PDF Oxu

Sosial

  • 76

İsa Həbibbəyli: "Azərbaycanda "Məktəbəqədər təhsil haqqında" yeni qanun layihəsi hazırlanacaq"

İsa Həbibbəyli: "Azərbaycanda "Məktəbəqədər təhsil haqqında" yeni qanun layihəsi hazırlanacaq"

Azərbaycanda "Məktəbəqədər təhsil haqqında" yeni qanun layihəsi hazırlanacaq. Bu məqsədlə artıq yeni işçi qrup yaradılıb".

Bu barədə "SƏS" qəzetinə açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli bildirib ki, "Təhsil haqqında" qanuna görə, Azərbaycanda məktəbəqədər təhsil 3 yaşdan, 5 yaşdan isə məktəbəhazırlıq dövrü başlayır. Artıq məktəbəqədər təhsillə bağlı bir sıra ölkələrin təcrübələri öyrənilir." İ.Həbibbəyli onu da bildirib ki, qanun layihəsinin hazırlanması MM-in yaz sessiyasının gündəliyinə daxil edilib: "Layihənin ilkin variantının mayın ortalarına qədər hazırlanması planlaşdırılır. Əgər layihənin hazırlanmasını çatdıra bilsək, onu I oxunuş üçün də MM-in müzakirəsinə verə bilərik. Biz məktəbəqədər təhsilə dair əsas anlaylışları, yeni baxışları əlavə etməliyik. Layihə hazırlanarkən bu sistemin bütün mənzərəsi və prinsipləri nəzərə alınmalıdır.

İ.Həbibbəyli, həmçinin onu da əlavə edib ki, hazırda Azərbaycanda məktəbəqədər təhsil sahəsi Nazirlər Kabinetinin 2010-cu ildə təsdiqlədiyi "Məktəbəqədər təhsilin dövlət standartları və proqramı" və NK-nın 2012-ci ildə təsdiqlədiyi "Məktəbəqədər təhsilin nümunəvi nizamnaməsi" adlı sənədləri ilə tənzimlənir. Yeni layihədə həmin sənədlərin bir sıra müddəaları daxil ediləcək.

İ.Həbibbəyli vurğulayıb ki, "Təhsil haqqında" qanunun 2-ci fəslinin 18-ci maddəsi bütünlüklə məktəbəqədər təhsilə həsr edilib: "Lakin "Təhsil haqqında" qanun çərçivə qanunu olduğundan, orada məktəbəqədər təhsillə bağlı yalnız ümumi müddəalar-məktəbəqədər təhsilin əsas məzmunu, yaş həddi, əhatə dairəsi və s. öz əksini tapıb".

Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin yalnız dövlət, özəl və bələdiyyə tiplərinin olduğunu xatırladan komitə sədri qeyd edib ki, hazırda dünyada məktəbəqədər təhsilin müxtəlif tipləri - görmə, eşitmə, nitq qabiliyyəti zəif olan uşaqlar üçün xüsusi ixtisaslaşmış məktəbəqədər müəssisələri, korporativ, ailə tipli, internat tipli məktəbəqədər təhsil tipləri var.

İ.Həbibbəyli, həmçinin bildirib ki, məktəbəqədər təhsil müəssisələrinin tabeçiliyi və onların hansı orqanın tabeçiliyində fəaliyyət göstərməsi qanun predmeti deyil: "Azərbaycanda kimsəsiz uşaqlar üçün uşaq evləri var. Qanun layihəısində bu məsələ də öz həllini tapmalıdır".

R.HÜSEYNOVA

Digər xəbərlər