PDF Oxu

Sosial

  • 42

Tərtər rayonunda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib

Tərtər rayonunda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib

Martın 7-də Yeni Azərbaycan Partiyası rayon təşkilatı və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirildi. Tədbirdə rayon icra hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayonumuzun müxtəlif sahələrində çalışan qadınlar, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.

Tədbirdə iştirak edən Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik etmiş, onlara ailə xoşbəxtliyi, ictimai fəaliyyətlərində uğurlar diləmişdir. Qeyd olunmuşdur ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə müstəqil Azərbaycan Respublikası qadınlarının 1998-ci ildə keçirilən qurultayında Ümummilli Liderin yadda qalan və dərin məzmunlu nitqi respublikamızda qadın hərəkatının inkişaf mərhələsini gündəmə gətirmişdir. Ümummili Lider Heydər Əliyevin siyasətində qadına diqqət və qayğının mühüm bir istiqamət təşkil etdiyini bildirən rayon rəhbəri bildirmişdir ki, həmin siyasət bu gün Prezident Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli-əxlaqi dəyərlərimizin, adət və ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımız Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firəvan və qüdrətli bir dövlətə çevirmək yolunda əlindən gələni əsirgəmirlər. Dövlət quruculuğumuzun bütün istiqamətlərində xüsusi xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyuimizin daha da mohkəmləndirilməsi, mədəniyyətimizin inkişaf etdirilməsi üçün bu gün də var qüvvələrini sərf edirlər.

Rayon rəhbəri Azərbaycan xalqının tarixi-mədəni irsinin öyrənilməsində, xalqımızın dərin köklərə malik mədəniyyətinin təbliğində qadınların, xüsusilə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin örnək kimi qəbul edildiyini vurğulamış, qeyd etmişdir ki, öz xidmətləri ilə Azərbaycan qadınının, Azərbaycan xanımının obrazını canlandıran, UNESKO və İSESKO-nun Xoşməramlı Səfiri, Azərbaycanın Birinci Xanımı Mehriban xanım Əliyevanın gördüyü işlər beynəlxalq miqyasda da yüksək qiymətləndirilir.

Rayon rəhbəri qeyd etmişdir ki, 102.493 nəfər olan rayon əhalisinin 51.823 nəfərini qadınlar təşkil edir. 4340 nəfər qadın təhsil, səhiyyə, mədəniyyət müəssisələrində, o cümlədən, rəhbər vəzifədə 181 nəfər, dövlət qulluğunda 55 nəfər qadın çalışır. Ötən il milli təhsilimizin inkişafında xidmətlərinə görə 4 nəfər qadın "Əməkdar müəllim" adına layiq görülmüş, 2 nəfər qadın isə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

YAP rayon təşkilatının 5801 nəfər üzvündən 3074 nəfəri qadınlardır. Bu gün Azərbaycan qadınının səsi dunyanın bir çox mötəbər təşkilatlarının ən yüksək tribunalarından gəlir.

Sonda rayon rəhbəri bir daha qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik etmiş, hamıya möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, sülh, əmin- amanlıq arzulamışdır. Vurğulamışdır ki, Tərtər qadınları, həqiqətən qəhrəmandırlar. Çünki düşmənlə üz-üzə, göz-gözə yaşayır və işləyirlər.

Bayram tədbirində Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun anası Mahı nənə, şəhid anası Tərlan Əsədova, Əlil Qadınlar Cəmiyyətinin rayon şöbəsinin sədri Tükəzban Əliyeva, şəhər İƏD üzrə nümayəndə Sahib Həsənov, rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, rayon mərkəzi xəstəxanasının baş həkimi Yaşar Hüseynov, mədəniyyət və turizm şöbəsinin müdiri Gündüz Mürsəlov, ƏSMM-in rayon şöbəsinin direktor əvəzi Emil Məmmədov çıxış edərək qadınları təbrik etdilər.

Tədbirdə rayon mədəniyyət evinin "Tərtər" xalq kollektivinin rəngarəng musiqi nömrələri alqışlarla qarşılandı.

Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadın, rayon icra hakimiyyəti və YAP rayon təşkilatı tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə təltif olundular. Şəhid anaları və ağbirçəklər də unudulmadılar. Tədbir şən və yaddaqalan oldu.

RƏFİQƏ

Digər xəbərlər