PDF Oxu

Sosial

  • 57

"Səbail gəncləri narkomaniyaya yox deyir!" mövzusunda tədbir keçirilib

"Səbail gəncləri narkomaniyaya yox deyir!" mövzusunda tədbir keçirilib

Səbail rayon icra hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyasının və rayon polis idarəsinin birgə təşkilatçılığı ilə rayonun bütün orta və ali təhsil ocaqlarında narkomaniya əleyhinə aylıq çərçivəsində ekspert və mütəxəssislərin iştirakı ilə maarifləndirici tədbirlər təşkil olunur. Dünən bununla əlaqədar paytaxtın mərkəzindəki 6 saylı tam orta məktəbin akt zalında Səbail rayon icra hakimiyyəti və rayon polis idarəsi rəhbərliyinin, ağsaqqalların, pedaqoji işçilərin, din xadimlərinin, ictimaiyyət nümayəndəlrinin, məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə növbəti tədbir keçirilib. Tədbirdə bildirilib ki, narkomaniya ilə mübarizə və onun profilaktikası vacib məsələlərdən olmaqla yanaşı, bu gün gənclərin formalaşması, onların sağlam böyüməsində ən mühüm amillərdən biridir.

Tədbiri Səbail rayon icra hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Səbail rayon komissiyasının sədri Eldar Ağayev açıq elan edərək rayonda yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərin qorunması üçün aparılan işlər barədə ətraflı məlumat verib, gənc nəslin savadlı, vətənpərvər ruhda boyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli olan işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Qeyd olunub ki, bəşəriyyətin gələcəyi üçün ən dəhşətli bəla olan narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynaması çox zəruridir. Bildirildi ki, 1996-cı ildə Ulu Öndər Heydər Əliyev tərəfindən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradıldı. Daha sonra qəbul edilmiş Fərmanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilərək bu sahədə dövlət siyasətinin strateji istiqamətləri dəqiq göstərilib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bu strateji kursu dövlətimizin əsas prioritetlərindən biri kimi davam etdirərək, narkomanlıqla mübarizədə müsbət nəticələrin əldə edilməsi məqsədilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nı təsdiq edib. Həmçinin, narkomaniyanın heç bir yaş sərhədi tanımayaraq cavanlaşmasını genefond üçün mühüm təhlükə olaraq bu qəbildən olan tədbirlərin keçirilməsində məqsədin cəmiyyətdə narkomaniya probleminin müzakirəsi və bu problemlə mübarizənin daha səmərəli yollarının araşdırılmasından ibarət olduğunu vurğuladı.

Eldar Ağayev rayonda narkomaniya probleminə qarşı mübarizə tədbirlərindən danışıb. Qeyd edib ki, narkomaniya ilə mübarizə və onun profilaktikası vacib məsələlərdən olmaqla yanaşı, bu gün gənclərin formalaşması, onların sağlam böyüməsində ən mühüm amillərdən biridir.

Səbail rayon polis idarəsinin rəis müavini, polis polkovniki Fizuli Hümbətov müasir dövrün ən qorxulu fəsadlarından olan narkomaniya, onun fəsadları barədə danışıb. Bildirib ki, bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizə bu gün aktual xarakter daşıyır. O, rayonda narkomaniyaya qarşı keçirilən tədbirlər, görülən profilaktiki işlər barədə məlumat veribdir.

Tədbirdə çıxış edən 6 saylı orta məktəbin direkroru, əməkdar müəllim Gülşən Orucova, Səbail rayon polis idarəsinin şöbə müdiri, polis polkovnik-leytenantı Anar Nağıyev, İçərişəhər "Cümə məscidi" dini icması sədrinin müavini Hacı Elşən, Səbail rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə şöbəsinin əməkdaşı, polis leytenantı Bəhram Qasımzadə və digərləri ölkənin hər yerində narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələr qoyduğunu qeyd ediblər. Bildiriblər ki, narkomaniya cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə dəyəri ölçülməyəcək qədər fəsadlar vurur. Çıxışlarda narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümyaəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamısının zəruriliyi vurğulanıbdır. Bildirilib ki, Səbail rayon polis idarəsi əməkdaşları tərəfindən 2015-ci il ərzində həyata keçirilmiş əməliyyat - axtarış tədbirləri nəticəsində rayon ərazisində, ümumilikdə aşkar olunmuş faktların sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 93-dən 57-dək azalmışdır. Aşkar edilmiş faktlar üzrə 13 kq 480 qram narkotik maddə götürülərək qanunsuz dövriyyədən çıxarılmışdır.

Tədbirdə yeniyetmələrə narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, dəyərli məsləhətlər verildi.

Sonra tədbir iştirakçılarının təklifləri dinlənilərək onları maraqlandıran suallar cavablandırıldı və narkomaniyanın fəsadları ilə bağlı film nümayiş etdirildi.

Ü.ƏSGƏROV

Digər xəbərlər