Naxçıvan şəhərindəki mərkəzi bazarda ənənəvi bayram yarmarkası təşkil olunub.AZƏRTAC xəbər verir ki, yarmarkaya 59 sahibkarlıq subyekti tərəfindən 116 adda, 230 çeşiddə məhsul çıxarılıb.Yarmarkada fermerlərə və digər torpaq mülkiyyətçilərinə hər cür şərait yaradılıb. Babək rayonunun Zeynəddin kəndindən cəviz, badam, armud satmağa gətirmiş Qəndab Əliyeva bu şəraitdən razılıq edərək bildirib ki, məhsulunu satmaq üçün burada piştaxta və elektron tərəzi ilə təmin olunub. Satışdan da razıdır. Çünki hər kəs bu bayram günündə süfrəsinin bol olmasını istəyir.Digər satıcı Məhəmmədəli Məmmədov isə muxtar respublikanın Kəngərli rayonunun Xok kəndindən məhsul gətirib. Satdığı pendir, şor, yağ öz təsərrüfatındandır. Bildirib ki, bu cür yarmarkaların təşkili fərdi təsərrüfat sahiblərinə öz məhsullarını satmaq üçün hərtərəfli şərait yaradır. Hamı çalışır ki, yerli məhsul alsın, çünki yerli məhsullarımızın tamını heç nə ilə müqayisə etmək mümkün deyil.Bu fikirlərə Culfa rayonunun Bənəniyar kəndindən məhsul gətirmiş Tahir Əsgərov da qoşulub. Son bir neçə ildir Naxçıvan şəhərində təşkil olunan bayram yarmarkasına məhsul çıxaran T.Əsgərov deyib: "Naxçıvan şəhərində belə bir bayram yarmarkasının təşkil olunması həm bizim kimi torpaq mülkiyyətçilərinə, həm də alıcılara şərait yaradır. Artıq bir neçə ildir ki, halal zəhmətlə əldə etdiyim məhsulları satmaq üçün bura gətirirəm. Bu il də xeyli məhsul var. Bizə yaradılmış bu şəraitə görə dövlətimizə minnətdarlığımı bildirirəm".Yarmarkaya gələn Naxçıvan şəhərinin sakinləri də yaradılmış şəraitə görə razılıqlarını bildiriblər. Şəhər sakini Fətulla Şirzadov deyib ki, muxtar respublikanın müxtəlif yerlərindən yarmarkaya gətirilən məhsullar həm keyfiyyəti, həm də qiymətinin ucuzluğu ilə diqqət çəkir. Qeyd edib ki, neçə illər bundan əvvəl bayrama hazırlaşarkən xeyli çətinliklərlə üzləşirdilər: "Aldığımız məhsulların çoxu xarici ölkələrdən gətirilmiş məhsullar idi. Ancaq şükürlər olsun ki, indi hər kəsin istədiyi növdə və çeşiddə ala biləcəyi yerli məhsullar kifayət qədərdir. Naxçıvan məhsullarının isə dadına, tamına söz ola bilməz".Naxçıvan şəhərindəki mərkəzi bazarda təşkil edilmiş yarmarka martın 19-dək davam edəcək.
AZƏRTAC