qızıl hərflərlə yazılmış dövrünün şahidi olmaq qisməti düşüb

8 mart Azərbaycan təqviminin ən fərəhli günlərindən biridir. Çünki bu bayram Azərbaycan anasının, tarixən ağlı, zəkası, gözəlliyi, namusu, mərdliyi, sədaqəti, fədakarlığı ilə millətinə, torpağına başucalığı gətirən Azərbaycan qadınının bayramıdır. Tarixin bütün dönəmlərində qadınlarımız cəmiyyətimizin mənəvi dayağı olmuş, ölkəmizin simasını müəyyənləşdirmək üçün böyük fədakarlıqlar göstərmişlər. Milli müstəqillik və dövlətçilik ideyaları ətrafında sıx birləşən Azərbaycan qadınları bu gün də dövlət quruculuğunda, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edərək Vətənimizin sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına, mədəniyyətimizin inkişafına layiqli töhfələrini verirlər. Təhsil sahəsində isə qadınlarımızın fəaliyyəti xüsusilə diqqətəlayiqdir. Ölkəmizin çoxminli xanım müəllimləri öz səmərəli fəaliyyətləri ilə gənc nəslin yüksək səviyyəli, fəal mövqeli, xalqına, dövlətinə sadiq, müasir dünyada gedən proseslərdən baş çıxarmağı bacaran kamil vətəndaşlar kimi yetişməsi işinə böyük töhfələr verirlər. Azərbaycan qadını öz əzəli funksiyası olan analıq vəzifəsini və borcunu da şərəflə yerinə yetirir, Vətən üçün milli-mənəvi dəyərlərimizin qoruyucuları, adət-ənənələrimizin yaşadıcıları olan, nəsillər arasında varisliyi ləyaqətlə davam etdirən övladlar tərbiyə edib yetişdirirlər.

Qadınlar bugünkü mövqeyinə görə əbədiyaşar Ulu Öndər Heydər Əliyevə borcludurlar. Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra Azərbaycanın qadın hərəkatında yeni mərhələ, nəzərə çarpacaq yüksəliş, fəallıq və təşkilatlanma mərhələsi başlanmışdır. 1993-cü ilin ortalarından üzübəri Azərbaycan qadını müdrik xalq rəhbərinin ardıcıl və məqsədyönlü səyi, prinsipial diqqət və qayğısı sayəsində cəmiyyətdə durmadan yüksəlir, ictimai-siyasi həyatda öz layiqli yerini tapır və liderləşir. İndi artıq reallığa çevrilmiş fəal qadın hərəkatı əsl dirçəliş yoluna 1994-cü ildən qədəm qoymuşdur. Bu dirçəliş bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin yolunu yeni meyarlarla zənginləşdirərək yüksək səviyyədə davam etdirən Prezident İlham Əliyev dövlət-qadın siyasətinin daha böyük nailiyyətlərlə icrasını təmin etdi. Onun rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atdı. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması üçün Prezident İlham Əliyev tərəfindən 1998-ci ildə yaradılmış "Qadın Problemləri üzrə Dövlət Komitəsi"nin səlahiyyətləri genişləndirilərək "Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi" yaradıldı. Bu qurum qeyd olunan istiqamətlərdə aparılan məqsədyönlü işlərin sürətlə həyata keçirilməsində müstəsna rol oynayır. Birmənalı şəkildə demək olar ki, bu gün Azərbaycanda gender bərabərliyinin təminatına dövlət qayğısı yüksək səviyyədədir. 2006-cı ildə Azərbaycanın qanunverici orqanında gender bərabərliyi haqqında qanun qəbul olunmuşdur. 2010-cu ildə isə "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanun qəbul edilmişdir. Gender bərabərliyi bilavasitə cəmiyyətdə kişi və qadın bərabərliyinin təmin olunmasına xidmət edirsə, məişət zorakılığı ilə bağlı qanun müəyyən stereotiplərin qarşısının alınmasında əhəmiyyətli rola malikdir. Həmin qanunların təsdiqi, onların həyata keçirilməsi cəmiyyətdə mövcud olan streotiplərin aradan qalxmasına böyük imkanlar yaradır. Ulu Öndər Heydər Əliyev cəmiyyətdə qadınların durumunu, mövqeyini gücləndirmək üçün ölkə tarixində ilk dəfə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam verdi. Heydər Əliyevin şəxsində dövlətimiz öz qadın vətəndaşlarının problemlərinə biganə olmadığını əməli olaraq sübut etdi. Ulu Öndərin "Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında" Sərəncamı qadın əməyinə, qadınların istedad və potensialına dövlətimizin böyük diqqət və qayğısının ifadəsi idi. 1998-ci il sentyabrın 14-15-də 26 illik fasilədən sonra Azərbaycan qadınlarının növbəti qurultayı keçirildi. İki gün davam edən qurultayda respublika qadınlarını iki mindən çox nümayəndə təmsil edirdi.

Azərbaycan qadını bu gün demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək sivil dəyərləri əxz edən Azərbaycan cəmiyyətinin həyatına birinci xanım ənənələrini də gətirmişdir. Əslində nə vaxtsa çağdaş dünyanın bizim dövlətçilik irsimizdən mənimsədiyi, tarixin hansı əyyamında isə unutduğumuz bu ənənələrin müstəqil Azərbaycan dövlətində yenidən bərpası faktı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, YAP-ın Sədr müavini Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. O, həm rəsmi bir şəxs, həm Azərbaycanın milli dəyərlərinin davamçısı, həm də bir saylı xeyriyyəçi kimi bütün layihələrində müqəddəs analığın xidmətindədir. Ulu Öndər Heydər Əliyevin ideyaları, inkişaf və tərəqqi xətti bu gün də bir mayak kimi xalqımızın yoluna nur saçır, gələcəyimizi müəyyənləşdirir. Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin atdığı addımlar hər bir Azərbaycan vətəndaşında qürur, fərəh və şərəf hissi yaradır. Mehriban xanım Əliyevanın Azərbaycan dövləti və xalqı, eləcə də, qadın siyasətinin inkişafında tarixi xidmətləri vardır. O, ölkənin birinci xanımı statusu ilə Azərbaycan cəmiyyətində novatordur. Dünyanın əksər ölkələrində dövlət rəhbərlərinin xanımlarının mədəni- sosial sahədə həyata keçirdikləri tədbirlər əsasında yaranan bu ənənənin Azərbaycanda formalaşdırılması məhz Mehriban xanım Əliyevanın qismətinə yazılıb. Dövlətçilik sistemlərində Xatun modelini əslində bütün dünyada məhz türk əxz edib. Mehriban xanım Əliyevanın timsalında bu tarixi ənənənin müstəqil Azərbaycanın dövlətçilik sistemində yenidən bərpası onun ölməz türk ruhuna sədaqət hissi ilə bağlıdır. Bu gün isə möhtərəm Prezidentimiz İlham Əliyevə bu köməyi Mehriban xanım Əliyeva edir. Bu gün biz qadınların taleyinə Azərbaycan tarixinin ən maraqlı, qızıl hərflərlə yazılmış dövrünün şahidi olmaq qisməti düşüb. Azərbaycan qadınının övladı inkişafa, tərəqqiyə yol açmış gözəl bir ölkədə yaşayır, dövləti, rəhbəri tərəfindən böyük qayğı və diqqətlə əhatə olunur. Azərbaycan ailəsində ağıllı, zəkalı, vətənpərvər gənclik yetişir. Onun xoşbəxt gələcəyini təmin etməyə qadir bir cəmiyyət yaranıb. Bu, Azərbaycan anasının həyatına bayram libası geyindirir. Çünki Azərbaycan qadınının yetişdirdiyi igid oğullar öz Vətənlərinin keşiyində ayıq-sayıq dayanırlar. Onların hər biri sabah doğma Qarabağımızın azad olunması haqqında öz rəhbərinin əmrinə müntəzirdir. Bayramınız mübarək əziz ana və bacılarımız!

DİLARƏ CƏBRAYILOVA,

millət vəkili

Digər xəbərlər