PDF Oxu

Sosial

  • 37

"İslam dini və müasir gənclik" mövzusunda tədbir keçirilib

"İslam dini və müasir gənclik" mövzusunda tədbir keçirilib

Dünən Azərbaycan Universitetində "İslam dini və müasir gənclik" mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Mübariz Qurbanlı, universitetin rektoru, professor Fərid Əhmədov, universitetin tələbə - müəllim heyəti və ziyalılar iştirak ediblər.

Giriş sözü ilə çıxış edən Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov müasir gəncliyimizin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasının vacibliyindən danışıb. Rektor diqqətə çatdırıb ki, islam dininin gələcəyi üçün gənclərin imanlı böyüməsi vacibdir: "Bu gün dinimizə bağlanan insanların böyük əksəriyyətinin orta təbəqənin nümayəndələri olmasına baxmayaraq, gənclərimizdə də dinimizə sevgi az deyildir. Müqəddəs dinimiz olan islam dini gəncliyə və gənclərin püxtələşməsinə çox böyük diqqət vermişdir. Ona görə də, məhz gənclərin düzgün dini maarifləndirilməsinə cəmiyyətimiz biganə qalmamalı, onları düzgün şəkildə istiqamətləndirməlidirlər. Bu sahədə, xüsusən bölgələrdə, o cümlədən də ali təhsil ocaqlarında dini savadlılığın artırılması istiqamətində tədbirlər görülməlidir".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı ümumbəşəri dəyərlərə münasibətdə zəngin təcrübəyə malik Azərbaycanda islamın tarixi, milli - mənəvi dəyərlərimizdə yeri, bu dəyərlərin yad təsirlərdən qorunması ilə əlaqədar məsələlərdən bəhs edib.

M.Qurbanlı bildirib ki, ölkəmizdə tarixən tolerantlıq mühiti, dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri hökm sürüb: "Bu gün də dövlət-din münasibətləri zəngin milli-tarixi ənənəyə əsaslanaraq, beynəlxalq hüquqi normalarla tənzimlənir. Bununla bağlı Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi siyasət Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmizdə dinlərarası münasibətlər fonunda hər kəsin dini etiqad azadlığı qorunur. Azərbaycan islam siviliziyasının tərkib hissəsi olmaqla yanaşı, həmçinin dini xürafata və geriliyə qarşı mübarizə aparan ölkədir. Bu baxımdan da Azərbaycanın islam maarifçiliyinin inkişafında rolu danılmazdır".

Qurum rəhbəri onu da qeyd edib ki, bu gün dünyada bəzi qüvvələr islamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla onu gözdən salmağa çalışır, terrorla əlaqələndirmək istəyirlər: "Avropada müxtəlif qruplar meydana gəlib ki, onlar islam əleyhinə çağırışlar edirlər. Bu kimi halların qarşısını almaq üçün dini maarifçilik böyük əhəmiyyət daşıyır. İslam maarifçiyində islam ölkələri arasında koordinasiyanın yaradılmasına ehtiyac var. Buraya elm və tədris mərkəzlərini cəlb etmək doğru olar. Azərbaycanda islamşünaslıq elmi yeni inkişaf mərhələsinə daxil olduğu üçün biz milli-mənəvi dəyərlərimizi qorumalı, eyni zamanda, milli kadrlarımızı yetişdirməliyik. Hesab edirəm ki, islam dəyərlərinin təbliğində Azərbaycan alimlərinin və islamşünasların tədqiqatlarına ehtiyac var".

M.Qurbanlı əlavə edib ki, Azərbaycan islam dünyasının bir parçasıdır: "Ölkə əhalisinin 96 %-i müsəlmandır. Qalan hissəsi isə müxtəlif dinlərin nümayəndələridir. Yəni Azərbaycanda aparıcı din islam dini olsa da, başqa dinlərə də hörmətlə yanaşılır. Dünyəvi dövlət olduğumuz üçün din dövlətin işlərinə birbaşa müdaxilə edə bilmir. Ölkələr var ki, dini qaydalar dövlətin idarəçiliyində birbaşa rola malikdir və orada din tam şəkildə nəzərə alınır. Amma Azərbaycanda bu, fərqlidir. Din dövlət münasibətlərinin tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında öz əksini tapır. Hesab edirəm ki, gənclərimiz bununla yaxından tanış olmalı, din dövlət münasibətləri haqqında geniş məlumata malik olmalıdırlar".

Daha sonra komitə sədri Mübariz Qurbanlı tələbələri maraqlandıran sualları cavablandırıb.

Tədbir diskussiya şəraitində başa çatıb.

İntizarə Məmmədova

Digər xəbərlər