PDF Oxu

Sosial

  • 52

"Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər işığında"

"Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər işığında"

Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən biri də Onun multikultural və tolerant dəyərlərə verdiyi önəm olub. Belə ki, Ulu Öndərin həyata keçirdiyi siyasətdə tolerantlığın hər zaman diqqət mərkəzində olub. Ümumiyyətlə, belə düşünmək mümkündür ki, Azərbaycanda tarixən tolerantlıq faktoru mövcud olsa da, müasir tariximizdə onun təməlini daha da möhkəmləndirən, inkişaf etdirən məhz Heydər Əliyev olmuşdur. Bu baxımdan, ölkəmizdə bütün konfessiyalara eyni səviyyədə münasibət Ümummilli Liderin tolerantlığa verdiyi önəmi bir daha göstərir. Azərbaycan bu gün dünyanın mərkəzinə çevrilən ölkə imicini digər sahələrədəki inkişafı ilə yanaşı, həm də tolerantlıq siyasəti nəticəsində əldə etmişdir. Buna ən bariz nümunələrindən biri də odur ki, bununla bağlı keçirilən bir çox beynəlxalq tədbirlərdə bütün dini konfessiyaların nümayəndələri iştirak edirlər. Bu birlik artıq bir ənənə şəklini alıb. Son illərdə respublikamızda dünyəvi dövlət şəraitində dövlət-din münasibətlərinin tənzim edilməsi, dini-mənəvi dəyərlərin pozitiv potensialından səmərəli və məqsədyönlü istifadə olunması ilə bağlı görülən böyük işlərin mahiyyətini düzgün başa düşmək üçün müstəqillik dövrünün ilk illərində ölkənin dini durumuna ani olsa da nəzər salmaq labüddür.

Milli müstəqilliyin ilk illərində, Azərbaycan cəmiyyəti üçün həyatın bütün sahələrində olduğu kimi, din sahəsində də müəyyən pərakəndəlik səciyyəvi idi, 70 illik sovet rejimi dövründə insanların zehnindən dini sıxışdırıb çıxarmaq məqsədilə çox iş görülmüşdü. Bəzilərində bu hal daha kəskin xarakter aldı. Dini ideyaya, hətta mistisizmə maraq artdı. Vəziyyətdən sui-istifadə etmək istəyənlər də az olmadı. Ölkədə qeyri-ənənəvi dinləri, deskruktiv sektaları yaymaq məqsədi güdən bir sıra xarici missioner təşkilatların fəaliyyəti geniş vüsət aldı. Bir çox dini icma xaricdəki dini mərkəzlərin və missioner təşkilatlarının ölkədə təbliğçilərinə çevrilmişdi. Azərbaycanda dərin köklərə malik olmayan qeyri-ənənəvi dinlər geniş təbliğ edilirdi. Dini durumda tam aşkar olmasa da, qeyri-stabillik meyilləri özünü göstərir, radikallaşma prosesi canlanır və beləliklə, ümumi stabillik və hətta dövlətçilik üçün təhlükə notları səslənirdi. Məhz Ümummilli Lider Heydər Əliyev respublikada yenidən hakimiyyətə qayıdanda cəmiyyətin dinə bağlı durumu belə mürəkkəb və ziddiyyətli idi. Bu cür çətin şəraitdən yalnız yüksək dövlətçilik təcrübəsi olan bir şəxs baş çıxara, vəziyyəti düzgün qiymətləndirib dönüş yarada bilərdi. İlk növbədə, din-dövlət münasibətlərində yaranmış uçurum aradan götürülməli, qarşılıqlı inam bərpa olunmalı, dövlətin anti-din, ateist siyasəti yeritməməsinə insanları inandırmalı, dinin, həqiqətən də milli-mənəvi dəyərlərdə yerini müəyyən etmək tələb olunurdu. O, məscidlərə gedir, dini münasibətlərlə keçirilən mərasimlərdə iştirak edir, dindarlarla görüşür, dövlətin strateji xəttini özü şəxsən izah etməyə çalışırdı. Çıxışlarının birində Heydər Əliyev bildirirdi ki, Azərbaycanın strateji yolu demokratik, hüquqi və dünyəvi dövlət quruculuğundan keçir. 1-2 oktyabr 1998-ci ildə Bakıda keçirilən "Müasirlik və dini-mənəvi dəyərlər" adlı beynəlxalq konfransda Heydər Əliyev dünyəvi dövlətdə etiqad azadlığı prinsipini daha geniş açıqlayaraq demişdir: "Dövlətimiz insanlara bütün azadlıqları vermiş və vicdan azadlığını, din azadlığını öz siyasətinin əsas hissəsi hesab etmişdir. Azərbaycan Respublikasının Konstitusiyası (18,48-ci maddələr) din və vicdan azadlığını təsbit etmiş, biz isə bir dövlət kimi bunun təmin olunmasının qarantıyıq. Bəli, ona görə də bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik".

Ulu Öndər Heydər Əliyev 5 sentyabr 1993-cü ildə Təzəpir məscidində Məhəmməd peyğəmbərin mövludu münasibətilə keçirilən mərasimdə çıxış edərək demişdir: "Biz bir dövlət kimi, Azərbaycan Respublikasında, müstəqil Azərbaycanda hər bir insanın sərbəst olaraq öz dini adət-ənənələrinə xidməti və onlardan istifadə etməsinə bütün imkanları yaradacağıq". Ümummilli Lider bütün sonrakı dövr ərzində bu vədinə əməl etmiş, dinin, dini təsisatların və etiqadların müasir Azərbaycan cəmiyyətində oynadıqları rola diqqətini azaltmamışdır. 8 aprel 1998-ci ildə Qurban bayramı münasibətilə Mir Möhsün ağanın ziyarətgahında keçirilən bir görüşdə qeyd etmişdir ki: "İslam dini bizim doğma dinimizdir. Xalqımızın milli-mənəvi dəyərləri, dinimizin adət-ənənələri bizim sərvətimizdir... Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır".

Bu baxımdan, məqalənin əvvəlində də qeyd etdiyimiz kimi, Azərbaycan tarixən tolerantlıq, dini dözümlülük ənənələri ilə fərqlənsə də, tam qətiyyətlə deyə bilərik ki, bugünkü mənada beynəlxalq standartlara cavab verən tolerantlıq ölkəmizdə məhz Heydər Əliyevin xidmətləri sayəsində qurulmuşdur. Çıxışlarının birində Ümummilli Liderimiz vurğulayıb ki, Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir: "Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayır. Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq və hürriyyət imkanları verir".

Ölkəmizdəki bu tolerantlıq bir çox beynəlxalq təşkilatlar tərəfindən etiraf olunur. Dəfələrlə nüfuzlu təşkilatlar, tanınmış dünya şöhrətli siyasi və dini xadimlər Azərbaycanda tolerantlığın səviyyəsindən məmnunluqlarını bildirmişdilər. Ümumiyyətlə, Azərbaycanın pozitiv təcrübəsi bir daha sübut edir ki, ölkəmiz müstəqil inkişaf dövründə dini tolerantlıq və dözümlülük nümunəsi imicini qazanmışdır. Ümumi stabilliyin bir hissəsi olan dini sahədəki stabillik ölkə rəhbərinin dini durumla bağlı siyasətinin əməli nəticəsidir.

Roma papası II İoann Pavel 2003-cü ilin mayında Bakıda olarkən demişdi: "Azərbaycan üç müxtəlif dinin dinc yanaşı yaşadığı nadir bir ölkə və dini dözümlülük baxımından sabit cəmiyyətdir".

2013-cü ilin aprel ayında Azərbaycanda qonaq olan Rum patriarxı I Varfolomey ölkəmizdə tolerantlığın canlı şahidi olduğunu demişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, Bakıda iki yəhudi sinaqoqu və Jen Mironosets Kafedral kilsəsi bərpa edilərək dindarların istifadəsinə verilib və hər kəs rahatlıqla həmin ibadətgahlarda dini ayinlərini icra edə bilir. Halbuki Avropanın göbəyində yerləşən bəzi ölkələr dini dözümsüzlükdən əziyyət çəkdikləri halda biz Azərbaycanda yəhudilər, xristianlar və müsəlmanlar arasında qarşılıqlı hörmət və sıx əməkdaşlığın daha da möhkəmləndiyini görürük. Bu tolerantlıq, dinlərarası dialoq və əməkdaşlıq Heydər Əliyevin düzgün və ədalətli siyasəti sayəsində bərqərar olmuşdur. Müxtəlif etnoslar, konfessiyalar və mədəniyyətlərin təmsil olunduğu Azərbaycanda tolerantlığın möhkəmləndirilməsində milli həmrəylik naminə, ənənəvi və qeyri-ənənəvi dinlər arasında münasibətlərin qanun çərçivəsində sivil yolla tənzimlənməsi dini ekstremizmə qarşı mübarizədə, bütövlükdə təhsilin, o cümlədən, dini maariflənmənin rolunu nəzərə alan Heydər Əliyev 1996-cı il fevral ayının 2-də keçirilmiş Müstəqil Azərbaycan Gənclərinin I Forumundakı çıxışında demişdir: "Ayrı-ayrı qruplar gənclərə fanatizm əhval-ruhiyyəsi aşılamaq istəyirlər və bunlar da bizim gənclərin tərbiyəsinə zərər vurur...".

Ulu Öndər ATƏT-in 2002-ci ildə Bakıda keçirilən konfransında isə qeyd etmişdir ki, "yüksək tolerantlıq, ilk növbədə yüksək mədəniyyətin təzahürüdür. İnsanlarda belə bir mədəniyyətin formalaşdırılmasını uşaqlıq illərindən başlamaq lazımdır..."

Bu gün Azərbaycanda dini zəmində münaqişələrin olmaması insanların sərbəst olaraq öz əqidə formasını seçməsi, dini dözümlülük və tolerantlıq şəraitinin yaradılması, bu uğurların bir çox beynəlxalq təşkilatlar, dünyada nüfuzlu din xadimləri və böyük ölkələr tərəfindən etiraf olunması Ümummilli Lider Heydər Əliyevin dini sahədə balanslaşdırılmış siyasət yürütməsinin və həmin siyasətin bu gün davam etdirilməsinin nəticəsidir.

RƏFİQƏ KAMALQIZI

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmalar arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə "Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər işığında" mövzusundakı müsabiqəyə təqdim edilmək üçün

Digər xəbərlər