İlaxır çərşəmbədir, o gətirir baharı,
Süfrələri bəzəyir xalqın sərvəti, varı,
Çiçək açır qəlblərdə hər kəsin arzuları.
Könüllər nəğmə deyər, sevinc bəzər üzləri,
Yaz gəlib, ay ellər, yurda yaz gəlib.
Günəş nur çiləyər, şəfəq saçılar,
Novruzgülü qönçələnər, açılar.
Hər tərəfdən nərgiz ətri qoxuyar,
Bülbül dilə gəlib, həzin oxuyar;
Yaz gəlib, ay ellər, yurda yaz gəlib.
Bənövşə üstündə jalə nur saçar,
Yemlikotu çiçəkləyər, gül açar.
Xarı bülbül vəcdə gəlib dil açar,
Qaranquşlar qol götürüb, qol açar,
Yaz gəlib, ay ellər, yurda yaz gəlib.
Dəyişər libasın çöllər, meşələr,
Başlayar dünyanın çiçək yağışı,
Günəş şəfəqilə nur, işıq çilər,
Çəkər təbiətə sevgi naxışı,
Yaz gəlib, ay ellər, yurda yaz gəlib.
Oyanar torpaq da qış yuxusundan,
Kol dibində bənövşələr gül açar.
Çıxar tutqun səma qış qorxusundan,
İldırım ötüşər, şimşək nur saçar,
Yaz gəlib, ay ellər, yurda yaz gəlib.
Gün doğar, kainat bürünər nura,
Al şəfəq bürüyər yeri, səmanı.
Xalqımız yetişər min-min uğura,
İsinər, torpağın qızışar canı,
Yaz gəlib, ay ellər yurda yaz gəlib.
Əriyib, süzülər Murovun qarı,
Qayalar bir boyda göyə ucalar,
Yaşıla bürünər Laçın dağları,
Qartal da fərəhdən güc, qüvvət alar,
Yaz gəlib, ay ellər yurda yaz gəlib.
Açılar üzlərin donu, qırışı,
Qaçqınlar qaydıb qurar alaçıq.
Süzülər göylərin sevinc yağışı,
Nəğmələr oxuyar xanəndə, aşıq,
Yaz gəlib, ay ellər yurda yaz gəlib.
Zəfərlər ilinin nurlu baharı,
Götürər qəlblərdən buludu, sisi,
Gül açar xalqımın xoş arzuları,
Qurular hər evdə şadlıq məclisi,
Yaz gəlib, ay ellər yurda yaz gəlib.
Oyanar Səxavət, oyanar, Şəmşir,
Dolanar ruhları toyda, mağarda.
Bəzər məclisləri Rəmişlə Qədir,
Təbrikə yığışar borçalılar da,
Yaz gəlib, ay ellər yurda yaz gəlib.
İndi vətən oğlu, sevin gül bir az,
Şadlıqlar gətirər bu bahar, bu yaz,
Çıxar əsarətdən torpaqlar, insan,
Sevincə qoşular Banu, Pənah xan.
Yaz gəlib, ay ellər yurda yaz gəlib.
Gülər Qarabağım, Ağdamım, Şuşam,
Ucalar göylərə qayalar yalçın,
Fərəh çiləndikcə torpağa, daşa.
Gülər Kəlbəcərim, Qubadlım, Laçın,
Yaz gəlib, ay ellər yurda yaz gəlib.
Ay işıq çiləyər, ulduz sayrışar,
Gülər ana torpaq, sevinci daşar,
Bulaqlar süzülər, su pıçıldaşar,
Dalğalar da həzin nəğmələr qoşar,
Yaz gəlib, ay ellər yurda yaz gəlib.
Gül də fərəhindən vəcdə gələrək,
Yayar hər tərəfə öz xoş ətrini,
Günəş bu sevincdən fərəhlənərək,
Çiləyər hər yana şəfəqlərini,
Yaz gəlib, ay ellər yurda yaz gəlib.
Müdrik rəhbərimdir, dayanıb öndə,
Yayır şəfəqini günəş də, gün də,
Onun ziyasıyla vətən mülkündə,
Dil açır torpaq da, daş dilə gəlir,
Yaz gəlib, ay ellər yurda yaz gəlib.
Gülər ana torpaq, sevinci daşar,
Toy libasın geyər yurd başdan-başa,
Vətən mülkü tamaşadır tamaşa,
Xəbər verim bütün dosta-tanışa,
Yaz gəlib, ay ellər yurda yaz gəlib.
Aydın İsmayılov,
təqaüdçü mühəndis