Dövlət Sərhəd Xidməti tərəfindən 2016-cı ilin fevral ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilibdir. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin "SƏS" qəzetinə verdiyi məlumata görə, ay ərzində dövlət sərhədini pozduqları üçün 22 halda 34 nəfər saxlanılmış, onların 11 nəfəri Azərbaycan Respublikası, 9 nəfəri İran İslam Respublikası, 4 nəfəri Qana, hər ölkədən 2 nəfər olmaqla Pakistan, Özbəkistan, Ukrayna və hər ölkədən 1 nəfər olmaqla - Moldova, Gürcüstan, Banqladeş və Filippin vətəndaşları olubdur.
Sərhəd rejim qaydalarını pozduqları üçün yaşıl sərhəddə 2 halda 4 nəfər, Xəzər dənizində 14 halda 25 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 391 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilibdir. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 6 halda 7 kiloqram 498 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 59 halda ümumi dəyəri təqribən 376 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd TOZ-8 markalı tüfəng, 1 ədəd 7,62 mm-lik güllə, 25 kq barıt, 1 ədəd "Drond" markalı uçuş aparatı, 15636 qutu siqaret, 30920 Azərbaycan manatı, 569000 Rusiya rublu, 30 baş buzov, 6 baş at, müxtəlif növ dərman preparatları, spirtli içkilər, ərzaq və sənaye malları saxlanılmışdır.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.
R.HÜSEYNOVA